Çövkən Milli Oyunları festivalının açılışı olub

At

Şəkidə Milli Atüstü Oyunları festivalına start verilib. Ənənəvi olaraq Milli Çövkən Oyunlarının keçirilməsində məqsəd qədim atçılıq ənənələrinin qorunub saxlanılmasıdır. Respublikanın müxtəlif şəhər və rayonlarından yarışa qatılan komandaların sayı əvvəllər yalnız 4 idisə, indi bu rəqəm 16-dır.

Qeyd edek ki, Qarabağ atları üzərində Çövkən oyunu YUNESKO-nun təcili qorunmağa ehtiyacı olan qeyri maddi mədəni irs siyahısına daxil edilib.

Atçılıq turizm mərkəzinin direktoru Elman Həsənov: “Şəki, Ağdam, Ağcəbədi, Ağstafa, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Yevlax, Xaçmaz bu il birinci dəfədir iştirak edir, artıq şimal bölgəmizdən də iştirakçı var. Bakıdan 2 komandamız gəlibdir “Sərhədçi” və “Polad” klubu. Bu gün 16 komanda mübarizəyə başlayır”.

Mərkəz direktorunun sözlərinə görə, turnirdə yarışma 4 atüstü milli oyunları üzrə keçiriləcək. Ənənəvi olaraq çövkən baş mükafat olacaq. Həvəsləndirici mükafatlar isə papaq, sürpapaq və yaylıq oyunu təşkil edir. Yarışlara komandalar əsasən yerli və cins atlarla qatılıb.

Belə ki, rayonlardan gələnlər yerli atlardır, Bakıdan gələn komandalar cins atlarla iştirak edir.

Artıq səkkizinci ildir ki, Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə keçirilən yarışlar 5 gün davam edəcək və mayın 7-də finalda kubok qalibə təqdim olunacaq.