“Cümhuriyyətə aparan yollar” təqdim olundu

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti və “Kaspi Təhsil Mərkəzi”nin təsisçisi Sona Vəliyeva və Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun ön sözü ilə işıq üzü görən “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” adlı kitabın təqdimat mərasimi keçirilib.

XALQ.AZ xəbər verir ki, tədbirdə media kapitanları, yazıçılar, QHT nümayəndələri və digərləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun qonaqları salamlayaraq hər kəsi bir neçə gündən sonra qeyd olunacaq Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı təbrik edib: “Biz fəxr edirik ki, Şərqdə ilk demokratik respublika yaradan xalqıq. Azərbaycan Xalq Cümhiriyyəti xalqımızın həyatında ən böyük arzulanan hadisədir. Bu gün biz kitab təqdimatına yığışmışıq. Bu kitab Veysəloğlu Şirkətlər Qrupunun xalqa hədiyyəsidir. Kitabın müəllifləri tanınmış jurnalistlər Akif Aşırlı və Bəxtiyar Qaracadır. Kitabda tarixçilərin araşdırması, jurnalist baxışı öz əksini tapıb. Burada AXC-nin yaradılmasında özünü fəda edən şəxslər haqqında yazılar yer alıb. Sonrakı fəsillərdə AXC qurucularının acı taleyi əks olunub”.

Təqdimat mərasimində Azərbaycan Xalq Cümhuriyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes Azərbaycanın 100 il bundan öncə demokratik dəyərlərin əsasını qoyan ilk ölkə olduğunu dilə gətirib.

O bildirib ki, qadınlara seçki hüququnun verilməsi, mətbuat azadlığı, parlamentdə həmkarlar ittifaqlarının təmsil olunması ilə bağlı qərarın qəbul olunması həmin dövr üçün mühüm addımlardan idi: “Bütün sadalananlar Avropa Şurasında illərdən sonra meydana gəlib. Mən Sovet İttifaqının tərkibində fəaliyyət göstərən ali məktəbdə təhsil almışam.

Deyə bilərəm ki, Azərbaycan Demokratik Respublika ilə bağlı sovet dərsliklərində çox az yer ayrılıb. Bu istiqamətdə maarifləndirmə hökumətin qarşısına qoyulan əsas vəzifələrdən biri idi. Xalqların öz kökləri ilə bağlı dərin biliklərə sahib olması, onların gələcəyi üçün daha geniş imkanlar açılır. Bugünkü kitab Azərbaycan xalqı üçün böyük töhfədir. Avropa Şurasının Bakı nümayəndəliyi adından kitabın ərsəyə gəlməsinə görə müəlliflərə təşəkkür edirəm. Hesab edirəm ki, bu kitab təkcə Azərbaycan xalqının yaddaşının təzələnməsi deyil, demokratik dəyərlərin təşviqi baxımından qiymətlidir”.

Təqdimat mərasimində söz alan “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva söyləyib ki, Cümhuriyyətin 100 illik yubileyi Azərbaycanın hər yerində təntənəli şəkildə qeyd olunur: “Məni sevindirən odur ki, bu tədbirlər təkcə dövlət qurumları səviyyəsində deyil, məktəblərdə də geniş şəkildə qeyd olunur. Cümhuriyyətin 100 illiyini bayram kimi qeyd etmək bizim yaddaşımıza çox şey yazacaq. Bu kitabı ərsəyə gətirənlərə təşəkkür edirəm. Kitabda milli mübarizə hərəkatı, dövlətçilik təfəkkürürün yaranması və bu dövrdə baş verən bütün proseslər eləcə də AXC-nin yaradanların xalqımıza verdiyi töhfələr öz əksini tapıb. Bu tarixin araşdırılması bizə yeni tarix açır. Mən hər kəsi bayram münasibətilə təbrik edirəm”.

Təqdimat mərasimində çıxış edən digər natiqlər kitabla bağlı öz müsbət fikirlərini bildirərək qeyd ediblər ki, AXC dövrünü geniş əhatə edən “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı hər kəsin stolüstü kitabına çevriləcək.

Müəllif: Nailə Məhərrəmova
Orxan