Çimərliklərdə dəniz suyunun vəziyyəti yoxlanılır

Deniz

Çimərlik mövsümünün başlanmasına sayılı günlər qalıb. Buna görə də Gigiyena və Epidemiologiya Mərkəzinin və Ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşları birgə monitorinqlər aparır.

XALQ.AZ-ın məlumatına görə, bir həftədən çoxdur başlayan monitorinqlər qanuni və qeyri qanuni çimərliklərdə aparılır.

GEM-nin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, “Qaradağ, Səbail, Suraxanı, Pirallahı rayonu, eyni zamanda Binəqədi rayonu ərazisində olan çimərliklərdən dəniz suyu nümunələri götürülüb. Xəzər və Sabunçu rayonu ərazisində bu monitorinqlər keçiriləcək. Şimal və cənub zolaqlarındakı çimərliklərin vəziyyəti ilə əlaqədar olaraq bizə məlumatlar daxil olan kimi biz artıq yekun nəticələri elan edib vətəndaşları maarifləndirəcəyik”.

Monitorinqlər zamanı çimərlik zolaqlarının sanitar-texniki vəziyyəti yoxlanılır, götürülən su nümunələri fiziki, kimyəvi və toksikoloji müayinələrdən keçirilir. Çünki dəniz suyu təhlükəli xəstəlik mənbəyi ola bilər.

GEM-nin şöbə müdiri Ziyəddin Kazımov qeyd edir ki, “Kəskin mədə bağırsaq xəstəliyi və vəba xəstəlyinin profilaktikası ilə əlaqədar olaraq bu monitorinqlər keçirilir və biz paralel olaraq nəinki bakterioloji, kimyəvi, taksikoloji və radioloji müayinələr, hətta vəba xəstəliyinin üzə çıxması ilə əlaqədar olaraq bu nümunələri də götürürük və taun əleyhinə stansiyalara təqdim edirik ki, bu müayinələr aparılsın”.

Ötən il keçirilən monitorinqlər zamanı Səbail rayonu ərazisindəki Şıx, Qaradağ rayonu ərazisindəki Sahil çimərliklərində suyun bakterioloji tərkibi normalara cavab vermədiyindən çimmək üçün təhlükəli elan edilmişdi. Bu ilki monitorinqlərin nəticələri isə yeni çimərlik mövsümü başlayana qədər, yəni yaxın iki həftə ərzində elan ediləcək.