Coca-Cola satışı qadağan edildi

cola

Azərbaycan məktəblərində Coca-Cola satışı qadağan edildi

“Cipsi” və suxarılar da qadağa siyahısındadır.

Məktəb bufetlərinə yeni dərs ilindən etibarən ciddi nəzarət ediləcək.

Oxu.Az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.

İ.Abdullayev bildirib ki, Təhsil Nazirliyi də daxili nəzarət həyata keçirəcək:

“Bufetlərdə satışa çıxarılan məhsulların keyfiyyəti, saxlama şəraiti, o cümlədən müvafiq sənədlərinin olub-olmadığı yoxlanılacaq. Həmçinin bufetdə çalışanların tibbi müayinədən keçməsi məsələsinə də diqqət yetiriləcək”.

Şöbə müdiri bufetlərdə sanitar-gigiyenik normalara riayət edilməsinə də nəzarət olunacağını deyib.

Qeyd edək ki, builki tədris mövsümündə orta məktəblərin bufetlərində qazlı sərinləşdirici içkilərə (Coca-Cola və s.), “cipsi” və suxarilərə qadağan qoyulacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi orta məktəblərdə satılacaq məhsularla bağlı yeni standartlar hazırlayıb. Yeni standartda 3-18 yaşlı uşaq və yeniyetmələr üçün fizioloji tələbat normaları, məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyə olunan əsas qida məhsullarının siyahısı, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı, məktəbəqədər təhsil müəssisələri üçün orta gündəlik ərzaq çeşidinin siyahısı əks olunub.

Yeni standartlara əsasən, məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyə olunan əsas qida məhsulları bunlardır:

  • I kateqoriyalı mal əti;

  • dana əti;

  • qoyun ətinin yağsız növləri;

  • soyudulmuş quş əti;

  • dovşan əti;

  • həftədə ən çoxu bir-iki dəfə termiki emaldan sonra uşaq qidası üçün

bişirilmiş sosiskalar, sardelkalar (mal ətindən), kolbasalar;

  • kəsmik və kəsmik məmulatları;

  • acı olmayan pendir növləri (məktəbəqədər uşaq qidası üçün bərk, yarımbərk, yumşaq, ərgin pendirlər);

  • xama (10% , 15% yağlılıqda) – termiki emaldan sonra;

  • sənaye istehsalı olan turş süd məhsulları; qatıq, kefir, yoqurtlar,

  • qaymaq (10% yağlılıqda);

Standartın tələblərini pozan şəxslərin cəzalandırılmasına gəldikdə isə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq fiziki şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 4000-5000 manat cərimə olunacaqlar.

www.oxu.az