Bu vəzifəli şəxslərə cinayət işi açıldı

Baş prokuror Zakir Qaralov bugünkü müşavirədə prokurorluq orqanlarının keçirdiyi əməliyyatlar barədə statistik rəqəmləri açıqlayıb.

XALQ.AZ xəbər verir ki,  Z.Qaralov bildirib ki, 2018-ci ilin birinci yarımilində rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib: “Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş  51 milyon 194 min manat ziyandan istintaq müddətində 16 milyon 578 min manatın ödətdirilməsi təmin olunub, qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Hesabat dövründə özünü öldürmə və özünü öldürməyə cəhd faktlarına görə başlanılmış cinayət işlərinin ibtidai araşdırmasına prosessual rəhbərliyin və istintaqına nəzarətin gücləndirilməsi ilə bağlı görülmüş tədbirlər sayəsində bir neçə iş üzrə cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunub.

Xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 9 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 4-ü vəzifədən azad edilib”.

 

 

Orxan