Buraxılış imtahanlarının nəticələri açıqlandı

İyunun 21-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (9 və 11-ci sinif) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.
XALQ.AZ qurumun mətbuat xidmətinə istinadən bildirir ki, DİM tərəfindən bu imtahanlarda iştirak edən 62916 şagirdin və psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında buraxılış imtahanlarından azad edilmiş 723 şagirdin ümumi orta və tam orta təhsil səviyyələrində yekun attestasiyası aparılıb. Dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri “Şagird-məzun” sisteminə daxil edilib.
Qeyd edilən məzunların bitirdiyi ümumtəhsil müəssisələri dövlət nümunəli təhsil sənədlərinin verilməsi üçün Təhsil Nazirliyinə müraciət edə bilərlər.
Qeyd edək ki, hazırda Mərkəz tərəfindən iyunun 27-də keçirilən buraxılış imtahanlarında iştirak etmiş şagirdlərin yekun attestasiyasının aparılması işi davam edir. Yekun qiymətlər tezliklə “Şagird-məzun” sisteminə daxil ediləcək.