Daşkəsəndə Heydər Əliyev anıldı (FOTOLAR)

Ha-1

Daşkəsəndə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı ümumrayon tədbirlərinə start verilib.

XALQ.AZ-ın verdiyi məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin imzaladığı sərəncama və hazırlanan tədbirlər planına uyğun olaraq rayonda mütəşəkkil hazırlıq işləri görülüb. Məhz buna görə də ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Daşkəsən rayonunda keçirilən möhtəşəm bayram tədbirləri özünün əzəməti, rəngarəngliyi, zənginliyi ilə yaddaşlarda qalıb.

Daşkəsən Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə tədbirlər planına uyğun olaraq rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa yazı müsabiqələri, bilik və idman yarışları, oxucu konfransları təşkil olunub. Keçirilən tədbirlərdə daşkəsənlilər bir daha ulu öndərə olan xalq sevgisini, məhəbbətini nümayiş etdiriblər.
Qeyd edək ki, aprel ayının 21-dən may ayının 10-dək rayonda Heydər Əliyev günləri elan olunub. Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin əməli işləri ilə dağlar qoynunda daşkəsənlilər əbədiyaşar ulu öndərimizə ənənəvi olaraq belə böyük, təntənəli xalq sevgisi, möhtəşəm el məhəbbəti nümayiş etdiriblər. Bu sevgiyə, bu istəyə tədbir iştirakçıları min alqış söyləyiblər.
Deyilənlərin nəticəsidir ki, əbədiyaşar ulu öndərin doğum günü hər il Daşkəsəndə əvvəlki ilə nisbətən daha da yüksək səviyyədə, zəngin, möhtəşəm ümumrayon məhəbbəti ilə qeyd edilir.
May ayının 3-də isə rayon İcra Hakimiyyətinin başcısı Əhəd Abıyevin, Milli Məclisin deputatlarının, YAP fəallarının, rayonunun aidiyyəti orqanlarının əməkdaşlarının iştirakı ilə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki heykəlinin önünə əklil və gül dəstələri qoyulub, ümummilli lider böyük ehtiramla yad edilib. Ümumrayon bayram tədbiri rayon Mədəniyyət evində öz işinə başlayıb.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev dahi lider haqqında geniş və dərin məzmunlu nitq söyləyib, Müstəqil Azərbaycanımızın memarı, qurucusu və xilaskarının ölkəmizin tarixində əvəzsiz xidmətlərindən, ölkənin daxilində vətəndaş müharibəsinin qarşısını almasından, bü gün sürətlə davam edən Azərbaycanın inkişafı üçün qoyduğu bünövrədən ürək dolusu danışıb.
Qeyd edib ki, bu gün Müstəqil Azərbaycanımızın Dövlət Bayrağını da ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məhz O gətirmişdir. İndi həmin bayraq hər birimizin qəlbimizdə iftixar, qürur oyadır. 22 ildən çoxdur ki, bu bayraq vətən səmasında əzəmətlə, vüqarla dalğalanır. Ulu öndərimizin vaxtilə dediyi sözlər bu gün həyatda özünü necə də müdrikliklə təsdiq edir: “ Biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın Dövlət Müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq”.
Ə.Abıyev deyib ki, Ulu öndər Heydər Əliyevin vətənimiz, xalqımız qarşısında tarixi xidmətləri ilə bağlı günlərlə, aylarla danışmaq olar. Mən, bu Fövqəlbəşər insan haqqında bəzi məqamlara toxunmaq istəyirəm: “Ulu Öndər Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbər təyin olunanda, Azərbaycan keçmiş sovetlər birliyində ən geridə qalan aqrar bir ölkə idi. Qısa bir vaxt ərzində Ulu Öndər Heydər Əliyev Azərbaycanda kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatın, sənayenin inkişafına da nail oldu. Bakıda, Gəncədə, Sumqayıtda o cümlədən Daşkəsəndə, ən iri sənaye müəssisələri, fabriklər, zavodlar tikildi. Əhali üçün yeni iş yerləri açıldı, vətəndaşlarımızın sosial rifahı günbəgün artmağa başladı. Artıq, ötən əsrin 70-ci illərinin sonunda, Azərbaycan Sovetlər birliyinin, iqtisadi cəhətdən ən güclü respublikalarından birinə çevrildi. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, ən böyük tikinti layihələri Azərbaycana gətirildi. Ölkəmizdə əlvan metallurgiya, ağır və yüngül sənaye sürətlə inkişaf etməyə başladı. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin gərgin əməyi, yorulmaz fəaliyyəti və yeritdiyi düzgün siyasəti nəticəsində mümkün oldu. Məhz, 70-ci illərdə həyata keçirilən, tikinti layihələri, güclü iqtisadiyyat, yeni zavod və fabriklərin tikilməsi, kənd təsərrüfatının elmi əsaslarla inkişafı, müstəqil Azərbaycanın daha möhkəm qurulması istiqamətində, ən böyük baza oldu”.
