Cəmil Həsənli açıq-aydın saxtakardır

005

Seymur Orucov: “Müxalifət Azərbaycan dövlətini, millətini heç kimlə səhv salmasın” 

 

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucovun SƏS TV-yə müsahibəsi:

 – Seymur müəllim, son 10 il ərzində YAP-ın namizədi, cənab Prezident İlham Əliyev tərəfindən gənclər sahəsində əldə olunan uğurlar haqqında nələri söyləmək olar?
– Ümumiyyətlə, son 10 il ərzində Azərbaycan gəncliyi, artıq öz qızıl pilləsinə çatıb. Belə ki, bütün bu sahədə çalışan və əziyyəti keçən insanların əməyi birmənalı şəkildə qiymətləndirilir. Bu istər fəxri adlardan tutmuş mühüm vəzifələrdə gənclərin irəli çəkilməsində, istər ölkədə gedən ictimai-siyasi proseslərdə gənclərin iştirakında, istərsə də gənclər təşkilatlarının maddi-texniki bazasının güclənməsi və onların daha çox xaricdə təşkilatlanması ilə bağlı mühüm nailiyyətlərdə özünü göstərir. Təbii ki, bu nailiyyətlərin əldə edilməsi, bütün bu işlərin həvəsləndirilməsi və təşkili dövlət başçısı İlham Əliyevin aparmış olduğu gənclər siyasətinin məntiqi nəticəsidir. Bu gün artıq Azərbaycan gəncləri Avropada, eləcə də dünyanın bir çox dövlətlərində təhsil almaqla yanaşı, ölkəmizin diaspora siyasətini həyata keçirirlər. Bu da onu göstərir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan vətənpərvərlik duyğularının gənclərə aşılanması siyasəti, artıq öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycanla bağlı hər hansı qərəzli məqalə və yaxud material dərc olunursa, buna dövlətdən əvvəl ilk öncə gənclərimiz reaksiya verirlər. Bu çox mühüm məsələdir ki, gənclər dövlətlərinə bu qədər bağlıdırlar. Bundan əlavə, artıq gənclər üçün bir çox qeyri-hökumət təşkilatları (QHT) fəaliyyət göstərməyə başlayıb. Təbii ki, onların sayı son 10 il ərzində (200-300 dəfə) dəfələrlə artıb. Cənab Prezident İlham Əliyevin biz gənclərə olan hədiyyəsi Gənclər Fondunun təsis edilməsi oldu. Həmin Fondun yaradılması həm maddi, həm də siyasi cəhətdən çox mühüm addımdır.
Digər tərəfdən, Azərbaycan gənclər ölkəsi olmaqla yanaşı, idman ölkəsi kimi də tanınmağa başlayıb. Bizim dünya ölkələrində keçirilən yarışlarda əldə etdiyimiz nailiyyətlər onu göstərir ki, Azərbaycanda artıq gənclər siyasətinin bir qolu olan idman siyasəti də öz məntiqi bəhrəsini verməkdədir. Əgər biz o qızıl medalların tendensiyasına baxsaq, bunun yüksələn xətt üzrə inkişaf etdiyinin şahidi olarıq.
Bundan əlavə, gənclərin təhsili ilə bağlı qəbul edilən Dövlət Proqramı nəticəsində Azərbaycan gənclərinin Avropada, dünyanın bir çox dövlətlərinin məşhur universitetlərində təhsil alaraq oranın yeniliklərini, biliklərini öyrənərək ölkəmizdə tətbiq etməyə başlamaları Azərbaycanın bugünkü inkişafının gələcək fəaliyyətinə zəmin yaratdığını göstərir. Ölkəmiz artıq cənab Prezidentin apardığı siyasətlə 3-5 illik proqramlar deyil, 50-100 illik proqramlar qəbul etməyə başlayıb. Bu gün Azərbaycanda gənclərin təhsili üçün bir çox sahələrdə – nəinki xaricdə təhsil proqramı, eləcə də daxildə də yeni-yeni Ali məktəblərin inşası, xüsusilə spesifik müəyyən ixtisaslar üçün universitetlərin, akademiyaların təsis edilməsi onu göstərir ki, ölkə başçısı Azərbaycanda təhsilə çox böyük diqqət yetirir.
– ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı 1 nömrəli aralıq hesabatı yayıb. Həmin hesabatda qadın namizədin irəli sürülməməsi, seçki komissiyalarının təşkili formulası və s. ilə bağlı iradlar yer alıb. Bu barədə siz nə düşünürsünüz?
 – Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Təşkilatının (ATƏT) ən böyük məqsədlərindən biri bütün dövlətlərdə əməkdaşlığı və tərəfdaşlığı gücləndirmək olmalıdır. Eləcə də bu təşkilatlar ölkələrin bir-biri ilə (beynəlxalq konvensiyaların tətbiqi, insan hüquq və azadlıqları, mətbuatla bağlı və s.) daha sıx əməkdaşlıq etməsini təmin edən qərarlar verməlidir. Bu təşkilat guya sivil missiyanı həyata keçirmək üçün qurulub. Əgər biz onun sənədlərinə, nizamnaməsinə və əsasnaməsinə baxsaq görərik ki, bunların hər biri mələklər carçısından xəbər verir. Lakin reallıqda ATƏT-in hər zaman qərəzli mövqe tutması hamıya məlumdur. İndi həmin təşkilat artıq ikili standartlardan çıxaraq, üçlü-dördlü standartlara yer verməyə başlayıb. Azərbaycan dövləti heç vaxt nöqsansız işlədiyini deməyib. Bəli, kiçik nöqsanlar ola bilər və bu da öz həllini tapacaq. Ancaq qara yaxmaq, şər atmaq və yaxud Azərbaycanı Mozambik dövlətindən də aşağı səviyyədə tutmaq həmin təşkilatların özlərinə olan etibarın itirilməsinə xidmət edir. ATƏT güclü Azərbaycan və yaxud azad seçki keçirən Azərbaycan görmək istəmir. Çünki, artıq ölkəmizdə kifayət qədər dünyadakı standartlara cavab verə biləcək seçkilər təşkil olunur. İldən-ilə bu seçkilər təkmilləşdirilməkdədir. Bu istər İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) seçkiyə tətbiqi ilə bağlı olsun, istər təşkilatı məsələlərlə, istərsə də onun hüquqi tərəfləri ilə bağlı olsun hesab edirəm ki, biz artıq kifayət qədər təcrübəli seçkiləri təşkil edən dövlətə çevrilmişik. Biz artıq müstəqillik tariximizdə xeyli sayda prezident, parlament, bələdiyyə seçkiləri həyata keçirmişik. İqtidar partiyasının gənclər təşkilatının üzvləri sosial şəbəkələrdə daha aktivdirlər. Bu gün bizi müxalifət səhifələri, eləcə də müxalifətdə olan gənclər artıq tənqid yox, təhqir edirlər. Burada müxalifətçilər iqtidar gənclərindən olan xanımlara Azərbaycanın etik normalarına uyğun olmayan nalayiq şərhlər yazırlar. Əgər seçki azadlığı yoxdursa, bunlar necə baş verə bilər? Bu gün Azərbaycanda hansı qəzet istədiyi məlumatı çap etdirə bilmir? Hətta ölkəmizin məmurlarına qarşı belə ümummilli maraqlara zidd məqalələr çap olunur. Bu mənada hesab edirəm ki, onların heç bir zaman nüfuzu olmayacaq. Məhz ATƏT-də müxalifətlə əməkdaşlıq etməyə üstünlük verir və onların informasiya mənbələrinə