Cəmil Həsənli dövlətdən iş istəyir, ona bir iş vermək lazımdır

64

 

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevin Publika.Az-a müsahibəsi:

-Son günlər bir sıra KİV-də məlumatlar yayılıb ki, general Bəylər Əyyubovun həbs edilən qohumları Osman və Sultan İsayevlərə Xətai Rayon Məhkəməsində hökm oxunub. Bəylər Əyyubovun qohumu olan bir şəxs kimi bu məlumatlardan məlumatınız varmı?

-İlk növbədə onu deyim ki, Bəylər müəllim bu cəmiyyətə və dövlətə xidmət edir. İnanın ki, mən onu yaxından tanıyan bir adam kimi deyə bilərəm ki, o kişinin bu işlərdən xəbəri yoxdur. Bəylər müəllim belə şeylərə çox pis baxır. Bəylər Əyyubov çox saf və pak bir adamdır.

İnanın ki, Robert Əyyubov barədə deyilən söz-söhbətlər d’ şayədir. Kimlərsə onun adını tez-tez hallandırır. Azərbaycan xalqı kimi mənim də, Robertin də qəlbində prezident İlham Əliyevə sevgi var. Roberti Polad Alemdar kimi təqdim etmək doğru deyil. Bu barədə irəli sürülən iddialar və yazılar cəfəngiyatdır. Onu da deyim ki, hazırda Robert müalicə olunur. Robert idmançı olduğu üçün əlinin baş barmağı zədələnib. Ona görə də müalicə olunur.

Digər tərəfdən isə Robert harın adam deyil. Robertin atası var idi, adı da İslam idi. Allah rəhmət etsin! O çox xeyirxah kişi olub, hamının xeyr-şərində iştirak edib.

-Milli Şuranın prezidentliyə namizədinin də adı bəlli olub. Bu, sizinlə keçmişdə deputat həmkarı olan Cəmil Həsənlidir. Onun namizədliyinə necə baxırsınız?

-Cəmil Həsənli çox sadə və mədəni insandır, çox yaxşı adamdır. Balamın canına and içirəm ki, Cəmil Həsənlini qızışdırıb oyuna salıblar. Onu oyuna salanlar Əli Kərimli və İsa Qəmbər kimilərdir. Əgər belə hünərləri var idisə, özləri namizədliklərini verəydilər də. Nə üçün geri çəkildilər? İndi Cəmil Həsənlini qabağa veriblər. Cəmil Həsənli sadə, yazıq və xəstə adamdır. O, pis adam deyil. Cəmil Həsənli müxalifət deyil. O, sadəcə şikayətçidir. Cəmil Həsənli dövlətdən iş istəyir. O, professor adamdır, ona bir iş vermək lazımdır. Onu yola gətirmək çox asandır. Allah rəhmət etsin! Bu yaxınlarda onun övladı da rəhmətə getdi. Ona iş verilsəydi, heç gedib bu adamlara da qoşulmazdı.

Mən sizə bir misal çəkim. İndi Daşkəsən rayonunda Dəstəfur kəndi var. Bu kənd sürət Hüseynovun kəndi kimi tanınır. Bu kənddən olan bir qrup adam o vaxtı bilmədən Sürət Hüseynova qoşulub gedib yeyib-içiblər. Ancaq axırda bu adamları tutub etdikləri əməllərə görə həbs ediblər. İndi etdiklərindən çox peşmandırlar. İndi deyirlər ki, kaş o vaxtı Sürət Hüseynovla o arağı içməyəydik, o kababı yeməyəydik! İndi Cəmil Həsənlinin də başına gələnlər sanki buna bənzərdir.

Cəmil Həsənlinin Fərhad Əliyevin qohumu olmasının isə buna heç bir təsiri yoxdur. Fərhad Əliyevin özü içəridən qışqırır ki, mən İlham Əliyevə səs verəcəm. Kim nə deyirsə desin, bu seçki çox gözəl və şəffaf keçəcək. Vicdanıma and olsun ki, bu seçki tarixi bir gün olacaq.

-Ümumiyyətlə, Milli Şurada gedən son proseslərə münasibətiniz necədir?

-Əgər yadınıza gəlirsə, mən hələ bir neçə ay əvvəl demişdim ki, Rüstəm İbrahimbəyov bu adamları axırda qoyub qaçacaq. Bunlar da yiyəsiz adam kimi qalacaqlar. İndi mən deyənlər reallaşır. Nəticə göz qabağındadır. Hələ baxarsız, müxalifətin özü də prezident İlham Əliyevə səs verəcək. Mən bunu sənə deyirəm. Əgər müxalifət səs verməsə, o zaman mən kişi deyiləm.

-Bu il keçiriləcək prezident seçkilərində 2003-cü ildəki kimi “məmur xəyanəti”nin olması ehtimalı nə qədərdir?

-Qəti belə hərəkətlər ola bilməz. İndi elə bir mafioz qüvvə, cinayətkar şəbəkə və qarşıdurma yoxdur. İndi prezident İlham Əliyevin yüksək səviyyədə tərəfdarları var. Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının qəlbində sevilir və bu sevgi əbədidir. İndi Azərbaycanda prezident İlham Əliyevin əleyhinə olan heç bir cinayətkar və mafioz qüvvə yoxdur. İnanın ki, hansısa yerdə buna cəhd olsa belə, həmin yerlərdəki camaatın özü o cür adamları cəzalandırar. Bu cür hərəkətləri ancaq xəyanətkar, düşmən, qanında erməni qanı olan, erməni ilə əlaqəsi olan edə bilər. Azərbaycanlı heç vaxt belə şeyə getməz. Azərbaycanda kiminsə hansısa məmurdan şikayəti varsa, gedib onu məhkəməyə verə bilər və qanun da bu barədə qərar qəbul edər.

