“Diasporun “Xalq diplomatiyası” ideyasına qoşulmasının qarşısını çox kəskin şəkildə aldıq”

008

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun APA-ya müsahibəsi

  • Azərbaycan diasporunun hazırkı durumunu necə dəyərləndirirsiniz? Nəzərə alsaq ki, son vaxtlar mütəmadi olaraq diaspor təşkilatları ilə bağlı narahatlıqlar gündəmdən düşmür…

  • Ümumiyyətlə, 90-cı illərin əvvəllərindən ümummilli lider Heydər Əliyevin əməyinin nəticəsi olaraq Azərbaycan diasporunun təşəkkülü, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına diqqətin artırılması Azərbaycan diasporuna ictimai marağı artırdı. Ümummilli lider Heydər Əliyev bütün xarici səfərlərində xaricdə yaşayan azərbaycanlılarla görüşür, onların problemlərini, qayğılarını diqqətdə saxlayırdı, özünün “mən həmişə fəxr edirəm ki, azərbaycanlıyam” fikrini aşılayırdı. O vaxtdan artıq dünya azərbaycanlıların həmrəyliyi ideyasının əsası qoyuldu. Sonrakı mərhələdə diaspor quruculuğu işi daha da inkişaf etdirildi, Azərbaycan diasporunda canlanma yarandı. Təşkilatlar artıq birləşmək, daha ciddi fəaliyyət göstərmək kimi yeni mərhələyə qədəm qoydu. Bu mərhələdə soydaşlarımızın vahid məqsəd uğrunda birləşməsi, fəaliyyət göstərməsi üçün bir neçə il dəstək göstərdik. 2002-ci ildə bu məqsədlə Dövlət Komitəsinin yaranması, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanunun qəbul olunması, dövlətin xüsusi qayğısı və digər addımlar diasporun təşkilatlanmasına, yaşadıqları ölkədə önəmli rol oynamalarına geniş imkan açdı. İndi isə ikinci mərhələ başlayıb ki, artıq diaspor təşkilatlarından onların səmərəli və effektiv fəaliyyəti göstərməsi ilə bağlı tələblərimiz yaranıb. Azərbaycan diaspor təşkilatları qarşılarına qoyulan tarixi vəzifələri şərəflə yerinə yetirilər. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün əllərindən gələni edirlər. İllər keçdikcə diasporun özünün də keyfiyyət dərəcəsi dəyişib. Əgər əvvəllər, məsələn, Avropada ancaq yenicə köçüb getmiş azərbaycanlılar orada kök salmağa, hələ özlərinin yaşayış problemlərini həll etməyə cəhd göstərirdisə, indi artıq onların övladları həmin ölkələrin tamhüquqlu vətəndaşlarıdır ki, onlar da öz fəaliyyətlərində Azərbaycanın tanıdılması üçün böyük rol oynayır. Hesab edirəm Azərbaycan diasporu dünyanın inkişaf etmiş diasporları sırasındadır.

  • Bildirdiniz ki, diasporumuz inkişaf edib və artıq təşkilatlar qarşısında tələblər var. Azərbaycana düşmən və eyni halda postsovet ölkəsi olmasına baxmayaraq, Ermənistan dünyadakı erməni diasporu ilə birgə fəaliyyəti bizimlə müqayisədə kifayət qədər yüksək formada təşkil edib və hazırda erməni diasporu dünyada öz sözünü deyir. Bizi onlardan geri salan səbəblər nədir?

  • Bunun tarixi və köklü səbəbləri var. Yüz illər ərzində ermənilərin köç edib dünyanın müxtəlif ərazilərində yerləşməsi, “xristian qardaşlığı” deyilən məfhuma əsasən onlara qucaq açılması, hətta bəzi ölkələrdə onların bərabərhüquqlu vətəndaşdan artıq qəbul olunaraq ictimai-siyasi həyata, iri biznes şəbəkələrinə daha yaxından cəlb edilməsi, bizim erməni diasporunun fəaliyyəti kimi bildiyimiz, amma xristian institutları tərəfindən onların adına həyata keçirilən əməllər kimi faktlar dünyada güclü erməni diasporu mifi yaradıb. Bizim diaspor tariximizin cəmi 20 il olduğunu nəzərə alsaq, 100 illik erməni diasporu ilə müqayisədə “onlardan geri qalmışıq” fikrini qəbul edə bilmirəm. Digər tərəfdən, azərbaycanlıların müxtəlif ölkələrdən, cəmiyyətlərdən çıxıb dünyaya səpələnməsi də burada müəyyən rol oynayırdı. Yaxud erməniləri birləşdirən kilsə faktoru bu birliyin yaranmasında həm də ideoloji bir rol oynayırdı. Azərbaycanlılarda əvvəllər birləşdirici ideologiyanın olmaması, əlbəttə ki, soydaşlarımızın dağınıq halda olmasına gətirib çıxarırdı. Birlik, həmrəylik üçün ideya lazımdır ki, bu da əvvəllər olmayıb. Bu ideyanı yaxın tariximizdə yalnız Heydər Əliyev yaratdı və hər kəs azərbaycançılıq ideologiyası ətrafında birləşməyə başladı. Artıq bu ideya azərbaycanlıların bundan sonra da birləşməsinə gətirib çıxaracaq. Azərbaycan dövlətinin bu istiqamətdə də qətiyyətli mövqeyi var və qısa zamanda biz daha böyük uğurlara imza atacağıq.

