“Cocuq Mərcanli sakinlərinə gübrə və toxumlar pulsuz veriləcək” – Nazir

Kənd təsərrüfatı naziri İnam Kərimov mayın 5-də Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub.

XALQ.AZ xəbər verir ki, nazir İnam Kərimov Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib.

Cocuq Mərcanlıya gələn İnam Kərimov kənd sakinləri ilə görüşərək, onların qayğı və problemləri ilə maraqlanıb, arzu və təkliflərini dinləyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq nazirliyin rəsmiləri, mütəxəssislər fermerlərlə, kənd əməkçiləri ilə görüşlər keçirirlər.

“Prezident İlham Əliyevin tapşırığı əsasında Cocuq Mərcanlıda qısa müddətdə müasir, bütün infrastruktura malik qəsəbə salınıb. Kənddə inkişafın əsas tərkib hissəsindən biri də burada aqrar fəaliyyətin genişlənməsi, sakinlərin məşğulluğunun təmin edilməsidir. Bugünkü görüşümüzün məqsədi də sakinlərin qayğılarını dinləmək və buna uyğun fəaliyyətimizi qurmaqdır. Cocuq Mərcanlı sakinlərinə aqrar sahədə daim dəstək verib, qayğı göstərilməlidir”, – deyə nazir bildirib.

İnam Kərimov Cocuq Mərcanlı kəndində 25 ildən sonra ilk dəfə olaraq qarğıdalı səpinində iştirak edib.

Nazir İnam Kərimov jurnalistlərə müsahibəsində Cocuq Mərcanlıda sakinlər üçün ayrılan pay torpağının əkilməsi, becərilməsi və məhsul yığımı zamanı istifadə olunan bütün texnikaların, həmçinin gübrə və toxumların Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əvəzsiz olaraq təmin ediləcəyini bildirib: “Hazırda Cocuq Mərcanlıda 33 hektarda qarğıdalı səpini həyata keçirilir. Biz nəinki səpin prosesində, mütəmadi olaraq fermerlərin, kənd sakinlərinin yanında olacağıq. Onlara həm texnika təminatı, həm də məhsuldarlığın artırılması üçün məsləhət xidmətlərinin təşkilini həyata keçirəcəyik”.

 

 

Elgün