Cəbrayıl mədəniyyət evində talanan dövlət büdcəsi

Cebrayil

Sənədlərə görə Cəbrayıl sakinlərinə hazırda 31 kitabxana, 18 klub, 1 mədəniyyət evi, 1 muzey və 3 uşaq musiqi məktəbi mədəni xidmət göstərir və bu müəssisələrdə 250-dən artıq işçi çalışır.

Amma faktiki olaraq bu kitabxana və klubların heç biri yoxdur.

XALQ.AZ xəbər verir ki, son zamanlar Mədəniyyət və Turizm Nazirliyinin rayonlardakı filiallarının korrupsiya faktlarıilə bağlı PİA.AZ-a davamlı olaraq məlumatlar daxil olmaqdadır. Maraqlıdır ki, uzun illər boyu rayon və kəndlərdə yüzlərlə klublar və kitabxanalar ancaq sənəddə fəaliyyət göstərir və «fəaliyyətə» görə hər il bu sahəyə milyonlarla manat dövlət vəsaiti sərf olunur. Ayrılan vəsaitlərin demək olar ki, 80 faizi elə rayon Mədəniyyət və Turizm şöbələrinin rəhbərləri tərəfindən mənimsənilir. Mənimsəmə hallarında istər icra hakimiyyətləri, istərsə də, Mədəniyyət və Turizm Nazirliyinin məsul şəxsləri iştirak edirlər.

Bu barədə xəbər Biləsuvarda məskunlaşan Cəbrayıl rayonu sakinlərindən daxil olub. Daxil olan məlumatda göstərilir ki, rayon Mədəniyyət və Turizm şöbəsi sözün həqiqi mənasında korrupsiyanın girdabındadır. Belə ki, məlumata əsasən Cəbrayıl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Kamran Quliyev rayon icra başçısı Mahmud Quliyevə arxalanaraq rəhbərlik etdiyi təşkilatın hesabına ildə külli miqdarda vəsait mənimsəyir.

Bildirilir ki, sənədlərə görə Cəbrayıl sakinlərinə hazırda 31 kitabxana, 18 klub, 1 mədəniyyət evi, 1 muzey və 3 uşaq musiqi məktəbi mədəni xidmət göstərir və bu müəssisələrdə 250-dən artıq işçi çalışır. Amma faktiki olaraq bu kitabxana və klubların heç biri yoxdur. Buna baxmayaraq hər il olmayan klub və kitabxanalara vəsait ayrılır, işçilər maaş alır və cari «təmirlər» aparılır, avadanlıqlar və inventarlar alınır. Bütün bu alqı-satqı, təmir işləri isə ancaq sənədlərdə həyata keçirilir. Ayrılan vəsait sadəcə nəqdləşdirilərək mənimsənilir. 250-dən artıq işçinin isə 80 faizinin «ölü can» olduğu bildirilir.

Daxil olan məlumatda göstərilir ki, Kamran Quliyevin həyata keçirdiyi maliyyə maxinasiyalarında icra başçısı Mahmud Quliyevin öz payı var. Çünki adı olub özü olmayan kitabxanaların, klublara vəsaitlər birbaşa icra başçısının təlimatı ilə ayrılır. Bir çox kitabxanalarda, klublarda işləyən şəxslərin sadəcə adları var və onların adına yazılan əmək haqqıları şöbə müdirinin cibinə gedir.

Qeyd olunur ki, kağız üzərində olan klublarda elə həmin kağız üzrəində də dərnəklər «fəaliyyət» göstərir. Bu dərnəklərin fəaliyyətinə ayrlıan vəsaitlər isə rayon maliyyə idarəsinin müdiri ilə Kamaran Quliyev tərəfindən bölüşdürülür.

Məlumatda qeyd olunur ki, Kamran Quliyevin kağız üzərində fəaliyyətindən əldə olunan gəlirlərdən icra başçısı Mahmud Quliyevin payı 50 faizdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…