Daşkəsənlilər yekdilliklə İlham Əliyevi dəstəkləyəcəklər

XALQ,AZ xəbər verir ki, bu gün Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində 11 aprel Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində mitinq keçirilib.

Mitinqi giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev cənab İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsinin xalqımız tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılandığını deyərək qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim irəliləyib. Azərbaycan hazırda regionun lider dövlətidir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib.

Çıxış edən digər natiqlər – Saleh Qurbanov, Səbahət Rzayeva, Salman Məmmədov, Dunay Verdiyev, Kamal Musayev çıxışlarında qeyd etdilər ki, son 15 ildə Azərbaycanın qazandığı uğurlu nailiyyətlər də təsdiq edir ki, cənab İlham Əliyev xalqın etimadını layiqincə doğruldub.

Tədbirdə çıxışçılar hər zaman Ulu öndər Heydər Əliyevin ideyalarına və İlham Əliyev siyasətinə sədaqətləri ilə seçilən daşkəsənlilərin qarşıdakı yeddi il ərzində də öz talelərini bu siyasətə bağlayacaqlarına, 11 aprel seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə əminliklərini ifadə ediblər.

Elgün