Cənab İlham Əliyevlə inamlı qələbələrə doğru

XALQ,AZ xəbər verir ki, 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində rayon seçicilərilə görüş keçirilib.

Görüşü YAP Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsinin və rayon təşkilatının sədri Mehriban Abasquliyeva açaraq, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərin uğurla davam etdiyini bildirib: “Sabunçu rayon seçiciləri həmişə Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Onun uğurlu siyasətini dəstəkləyiblər. Bölgədə böyük nüfuza malik, iqtisadi və siyasi qüdrətinə görə seçilən, geosiyasi mövqeyinə görə böyük əhəmiyyət daşıyan, dünya dövlətlərinin enerji təhlükəsizliyinin təminatında əvəzsiz rolu olan Azərbaycan dinamik inkişaf edib. Əldə olunan bütün uğurlar möhkəm təmələ əsaslanan Azərbaycanın daxili və xarici siyasətinin məntiqi ifadəsi, YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin xidmətlərinin nəticəsidir”.

Rayon təşkilat sədri ölkə vətəndaşlarının öz Liderinin xidmətlərini yüksək dəyərləndirdiklərini və Ona böyük etimad göstərdiklərini bildirib. Siyasi sabitliyi bütün uğurların qazanılması üçün başlıca amil kimi qiymətləndirən Sabunçu seçicilərini də bir daha belə əmin-amanlığı qətiyyəti və siyasi iradəsi ilə qoruyub saxlayan Cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Görüşdə çıxış edən millət vəkili Eldar Quliyev, YAP Sabunçu rayon təşkilatı idarə heyətinin üzvü Vahid Hacıyev bildiriblər ki, son 15 ilin gerçəklikləri əminliklə söyləməyə əsas verir ki, Prezident İlham Əliyev dövlət başçısı kimi Ona bəslənilən ümidləri doğruldub və Özünü qətiyyətli və praqmatik siyasətçi kimi təsdiqləyib. Bu baxımdan da, 11 apreldə prezident seçkilərində Sabunçu seçiciləri ölkəmizin gələcəyinə, gələcək inkişafına, Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamına səs verməyə çağırıblar.

Elgün