Büdcədən kompensasiya ayrıldı Razim Məmmədov Ali məhkəmənin qərarın icra etmir

 

razim

Vətəndaş Xətai Rayon İcra Hakimiyyətini məhkəmə qərarını icra etməməkdə günahlandırır

Şöbə müdiri: “Bununla bağlı Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə müraciət edilib”

“Birinci instansiya məhkəməsi çox səhv edib belə qərar çıxarıb, Ali Məhkəmə ondan da böyük səhv edib qüvvədə saxlayıb”. Bakı şəhəri sakini Baloğlanova Pərvanə Əlihüseyn qızı bildirir ki, bu sözləri onun nümayəndəsinə Xətai rayon icra hakimiyyəti başçısının müavini Əzizov Teymur Məmməd oğlu deyib.

P. Baloğlanova məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib. Müraciətin Bizimyol.info-ya təqdim edilən surətində qeyd edilir ki, ona pul ödənilməsi ilə bağlı məhkəmə qərarı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən icra edilmir. “Məhkəmə qərarı olmasına baxmayaraq, o büdcədə pul olmadığını, heç kimin də cibindən çıxarıb Baloğlanova Pərvanəyə pul verməyəcəyini bildirərək, bir daha onları narahat etməməsini tapşırıb”.

P.Balaoğlanova yazır ki, 1988-ci ildə “H.Z.Tağıyev adına Toxucutikişsənaye Kombinatı” na işə qəbul olunub və kombinata məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 8, 1 saylı yataqxana, ev 8 ünvanında qeydiyyata düşərək yaşamağa başlayıb. 2007-ci il tarixdə order əsasında həmin otaq onun mülkiyyətinə verilmişdir. Qardaşı Baloğlanov Elxan Əlihüseyn oğlu 1993-cü il tarixdə Kəlbəcər uğrunda gedən döyüşlər zamanı həlak olub.

Lakin yaşadıqları yataqxana qəzalı vəziyyətə düşməsi ilə əlaqədar baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 avqust 2014-cü il tarixli 248s saylı sərəncamı ilə həmin yataqxanada yaşan sakinlərin kompensasiya verilməklə köçürülməsi qərara alınmışdır. Köçürülmə zamanı Baloğlanova Pərvanə Əlihüseyn qızına bildirilib ki, bir ailə üçün nəzərdə tutulmuş 45000 (qırx beş min) manat məbləğində pulun yarısını almaq şərti ilə yataqxanadan çıxarılacaqlar. Ayırılmış həmin məbləğ Baloğlanova Pərvanə Əlihüseyn qızını qane etmədiyindən və Nazirlər Kabinetinin 14 avqust 2014-cü il tarixli 248s saylı sərəncamında nəzərdə tutulmuş 113 ailənin yalnız 45000 manat məbləğində kompensasiya ödənilməklə yataqxanadan köçürülməsi nəzərdə tutulduğundan Xətai rayon İcra Hakimiyyəti ilə sakinlər arasında mübahisələr yaranıb.

Bununla əlaqədar Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət etsələr də, Nazirlər Kabinetinin sərəncamında bu cür hallar nəzərdə tutulmadığından müraciətlərinin baxılmasının imkan xaricində olması vurğulanıb, məhkəməyə müraciət etmələri tövsiyyə edilib. Həmçinin bildirilib ki, əgər birinci instansiya məhkəməsi onların hüquqlarını tanıyarsa, qalıq məbləğ onların hesabına köçürüləcək.

Belə olan halda Baloğlanova Pərvanə Əlihüseyn qızı 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək, qalıq 22500 manat məbləğin ona verilməsi öhdəliyinin Xətai Rayon İcra Hakimiyyətinin üzərinə vəzifə kimi qoyulmasını xahiş edib. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi 23 may 2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilib, lakin cavabdeh həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi 27 dekabr 2016-cı il tarixdə şikayəti təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Belə olan halda cavabdeh Xətai rayon İcra Hakimiyyəti həmin qərardan kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikasının Ali Məhkəməsi 16 may 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətini də təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır.

Lakin bu günə kimi Məhkəmənin qərarı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən icra edilmədiyindən dəfələrlə, o cümlədən 25 sentyabr 2017-ci il tarixdə etibarnamə üzrə nümayəndə Məmmədova Yeganə Bayram qızı və Baloğlanova Pərvanə Əlihüseyn qızı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətində qəbulda olan zaman İcra başçısının müavini Əzizov Teymur Məmməd oğlunun qəbulunda olub. Görüşdə isə yuxarıda qeyd edilən münasibətlə qarşılaşıb.

“Halbuki həmin yataqxananın sökülməsi üçün 2014-cü ilin dövlət büdcəsinin Ehtiyat Fondundan bank xidmətləri də daxil olmaqla, Xətai Rayon İcra Hakimiyyətinə 5.360.425 manat məbləğində vəsait ayrılmışdır. Belə olan halda həmin pulların kimə və hansı məqsədlə xərclənməsi sualı ortaya çıxır. 113 ailə üçün nəzərdə tutulan hər bir ailəyə veriləcək 45000 manat məbləğində vəsaitin 22500 manatını verib, digər qalıq məbləğin kim və hansı səbəbdən mənimsənilməsinin araşdırılmasına ehtiyac vardır.

Buna görə də, yuxarıda göstərilənlərə əsasən sizdən xahiş edirəm, qeyd edilən məsələ ilə bağlı araşdırma aparılması, həmin araşdırmaya nəzarəti üzərinizə götürərək, işin ədalətli və təxirə salınmadan araşdırılması, mənə çatacaq kompensasiyanı mənimsəmiş şəxslərin qanun qarşısında məsuliyyətə cəlb edilməsi barədə göstəriş verəsiniz” – P.Baloğlanova müraciətində yazır.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İH-nin ictimai-siyasi şöbəsinin müdiri Pənah İmanov belə bir məhkəmə qərarının olduğunu təsdiqlədi. Onun sözlərinə görə, sözügedən yataqxana qəzalı vəziyyətdə olduğuna görə Nazirlər Kabinetinin müvafiq qərarı ilə söküləcək. “Orada yaşayanlara kompensasiya olaraq otağa 45 min manat birdəfəlik maddi yardım ayrılır. Pərvanə Baloğlanova otaqda başqa bir qadınla birgə yaşayıb. Məbləğ otağa ayrıldığına görə ikisinin arasında bölünüb və hər birinə 22500 manat düşüb. P.Baloğlanova narazı olduğu üçün məhkəməyə müraciət edib və məhkəmə də ona 45 min manat ayrılması ilə bağlı qərar çıxarıb. Bununla bağlı maliyyə isə icra hakimiyyəti tərəfindən deyil, Nazirlər Kabinetinin qərarına əsasən Maliyyə Nazirliyi tərəfindən ayrılır. Bizim tərəfimizdən həm apellyasiya, həm də kassasiya şikayəti verilib. Ancaq hər iki instansiya qərarı qüvvədə saxlayıb. Buna görə də Xətai Rayon İcra Hakimiyyəti öz səlahiyyəti çərçivəsində bütün tədbirləri görüb və məsələ ilə bağlı Maliyyə Nazirliyinə məktub yazılıb. İndi onların cavabını gözləyrik. Hansı formada cavab veriləcəksə, icra orqanı olaraq Xətai Rayon İcra Hakimiyyəti də müvafiq addımları atacaq” – deyə şöbə müdiri bildirib.

Scroll to top