Rayon İcra Hakimiyyətinin başcısı nitqinə davam edərək qeyd edib ki, mən bir məsələni də xatırlatmaq istəyirəm: “1993-cü ildə, xalqın təkidli tələbi ilə ulu öndərimiz 2-ci dəfə Azərbaycana rəhbərliyə gələndə, ölkəmiz, vətəndaş müharibəsi həddində idi. Bütün bölgələrdə ayrı-ayrı adamlara xidmət göstərən silahlı birləşmələr var idi. Qanunlar işləmirdi, özbaşınalıq, anarxiya, vəzifə uğrunda gedən çəkişmələr, o vaxtkı rəhbərlərin yalnız özlərini düşünmələri bütün xalqı bezdirmişdi. Bax belə bir şəraitdə Heydər Əliyev xeyli təkiddən sonra, bir lider kimi Azərbaycana rəhbərlik etməyə razılıq verdi və dərhal da, əməli işə keçdi. Qısa bir müddətdə silahlı dəstələr zərərsizləşdirildi. Qanunlar bərpa olundu, əmin-amanlıq sabitlik yarandı. Ulu öndərimiz o çətin dövrdə, öz şəxsi nüfuzundan istifadə edərək, dünyanın aparıcı dövlətlərini Azərbaycana dəvət etdi. 2 il ərzində neft, qaz və digər iqtisadi sahələrdə 21 beynəlxalq layihə imzalandı. Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzuna görə, xarici dövlətlər Azərbaycana küllü miqdarda sərmayə qoymağa başladılar.
Məlum bir həqiqəti bir daha xatırlatmaq istəyirəm ki, müstəqilliyi əldə etmək, qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir. Lakin Ulu öndər Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi qorunmaqla yanaşı, eyni zamanda möhkəmləndi, inkişaf etdi, əbədilik qazandı. Biz bütün bunlara görə yalnız Ulu öndərimizə borcluyuq.
Türk dünyasının dahi oğlu, tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyatı, ictimai və siyasi fəaliyyəti, bu gün bütün dünyanı maraqlandırır. Ulu Öndər Heydər Əliyevin dərin zəkası, analitik təfəkkürü, heyrətamiz yaddaşı, işgüzarlıq keyfiyyəti bu dahi insanı dünyada ən güclü, müdrik və qətiyyətli bir siyasətçiyə çevirdi.
Ulu öndərimiz tək siyasi mövzuda deyil, iqtisadi, elmi, mənəvi, mədəni, tarixi və digər sahələr barədə saatlarla danışardı. Bu dahi insan, mövcud vəziyyəti dərindən təhlil edərək, çox düzgün nəticələr çıxarmağı bacarırdı. Ulu öndər Heydər Əliyevin intellektinə, natiqlik məharətinə, həmsöhbətini valeh etmək bacarığına neçə-neçə dövlət rəhbərləri heyran qalıblar və onlar öz heyranlıqlarını etiraf ediblər”.
Ə.Abıyev çıxışında onu da qeyd edib ki, Ulu öndər Heydər Əliyev, xalqımızın və dövlətimizin tale yüklü həlledici çətin anlarında bütün məsuliyyəti həmişə öz üzərinə götürüb: “Ən çətin anlarda qəti, optimal qərar qəbul etməyi və bütün çətinliklərdən qələbə ilə çıxmağı bacarıb. Türk dünyasının böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyəti, daxili aləminin zənginliyi, onun sadəliyi, səmimiyyəti, demokratik prinsiplərə sadiqliyi, insanı dinləmək bacarığı, vətən sevgisi və ailəsinə olan məhəbbəti bizim hər birimizə örnəkdir, nümunədir.
