Cavid Osmanov: “DOST” ictimai məmnunluğun ünvanı olacaq

Ölkə Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələr, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edən  DOST (Dayanıqlı və Operativ Sosial Təminat)  Agentliyinin və mərkəzlərinin yaradılması əhalinin sosial müdafiəsinə yönəlib. Yaradılacaq “DOST” mərkəzləri qeyd olunan sahələrdə xidmətlərinin “bir pəncərə” prinsipi üzrə təkmil və sistemli, sadələşdirilmiş, eyni zamanda bir-biri ilə əlaqələndirilmiş şəkildə, tam şəffaf, operativ və vətəndaşlarla açıq iş şəraitində əhaliyə təqdim etməyə imkan verəcək.

“Əmək və sosial müdafiə sahələrində idarəetmə sistemlərinin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi, bu sahələr üzrə əhaliyə xidmətlərdə müasir iş üsullarının, şəffaflığın və sosial ədalət prinsiplərinin, elektron texnologiyaların geniş tətbiqinin təmin edilməsi Prezident İlham Əliyevin müvafiq strukturlar qarşısında müəyyən etdiyi əsas vəzifələrdir. DOST Agentliyinin yaradılması da bu qəbildən olan növbəti addımdır.”” Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Milli Məclisin deputatı vurğulayıb ki, “DOST” mərkəzlərinin fəaliyyətə başlaması əvvəlki illərdə mövcud olan sosial problemlərin aradan qaldırılmasına, vətəndaşların bu xidmətlərə əlçatanlığının şəffaf şəkildə təmin edilməsinə imkan yaradacaq: DOST Agentliyinin yaradılması “ASAN xidmət”in müsbət tendensiyasının davam etdirilməsi məqsədini daşıyır. “DOST” mərkəzləri vətəndaşların vaxtına qənaət etməklə bərabər, vətəndaşların haqlı narazılığına səbəb olan bürokratik əngəllərin, süründürməçilik hallarının aradan qaldırılmasına böyük töhfələr bəxş edəcəyi şəksizdir.  Bu istiqamətdə görülən ardıcıl işlər dövlət-vətəndaş münasibətlərini keyfiyyətcə yeni müstəviyə  qaldıracaq. “DOST” mərkəzləri “bir pəncərə”dən göstərdiyi operativ, keyfiyyətli, şəffaf xidmətlərlə əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, işsiz və işaxtaranların, pensiyaçıların “DOST”u olduğunu qısa zamanda təsdiq edərək ümumən ictimai məmnunluğun ünvanı olacaq. Dövlət başçısının fəaliyyətinin əsasını təşkil edən insanlarımızın məmnunluğu, onların rifahı, təhlükəsizliyi təşkil edir. Bu baxımdan hesab edirəm ki, fəaliyyətə başlaması ilə bu qurum da çox qısa zaman ərzində onun üzərinə qoyulan vəzifələrin öhdəsindən uğurla gələ biləcək, Azərbaycanda dövlət-vətəndaş münasibətlərində əsl etimad, etibar mühiti, şəffaflıq yaranacaq. Həm vətəndaş, həm də dövlət bundan razı qalacaq.”

C.Osmanov vurğulayıb ki, ölkə Prezidentinin bundan əvvəlki müvafiq fərmanları və sərəncamları əsasında həyata keçirilən layihələrdə qazanılan davamlı  nailiyyətlər deməyə əsas verir ki, DOST Agentliyi innovativ həllərin tətbiqini genişləndirərək şəffaflığın təmini və süründürməçiliyin ortadan qaldırılması istiqamətində böyük uğur qazanan bir layihə kimi etimadı doğruldacaq: “Fərmanda da bildirildiyi kimi, elektron xidmətlərə keçidin sürətləndirilməsi, həmçinin süründürməçilik hallarının qarşısının alınması istiqamətində cənab Prezidentin prinsipial mövqeyi dəyişməzdir. “DOST” mərkəzlərinin yaradılması Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial sahə ilə bağlı həyata keçirdiyi mühüm fəaliyyətinin növbəti uğurlu davamıdır.”

 

 

Orxan