istinad edirlər. Hətta onların qadın namizədlərinin irəli çəkilməməsi ilə bağlı söylədikləri fikirlərin hər biri ağ yalana hesablanıb. Bu gün Azərbaycan qadını istər cəmiyyətdə, istərsə də siyasətdə, mərkəzi icra hakimiyyəti orqanlarında kifayət qədər seçilirlər. Azərbaycanda xeyli sayda təhsil müəssisəsi rəhbərləri var ki, onların əksəriyyəti qadınlardır. Ölkənin Milli Məclisində olan qadınların nisbəti Avropa ölkələri parlamentlərinin bir çoxundan üstündür. Tək Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi sədrinin üç müavini qadındır. Hətta bizim regionlarda partiyanın gənclər təşkilatları sədrlərinin əksəriyyətini də qadınlar təşkil edir. Onlar kifayət qədər ictimai fəaliyyətə cəlb olunurlar. Əgər ATƏT insan hüquqlarından danışırsa, getsin Serbiya, Bosniya və Hersoqovina, Ruminiya, Moldova və bizə düşmən olan Ermənistanla mübarizə aparsın və qərarlar qəbul etsin. Bu gün Misirdə, Suriyada insan haqları kobud şəkildə pozulur. Hesab edirəm ki, ATƏT birmənalı olaraq fikirləşir ki, əgər ağ yalanları yaxmasa, bəlkə də onun fəaliyyətinin heç bir əhəmiyyəti qalmayacaq. Ümumiyyətlə, bütün beynəlxalq təşkilatlar onu bilməlidirlər ki, Azərbaycan xalqının lideri var və hər kəs onun ətrafındadır. Bu mənada hesab edirəm ki, heç bir beynəlxalq qurum bu və ya digər şəkildə təzyiq edərək, bizi getdiyimiz yoldan döndərə bilməyəcək. Biz o təşkilatlara üzümüzü tutub deyirik ki, Azərbaycanla bağlı sizlərin qəbul etdiyiniz qərarların heç bir əsası yoxdur.
– “Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin yeni bir pəstəhası meydana çıxıb. Bəlli olub ki, o, pensiyaya pensiya yaşından tez çıxıb və bununla bağlı əldə etdiyi sənəd də özü kimi qondarmadır. Bu haqda nə deyə bilərsiniz?
– Həmin insanların bu cür hərəkətləri bizə bir azərbaycanlı kimi mənfi təsir göstərir. Bu onu göstərir ki, “Milli Şura”nın lideri Rüstəm İbrahimbəyov kimi, bu şuradan namizədliyi irəli sürülmüş Cəmil Həsənli də açıq-aydın saxtakardır. Bu insan üçüncü qrup əlil olaraq az işdə işləməlidir. Bildiyiniz kimi, əgər hər hansı bir məmurun, müəllimin işləmə saatı bəllidirsə, cənab İlham Əliyevin heç iş saatının limit qrafiki də yoxdur. Çünki, o hər zaman işləyir və çalışır. Guya ki, Cəmil Həsənli hələ bunların qaymaqlarıdır. Əgər müxalifət adlandırdığımız insanların içində prezidentliyə namizəd saxtakardırsa, axı bunlarla hansı yola çıxmaq olar? Məhz onların bu hərəkətlərinə görə də onların yanında heç bir kütlə yoxdur. Onlar artıq Azərbaycanın düşmənlərinə belə dost deyib, onlardan dəstək almaq istəyirlər. Eləcə də beynəlxalq təşkilatlardan müəyyən dərəcədə dəstək alaraq ölkəmizdə fəaliyyət göstərmək çox gülüncdür. Ölkə başçısını xalq seçir. Dövlət rəhbəri seçki yolu ilə seçilir. İnsanların səsvermə hüququ var. Bu insanlar isə kiminsə köməyi ilə hakimiyyətə gəlmək istəyirlər. Müxalifət Azərbaycan dövlətini, millətini heç kimlə səhv salmasın.