Bu gün Azərbaycan dünya siyasətində strateji əhəmiyyəti olan bir ölkədir və bu nüfuz getdikcə artır. İndi Heydər Əliyev siyasəti, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin fəaliyyətində, çox böyük uğurla, həm də daha səmərəli davam etdirilir. Xalqımızın milli maraqlarına söykənən və ardıcıl davam etdirilən xarici siyasətimiz, Azərbaycanın nüfuzunu getdikcə artırır. Bu gün ölkəmiz, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Artıq dünyanın ən aparıcı dövlətləri, Azərbaycanla daha çox hesablaşır və ölkəmizlə bütün sahələrdə tərəfdaşlığa böyük maraq göstərirlər. Bu gün, Azərbaycanın haqq səsi, dünyanın ən mötəbər beynəlxalq tribunalarından daha əzəmətlə səslənir. Bax bütün bunlar, Heydər Əliyev siyasətinin qələbəsidir. Bütün bunlar Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin fəaliyyətində, mövcud siyasətin uğurlu, məntiqli davamının nəticəsidir. Məhz bu siyasət nəticəsində ölkəmiz inkişaf edir, abadlaşır, gözəlləşir.
Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən respublikamızın bütün şəhər və rayonlarına, o cümlədən Daşkəsənə də qayğı və diqqət göstərilir.
Bir faktı demək istəyirəm ki, möhtərəm Prezidentimiz son bir ildə, Daşkəsənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı, 4 sərəncam imzalayıb. Məlumat üçün bildirim ki, ötən il Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev Daşkəsəndə “Azərbaycan Polad istehsalı kompleksinin” yaradılması haqqında sərəncam imzalayıb. Bu sərəncamın icrası nəticəsində rayonumuzda 2000-dən artıq iş yerləri açılacaq və bu sərəncamın icrası rayonumuzun iqtisadi inkişafına çox güclü təkan verəcək. Bu diqqət cənab İlham Əliyevin daşkəsənlilərə olan xüsusi qayğısına əyani sübutdur. Mən bütün bunlara görə dövlətimizin başçısına, cənab İlham Əliyevə, bütün daşkəsənlilər adından dərinminnətdarlığımı bildirirəm.
Hazırda Daşkəsəndə 25-ə yaxın yaşayış məntəqələrini birləşdirən əsaslı yollar çəkilir, Rayon İcra Hakimiyyətinin yeni inzibati binası, avtovağzal kompleksi, məktəblər, bağçalar tikilir. Yeni istehsal sahələri yaradılır, Yeni Daşkəsən layihəsi uğurla icra olunmaqdadır.
Müdrik və qədirbilən daşkəsənlilər hər zaman taleyini etibar etdiyi rəhbərə sədaqətlə, ruhən inanmışlar.
Bütün bunlar Heydər Əliyev siyasətinin nəticəsi və bu siyasəti böyük uğurla davam etdirən Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin xalqımız qarşısında əvəzsiz tarixi xidmətləridir”.
Sonra Daşkəsən rayon Müharibə, Əmək və silahlı qüvvələr Veteranlar Şurasının sədri Elman Məmmədov, Çanaqçı İnzibati Ərazi Dairəsi Üzrə nümayəndənin müavini Ramin Ələsgərli çıxış edərək ulu öndərin tarixi xidmətlərindən danışıblar.
Milli Məclisin deputatı, YAP İcra katibinin müavini Mübariz Qurbanlı təntənəli toplantıda çıxış edərək Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, inkişaf etdirilməsi istiqamətində misilsiz xidmətlərin bəhs etmiş, Onun zəhgin həyat və fəaliyyətinin bəzi məqamlarına qısa ekskurs edib. Natiq öz çıxışında ümummilli liderin uzaqgörən siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən çox uğurla və dinamik inkişaf etdirildiyini vurğulayıb.
Tədbirdə Yeni Azərbaycan Partiyasına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim olunub, Heydər Əliyev günlərində müxtəlif nominasiyalar üzrə keçirilən tədbirlərdə, idman yarışlarında, eləcə də inşa yazı müsabiqəsində fərqlənmiş gənclərə və məktəblilərə fəxri fərmanlar verilib.
Ümumrayon tədbiri mədəniyyət xadimlərinin ulu öndərə və dövlətçiliyimizə həsr olunmuş musiqi nömrələri ilə başa çatdırılıb.
Ha-10
ha-11
Ha-12
Ha-13
ha-3
ha-4
Ha-5
Ha-6
Ha-7
Ha-8
Ha-9