Deputatlar Rusiyaya getdi

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Malik  Həsənov Parlamentarizmin inkişafına dair Beynəlxalq Forumda iştirak etmək üçün iyunun 3-də Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcəklər.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, forumda XXI əsrdə dünya iqtisadiyyatının inkişafı ilə bağlı hüquqi bazanın təmin edilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə təcrübə mübadiləsi və digər mövzuları əhatə edən müxtəlif  seksiyalarda müzakirələr aparılacaq.

Azərbaycan nümayəndə heyəti “Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçiriləcək toplantıya qatılacaq.

Tədbirdə terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotik maddələrin ticarətinə, ekstremizmə qarşı milli və beynəlxalq hüquqi mexanizmlər, beynəlxalq səviyyədə informasiya təhlükəsizliyinin təmin edilməsi, qaçqınlar problemi və miqrasiya siyasətinin təkmilləşdirilməsinə dair  məsələlər  müzakirə olunacaq.

Səfər iyunun 6-da başa çatacaq.

 

 

Orxan