Deputat: İlham Əliyevlə bağlı qərar bütövlükdə xalqımızın qərarıdır

İlham Əliyevin Azərbaycan naminə xidmətlərini saymaqla qurtarmaq olmaz.

Bunu XALQ.AZ-a açıqlamasında YAP-çı millət vəkili, adıçəkilən partiyanın İdarə Heyəti və Siyasi Şurasının üzvü olan Eldar İbrahimov hakim siyasi təşkilat tərəfindən ölkə Prezidenti İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərarın qəbul edilməsinə münasibətini bildirərkən deyib.

O, YAP-ın bu gün keçirilən 6-cı qurultayında belə bir qərarın qəbul olumasını ürəkdən dəstəklədiyini və birmənalı şəkildə təqdir etdiyini bildirib:

“Bu qərar partiyamızın üzləri, qurultay iştirakçıları tərəfindən yekdilliklə qəbul olundu. Başqa cür də ola bilməzdi. İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi hər kəsin, bütövlükdə xalqımızın ürəyindəndir.

Çünki ümummilli liderimiz Heydər Əliyevin siyasətinin layiqli davamçısı olan cənab Prezidentin son 15 illik fəaliyyəti Azərbaycanı  dünyanın aparıcı və lider dövlətlərindən birinə çevirib. Azərbaycan İlham Əliyevin müdrik, düşünlümüş, prqamatik, realist siyasəti nəticəsində nəinki bölgənin, dünyanın siyasi və iqtisadi sabitlik və təhlükəsizlik adasına çevrilib.

Azərbaycan bu gün dünyanın siyasi, mədəni dialoq mərkəzinə, milli və dini tolerantlıq məkanına çevrilməyi baçarıb, buna nail ola bilib. Azərbaycan dünyada hələ də maliyyə-iqtisadi böhranın davam etməsinə baxmayaraq, iqtisadi inkişaf, tərəqqi yolunda qələbələrdən qələbələrə, zəfərlərdən zəfərlərə doğru irəliləyib və bu gün də bu estafeti uğurla davam etdirməkdədir.

Yəni, İlham Əliyevin Azərbaycan naminə xidmətlərini saymaqla qurtarmaq olmaz. Bu baxımdan, cənab İlham Əliyevin növbəti 7 il müddətinə prezidentliyini davam etdirməsi, bunun üçün növbəti dəfə mandat alması- buna da heç bir şübhə ola bilməz – çox vacibdir. Ona görə, YAP-ın bu qərarı da elə bilirəm ki, Azərbaycan xalqının mütləq əksəriyyətinin seçimi və qərarıdır”.