Daha 184 dövlət əmlakı satışa çıxarılır

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan olunub.

Əmlak Məsələləri Dövlət Komitəsindən XALQ.AZ -a verilən məlumata görə, 3 aprel tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Budəfəki hərracda müxtəlif çeşidli 184 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisə və obyekti, 67-i isə istifadəsiz qeyri-yaşayış sahəsi, 6-sı nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Fındıq”, “Anar”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı BalakənŞəmkirCəlilabadMingəçevir, Şəki və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasında dəyişir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar BakıŞamaxıQusarAğcabədi və digər şəhər və rayonlarında yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Qusar Tədarük Satış Bazası, Şamaxı ərazi Yun tədarükü və qəbulu idarəsi, Şəmkir yun tədarükü məntəqəsi kimi iri dövlət əmlakları var.

Sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Şəmkir yun tədarükü məntəqəsi belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 3 min 500 kv.m-ə yaxın, torpaq sahəsi isə 6 mindən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi geyim tələbatının ödənilməsi üçün lazım olan xammalın əldə edilməsinə öz töhfəsini verə bilər.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Xəzər rayonunda yerləşən Mərdəkan restoranını misal göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 2 min kv.m-ə yaxındır.

RƏSUL