İxracımız artırmağa başlamşıq

“Bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur”.

XALQ.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Yeni AzərbaycanPartiyasının (YAP) VI qurultayında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik: “Növbəti illərdə bu istiqamətdə əlavə addımlar atılacaq. Deyə bilərəm ki, son iki il ərzində çox ciddi iqtisadi islahatlar aparılıb, əvvəlki illərdə də olub. Ancaq son iki il ərzində daha fəal və daha səmərəli islahatlar aparılıb. Bu islahatlar imkan verdi ki, biz ağır vəziyyətdən, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxa bilək və çıxmışıq da. Bu gün ölkə iqtisadiyyatı öz templərini artırır. Növbəti illərdə islahatlar mütləq davam etdiriləcəkdir. İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıbdır, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir”.

Dövlət başçısının sözlərinə görə, ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər – qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək: “Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaqdır. Deyə bilərəm ki, bu siyasət artıq öz nəticəsini vermişdir. Keçən ilin iqtisadi göstəriciləri göstərdi və sübut etdi ki, biz düzgün yoldayıq”.

Millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov XALQ.AZ -a açıqlamasında bildirib ki, həqiqətən də 2016-2017-ci illər dünya iqtisadiyyatı nə qədər ağır olsa da Azərbaycan prezidenti tərəfindən siyasi və iqtisadi islahatlar həyata keçirilib:

“İqtisadi islahatlardan xüsusi olaraq qeyd etmək istərdim ki, 2016-cı ilin dekabrında cənab prezident Strateji Yol Xəritəsini təsdiqlədi və Azərbaycanın 2020-2025-ci illər üçün iqtisadi strategiyasını yenilədi. Buna uyğun olaraq da Azərbaycanda ciddi islahatlar həyata keçirilməyə başlandı. Məhz onun nəticəsidir ki, 2017-ci ilin yekunlarına görə, idxal kəskin azaldı və ixracımızı artırmağa başladıq. Bunun nəticəsində də ticarət hesabında 6 milyard ABŞ dollarından çox müsbət saldo yaranıb. Yəni bu aparılan islahatların nəticəsidir və Sumqayıtda, Mingəçevirdə, Neftçalada, İmişlidə, Sabirabadda və s. sənaye zonalarının yaradılması ilə bağlı sərəncamlar verilib. Bir sıra sənaye zonaları istifadəyə verilib, bəzilərinin tikintisi davam etdirilir. 30-dan çox aqro-firmalar tikilib, istifadəyə verilib, bu da kənd təsərrüfatı məhsullarının ixracı üçün stimul yaradıb. Cənab prezidentin dediyi kimi çox böyük işlər görülüb, davam edir.

Digər tərəfdən neft məsələsinə gəldikdə isə, bildiyiniz kimi neft sahəsində müəyyən qədər azalmalar var. Bu da neftin daimi olmaması, cənab prezidentin dediyi kimi, qeyri-neft sektorunun istehsalını artırmaq ve neftsiz bölgənin imicini daha da genişləndirməyə nail olmaq üçün islahatlar həyata keçirilir. Azalmalar olduğu və neftin qiyməti artsa da, müəyyən tərəddüdlər olsa da cənab prezidentin göstərişi ilə o sahədə də müəyyən qədər qüvvəllər səfərbər olmalı və istehsalı müəyyən qədər ayaqda saxlamağa çalışılılmalıdır”.

RƏSUL

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir