“Cümhuriyyət üçün yaz” müsabiqəsinin qalibləri mükafatlandırıldı – FOTOLAR

Bu gün Nizami Kino Mərkəzində “Yeni Çağ” Media Qrupunun təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümünə həsr olunmuş “Cümhuriyyət üçün yaz” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

XALQ.AZ xəbər verir ki, tədbirdə ölkənin tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri iştirak ediblər.

Müsabiqənin məqsədləri haqqında qonaqlara məlumat verən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər əsas niyyətlərinin gənc nəslin nümayəndələri arasında Cümhuriyyət tarixi və dəyərlərinin təbliği olduğunu deyib:

“Bu ilin Azərbaycan Xalq Cümhuriyyət ili elan edilməsi münasibətilə “Yeni Çağ” Media Qrupu müsabiqə elan etmişdi. Mayın 1-də başlayan müsabiqəyə mayın 28-də saat 12-00-da yekun vurulub. Müsabiqənin qalibləri avtomatik “random” üsulu ilə seçilib. Müsabiqənin mükafatlandırma mərasimini isə bilərəkdən 15 iyun Milli Qurtuluş günü ərəfəsinə saldıq. 1 ay davam edən müsabiqəyə 1205 nəfər yazı təqdim edib. Əməkdaşlarımız tərəfindən qalib siyahısına heç bir müdaxilə olmayıb. Yazılar bir-bir oxunub, nömrələnib. Daha sonra isə proqram vasitəsilə seçilib. Bu gün isə qaliblərə hədiyyələr təqdim olunacaq”.

Tədbirdə çıxış edən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, bu cür təşəbbüslər maarifləndirmə işində olduqca effektlidir:

“Bu çox böyük layihədir. Biz aprel ayında Türkiyədə bir sıra maraqlı layihələr gerçəkləşdirdik. Şərqdə qadınlara ilk seçim hüququ verən məhz Cümhuriyyətimiz olub. Avropanın bəyənmədiyi Şərq qadınlara ən önəmli hüququ verib. Millət olaraq bu günün anlamına uyğun olaraq hər birinizi təbrik edirəm”.

Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət sahəsi üzrə müşaviri İrfan Çiftci isə layihənin mahiyyətindən danışıb:

“Biz Əli bəy Hüseynzadəni, Fətəli xan Xoyskini Mustafa Kamal Atatürklə eyni səviyyədə görüb, qəbul etmişik. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini Türkiyə də qardaş ölkə ilə birlikdə qeyd edir. Bu tarixi hadisələr unudulmaz, unutdurula bilməz. İstər Türkiyədə, istərsə də Azərbaycanda gerçəkləşdirilən tədbirlər, gənclərin tarixi faktlar əsasında qələmə aldıqları yazılar bu tarixi qələbəyə verilən dərin mahiyyətin göstəricisidir. “Yeni Çağ” Media Qrupunu bu gözəl təşəbbüsdən dolayı təbrik edirəm”.

Azərbaycan və Türk İş Adamları dərnəyinin rəhbəri Azər Hətəmov da Cümhuriyyətimizə həsr edilən silsilə tədbirlərin vacibliyindən söz açıb:

“Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dünyanın müxtəlif ölkələrində qeyd edilir. Bizim xarici ölkələrdə yaşayan həmvətənlilərimiz bu cür dəyərli layihələrlə Azərbaycanı layiqli şəkildə təmsil edirlər”.

Xalq şairi Sabir Rüstəmxanlı isə bildirib ki, Cümhuriyyətin qəhrəmanları və qurbanları haqqında daha çox yazılar yazılmalı, abidələr qoyulmalıdır:

“Bakını, Cümhuriyyətimizi xilas edən Nuru Paşanın abidəsinin qoyulması vacibdir. Ümid edirəm ki, bu barədə də Cümhuriyyət ili ərzində zəruri tədbirlər görüləcək”.

Tədbirdə çıxış edən digər qonaqlar da #cümhuriyyətüçünyaz müsabiqəsinin təşkilini AXC-nin 100 illiyinə böyük töhfə kimi qiymətləndiriblər. Çıxışlardan sonra müsabiqənin qalibləri mükafatlandırıllıb.

Ümumilikdə 1205 nəfərin qatıldığı müsabiqənin qalibləri müvafiq olaraq 50, 100, 300. 500, 1000 manat pul mükafatı qazanıblar. Bundan başqa, “Yeni Çağ” Media Qrupu öncədən elan etdiyi kimi, müsabiqədə ən yaxşı postu yazan 3 iştirakçını da mükafatlandırıb. Ən yaxşı postların müəllifləri aşağıdakı iştirakçılardır:

  1. Ləman Ələşrəfqızı

  2. Dilqəm Əhməd

  3. Kamran Şamil

“Cümhuriyyət üçün yaz” müsabiqəsinin qalibləri:

  1. Mila İsmayıl – 1000 manat

  2. Vüqar Əliyev – 500 manat

  3. Kərim Kərimli – 300 manat

  4. Əcəmi Asedulla – 100 manat

  5. Qaya Nəsibzadə – 100 manat

  6. Elsevər Hüseynoğlu – 100 manat

  7. Samid İbrahimov- 50 manat

  8. Murad Mustafayev – 50 manat

  9. Rasiya Hüseynova – 50 manat

  10. Zaur İsa – 50 manat

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.