Diaspor tariximizin 20 ilinin yarısını biz ancaq dünyadakı azərbaycanlıların birliyə gəlməsinə həsr etmişik və məqsədimizə nail olmuşuq. Hesab edirəm ki, bu, ermənilərin yüz illər ərzində gördüyü işlərdən daha üstündür. Ermənilər özləri də saytlarında etiraf edirlər ki, əgər Azərbaycan diasporu bu sürətlə inkişaf edərsə, o zaman ermənilərin dünyada yüz illərlə yaratdığı erməniçilik mifi darmadağın olacaq. Onlar artıq həyəcan təbili çalırlar. Vaxt baxımından müəyyən boşluqlar var ki, qısa müddətdə bu boşluğu da aradan qaldıracağıq.

  • Azərbaycanlıların daha çox yaşadığı Rusiya və Ukraynada vaxtilə diaspor fəallarının cəmləşdiyi konqreslərin fəaliyyəti son vaxtlar, demək olar ki, hiss olunmur. Başlayaq Rusiyadan: “AzərRos”da baş verən dəyişikliklər gündəmə gəldikdən sonra Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyəti demək olar ki, dayandı, formal mövcud olsa da, faktiki olaraq hiss olunmur. ÜAK ləğv olunur?

  • Ukrayna Azərbaycanlıları Konqresinin yaranması mənim həmin ölkədə səfir olduğum vaxtlara təsadüf etmişdi və bu təşkilatın yaranmasında mən yaxından iştirak etmişdim. Bilirsiniz, bir qədər əvvəl dediyim kimi, ilk dövrlərdə diaspora yanaşma fərqli idi. Yəni həmin qurumlardan hansısa konkret fəaliyyət, iş tələb etməkdən daha çox, onları tanıtmaq prinsipi vardı. Amma artıq yanaşma dəyişib, diaspordan effektiv fəaliyyət göstərmək tələb olunur. ÜAK-ın yaranması, təşkilatlanması prosesi xeyli vaxt apardı və artıq tam formalaşdıqdan sonra onların qarşısına vəzifələr qoyuldu. Bizim ÜAK-dan gözləntilərimiz böyükdür. Çünki Rusiya böyük dövlətdir, ərazi baxımından Avropadan da böyük, strateji dövlətdir və orada xeyli soydaşımız var. Rusiyadakı təşkilatımız həm sayca, həm də fəaliyyət coğrafiyası baxımından Avropadakı təşkilatlardan da böyükdür. Bu gün Rusiyanın əyalətlərinin özündə səmərəli fəaliyyət göstərən diaspor təşkilatlarımız da var. Sırf ÜAK-a gəldikdə isə, artıq bizim onlardan akademik gözləntimiz var və əminik ki, təşkilatın potensialı bu gözləntiləri doğrultmağa imkan verir.

  • Yəni artıq ÜAK-dan gözləntilərinizi ala bilmirsiniz?

  • Xeyr, sadəcə müəyyən müddət ərzində ÜAK buraxılmış müəyyən səhvlər nəticəsində böhran dövrü yaşadı. Güman edirik ki, onlar çox qısa müddət ərzində bu böhrandan çıxış yolu tapıb fəaliyyətlərini bərpa edə biliblər və azərbaycançılıq mövqeyini davam etdirərək Rusiyanın ictimai-siyasi həyatında öz rolunu oynayacaqlar.

  • Sizə elə gəlmir ki, bu ilin yanvar ayında “AzərRos”da baş verən rəhbər dəyişikliyi ÜAK-ın fəaliyyətini kölgə altına aldı, üstələdi?

  • Mən belə hesab etmirəm. ÜAK özü kifayət qədər böyük təşkilatdır və “AzərRos” da ÜAK ilə birgə mövcud olan, illərdir fəaliyyət göstərən təşkilatdır. Amma “AzərRos”un ÜAK ilə mövqe fərqləri var. “AzərRos” Rusiya dövləti tərəfindən yaradılan və maliyyələşən təşkilatdır. ÜAK isə oradakı azərbaycanlıların öz təşəbbüsləri ilə azərbaycançılıq ətrafında birləşib yaratdıqları qurumdur. Ona görə də bunların məqsədlərində fərqlər var.

