Cavanşir Feyziyev mühüm sənəd imzaladı

7-8 may 2018-ci il tarixlərində Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Bakı şəhərində keçirilən XV iclası öz işini başa çatdırıb. Komitənin həmsədrləri – MM üzvü Cavanşir Feyziyevin və AP üzvü Səyyad Kərimin sədrləyi ilə baş tutmuş müzakirələrdə 11 məsələ müzakirə olunub. Müzakirələrdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan hökümətinin, eləcə də Avropa İttifaqı Xarici siyasət İdarəsinin və Avropa Komissiyasının nümayəndələri iştirak ediblər. 2 gün ərzində davam edən müzakirələrdə 50-dən çox çıxışlar edilib və təkliflər səsləndirilib. Müzakirələrin sonunda Yekun Bəyanat qəbul olunub.
Yekun Bəyanatda Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq barədə ikitərəfli saziş üzrə danışıqlarda ciddi irəliləyişin olması alqışlanır və hər iki tərəfin parlament üzvləri arasında keçirilən müntəzəm görüşlərin sazişin hazırlanmasına dəyərli töhfə verəcəyi xüsusi olaraq qeyd edilib.
Bəyanatda həmçinin Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qaldığı və ölkəmizin neft və qeyri-neft sektorlarında əsas investor olduğu qeyd edilir. Aİ Azərbaycanın etibarlı enerji tərəfdaşı olduğunu etiraf edir və Cənub Qaz Dəhlizinin keçdiyi marşrut üzrə bütün ölkələrdə əlavə iqtisadi imkanlar yaradacağını vurğulayır.
Tərəflər Azərbaycanın Şərq və Qərb, həmçinin Şimal və Cənub arasında əsas nəqliyyat qovşağı olmaq siyasətinin əhəmiyyətini qəbul edir, strateji nəqliyyat infrastrukturu layihələrinin həyata keçirilməsini alqışlayır.
Bəyanatda Aİ ilə Azərbaycan arasında daha sıx iqtisadi əməkdaşlıq üçün böyük imkanların olduğu vurğulanır, Azərbaycan hökumətinin uzunmüddətli sabitliyi, davamlı iqtisadi inkişafı və yüksəlişi təmin etmək üçün həyata keçirdiyi struktur islahatları və qeyri-neft sektorunu inkişaf etdirməklə ölkə iqtisadiyyatını şaxələndirmək səyləri yüksək qiymətləndirilir. Eləcə də ölkənin hüquq-mühafizə sistemində həyata keçirilən islahatlar – həbsxanaların fəaliyyətinin yaxşılaşdırılması, ədliyyə sisteminin müasirləşdirilməsi və korrupsiya ilə mübarizə iqtiqamətində Azərbaycan hökumətinin apardığı islahatlar təqdir olunur.
Bəyanatda həmçinin Avropa və Azərbaycan QHT-ləri arasında əməkdaşlıq üçün qarşılıqlı faydalı mühitin formalaşdırılması istiqamətində əlaqələrin gücləndirilməsi təşviq olunur,
Yekun Bəyanatda qeyd edilir ki, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması təəssüf doğurur, müntəzəm şəkildə baş verən atəşkəs pozuntularının həm hərbi, həm də mülki əhalinin həyatına son qoymasından, həmçinin regionun sosial-iqtisadi inkişafına əngəl törətməsindən narahatlıq ifadə olunur və mövcud status-kvonun qəbuledilməz olduğu etiraf edilir. Ermənistan və Azərbaycana danışıqlar vasitəsilə münaqişənin həllinə nail olmaq üçün müvafiq addımlar atmağa çağırış öz əksini tapir. Tərəflər münaqişə qurbanlarının ailələrinə həmrəyliyini ifadə edir və Azərbaycan cəmiyyətindəki məcburi köçkünləri qorumaq, evlə təmin etmək və yenidən inteqrasiya etdirmək üçün Azərbaycan hökuməti tərəfindən göstərilən səyləri alqışlayır, münaqişə tərəflərini məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıtmalarını təmin etməyə səsləyir.
Bəyanatda həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən göstərilən səylərə və onların 2009-cu il Əsas Prinsiplərinə qəti dəstək ifadə olunur. Tərəflər Azərbaycan və Ermənistan Prezidentlərinin 16 oktyabr 2017-ci ildə Cenevrə Bəyanatını alqışlayır, hər iki ölkənin hökumətini təmas xəttində gərginliyi azaltmaq, təhlükəsizlik vəziyyətini sabitləşdirməyə və gələcək danışıqlar üçün daha konstruktiv atmosfer yaratmağa, həmçinin münaqişənin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həll olunması üçün erməni və azərbaycanlı icmalar arasında əlaqələr yaratmağa, yüksək səviyyəli danışıqları davam etdirməyə, həqiqi etimadquruculuq tədbirləri görməyə çağırır.
Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin növbəti – XVI iclasının 2019-cu ilin payızında Avropa Parlamentinin Strasburqdakı binasında keçirilməsi qərara alınmışdır