-Bir sıra rayon və şəhər icra başçıları ilə sahibkarlar arasında narazılıqlar yaranıb. Bəs sizin rayonda vəziyyət necədir?

-Mən qəti şəkildə bu fikrin əleyhinəyəm. Əvvəla, istənilən sahibkar istəyir ki, daha çox pul qazansın. Kimsə adını sahibkar qoyub qanunsuz işlərlə məşğul olursa və icra başçısı bunu görüb qarşısını alırsa, bunu başqa tərəfə yozmaq doğru deyil. İcra başçısı rayona cavabdeh şəxsdir. Bəzən görürsən ki, sahibkar icra başçısının kadr işinə müdaxilə edir. Səbəbini soruşanda isə tutarlı cavabı olmur. Sahibkar icra başçısının işinə müdaxilə etməməlidir. Qanun və qanunun aliliyi var. Rayon icra başçısı da prezidentin sərəncamı ilə təyin olunan şəxsdir. Hansısa sahibkar gəlib rayonda “ikinci dövlət” yaratmaq, özbaşınalıq, zorakılıq etmək və hər hansı ərazini qanunsuz hasarlamaq istəyirsə, bunun qarşısı alınmalıdır. Bu cür hərəkətlər qanunla da yolverilməzdir. Ağıllı icra başçısı heç vaxt bu cür hallara yol vermir. Bizim rəhbərimiz və bizə diqqət göstərən dövlət başçısıdır, biz də onun verdiyi tapşırıqların yerlərdə icraçısıyıq. Biz dövlət başçısından və Prezident Administrasiyasından tapşırıq ala bilərik, hər hansı sahibkardan yox. Daşkəsəndə də qanunla işləyən sahibkara hər zaman dəstək var. Hazırda rayonda xeyli sayda quruculuq-abadlıq və tikinti işləri həyata keçirilir, yeni avtovağzal və İcra Hakimiyyəti binası inşa olunur. Həmçinin, dağ yeri olan Daşkəsəndə 29 5 mərtəbəli binalar tikilib. Bundan əlavə, Daşkəsəndən işğal olunmuş Azərbaycan ərazisi olan Kəlbəcərə 31 kilometrlik asfalt yol çəkilir. İnşallah, ən yaxın zamanlarda prezident İlham Əliyevin rəhbərliyi ilə biz həmin yolla işğal olunmuş ərazilərə, o cümlədən Kəlbəcərə geri qayıdacağıq. Hazırda biz buna hazırlaşırıq. Biz çalışırıq ki, müharibə azərbaycanlılar olan tərəfə deyil, düşmən olan tərəfə düşsün.

-Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsi vəziyyətlə bağlı tənqidi hesabat və rəylər yayırlar. Buna münasibətiniz necədir?

-Bu təbiidir və belə də qarşılanmalıdır. Azərbaycanda dövlətin mənbəyi xalqdır və prezidenti də xalq dəstəkləyir. Namizədə səs verib onu prezident seçən xarici deyil, Azərbaycan vətəndaşıdır. Burada xaricin öz maraqları var. Bir sıra xarici qüvvələr Azərbaycanda iğtişaşlar törətmək və öz namizədlərini hakimiyyətə gətirmək istəyirlər. Ancaq onların bu istəyi yuxudan savayı bir şey deyil. Əgər xarici qüvvələrin istəyi reallaşsa, o zaman gərək Azərbaycanda da millət bir-birini qıra, xaos və kütləvi iğtişaşlar baş ala. Bununla da Azərbaycan dövləti alt-üst olar. Arada qazanan isə ancaq xarici qüvvələr olacaq. Bundan millət heç bir şey qazanmaz. Ancaq xarici qüvvələrin bu istəyi heç zaman mümkün olmayacaq. Azərbaycan çox güclü və sabit ölkədir. Burada qanunlar alidir və xalq öz prezidentini yekdilliklə dəstəkləyir. Azərbaycanda olan inkişaf və sabitlik dünyanın çox az ölkəsində mövcuddur. İndi bir sıra Ərəb ölkələrinə baxsaq görərik ki, nələr baş verir. Nə qədər insanlar ağlar qalıblar, ölkələr dağılır, sabitlik itib və sairə. Ancaq Azərbaycanda isə sürətli inkişaf və güclü sabitlik hökm sürür. Bundan gözəl nə olar bilər? Kim istəməz ki, ölkəsi bu cür sabit olsun? Kim istəməz ki, firavan həyat tərzi sürsün? Əlbəttə ki, hamı bunu çox istəyir. Ancaq bu sabitliyin qoruyub saxlamaq lazımdır. Sabitliyi qoruyub saxlamaq üçün isə prezident İlham Əliyev kimi güclü siyasi lider və dövlət başçısı olmalıdır.
İndi Azərbaycanın nəinki paytaxtı, eyni zamanda regionları da sürətlə inkişaf edir. Mənim icra başçısı olduğum Daşkəsən rayonu da indi çox sürətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyevin regionların inkişafına göstərdiyi böyük diqqəti xalq gözəl bilir. Ötən gün Daşkəsən rayonunda 7 məktəb və 3 uşaq bağçasının açılışı oldu. Bundan yaxşı nə iş ola bilər?