Bütün rayonlarında hibrid enerji stansiyaları quraşdırılacaqdır

 

0

2020-ci ildə Azərbaycanın enerji istehsalında alternativ enerji mənbələrinin payı 20 faiz olacaqdır.
AzərTAc xəbər verir ki, bunu jurnalistlərə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov söyləmişdir.
A.Bədəlov demişdir ki, Azərbaycan Avropa İttifaqının (Aİ) “20-20-20” direktivinə tərəfdar çıxmışdır. Direktivin tələblərinə əsasən, 2020-ci ilədək Aİ ölkələrində alternativ və bərpa olunan enerji mənbələrindən istifadə etməklə enerji istehlakının payının 20 faizə çatdırılması, enerji səmərəliliyinin 20 faiz artırılması və istixana qazlarının emissiyasının 1990-cı il səviyyəsindən 20 faiz azaldılması öhdəlikləri müəyyən olunmuşdur.
A.Bədəlov bildirmişdir ki, yaxın gələcəkdə ölkənin 10 rayonunda hibrid stansiyası quraşdırılacaqdır. Naxçıvan, Gədəbəy, Qax, Neftçala və digər rayonlarda “ağıllı şəbəkə”li stansiyalar olacaqdır. Sumqayıtda isə mərkəzi idarəetmə sistemi yaradılacaqdır.
2020-ci ilədək Azərbaycanın bütün rayonlarında hibrid stansiyaların yaradılması nəzərdə tutulmuşdur. Bu stansiyalar əhalinin həm elektrik, həm də istilik tələbatını ödəyəcəkdir.
Hibrid stansiyalarından əldə olunan enerjiyə xərclənən vəsaitin hesabatı ictimaiyyətə açıqlanacaqdır. Alternativ enerjinin əldə olunmasına xərclənən vəsaitə görə Agentlik cavabdehlik daşıyır.