  • “AzərRos”da yanvar ayında rəhbər heyətin tamamilə dəyişməsindən, Abbas Abbasovun orada Ağsaqqallar Şurasına rəhbər təyin olunmasından sonra sizin bu dəyişikliyi tanıyıb-tanımamağınızla bağlı bir mövqe bildirilmədi. Hətta Komitənin rəsmi internet səhifəsində də təşkilat köhnə rəhbərliklə göstərilir. Siz təşkilatdakı rəhbər dəyişikliyini dəstəkləmirsinizmi?

  • Bizim “AzərRos”la əməkdaşlığımız olub. Təşkilatın köhnə rəhbərliyi dövründə bəzi hallarda fəaliyyəti bizim tərəfimizdən tamamilə qəbuledilməz bir hal kimi dəyərləndirilərək qarşılıqlı münasibətlərdə soyuqluq yaranıb. Bu, hər zaman özünü göstərib. Bizim mövqeyimiz budur ki, bizimlə əməkdaşlıq edən hər bir təşkilat azərbaycançılıq ideologiyası ətrafında birləşib fəaliyyət göstərsin, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət etsin. Amma o təşkilatın rəhbərliyi başqa bir ölkədə oturub Azərbaycanın daxili işinə qarışır, boyundan yuxarı bəyanatlar verir, öz miqyasına uyğun olmayan hadisələrə girib təşkilatın adından istifadə edərək şəxsi məqsədlərini təmin edir. Belə hallar yolverilməzdir. Qaldı ki, təşkilatın indiki rəhbərliyi ilə münasibətlərə, fikrimi söyləyim: şəxsən Abbas Abbasov Azərbaycan dövlətinə uzun müddət xidmət etmiş şəxsdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin özünün ağsaqqalı olduğunu, Azərbaycan rəhbərliyinin siyasətini dəstəklədiyini bəyan edir. Bizim üçün də bu bəyanatlar təqdirəlayiqdir. Amma hər kəsin verdiyi bəyanatla əməli işi uyğun gəlməlidir. Bu tipli bəyanatlar verən Abbas Abbasovun Söyün Sadıqov kimi Azərbaycan dövlətini dağıtmağa xidmət edən bir adamla eyni çətir altında olması düzgün deyil. Çünki belə bəyanatların müəllifi A.Abbasov kiminlə eyni çətir altında olmasına diqqət edərək, özü üçün dəqiqləşdirmələr etməli, azərbaycançılıq ideologiyasına xidmət edən mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Yalnız bundan sonra biz onunla hər zaman əməkdaşlığa hazır olacağıq.

  • Ukraynadakı problemli mənzərə daha qabarıqdır. Bir vaxtlar Heydər Əliyevin tövsiyəsi ilə dünyada ilk azərbaycanlıların konqresi olaraq yaradılan Ukrayna Azərbaycanlıları Konqresi bir ildir iflic vəziyyətdədir. Keçmiş sədr İlqar Abbasov ötən ilin noyabr ayında rəsmən istefa versə də, yenidən konqresə seçkilər keçirilsə də, rəsmi nəticələrin tanınması baş tutmur. Əksinə, oradakı azərbaycanlılardan ibarət müxtəlif təşkilatlar yaranıb ki, onların da fəaliyyəti bir-biri ilə mübarizə aparmaqdan ibarətdir. UAK-ın yaşama ehtimalı varmı?

  • Zamanında ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə orada böyük bir konqres yarandı. Mən də o zaman orada səfir işlədiyim üçün bunun yaranmasında yaxından iştirak etdim və dəstəyimi göstərdim. Amma sonrakı illərdə adlarını çəkmək istəmədiyim müəyyən adamların yanlışlığı üzündən böyük bir boşluq yarandı.

  • Bəlkə artıq ad çəkəsiniz və günahkarlar bəlli ola?

  • Hesab edirəm ki, ad çəkmək önəmli deyil daha, çünki o adamlar artıq ortada deyillər, yoxdurlar. Onlar o vaxt öz yaramaz fəaliyyətləri ilə UAK-a konflikt toxumu səpib getdilər. Uzun illər yaranmasında mənim də əməyim olan UAK-da indi toplaşan insanlar yaxın insanlardır. Hazırda təşkilatda rəsmən sədr olmaq istəyən Rövşən Tağıyevin özü də konqres yaranan zaman mənim yanımda səfirlikdə çalışırdı. İndi ətrafında mübahisələr olan UAK da, Hikmət Cavadovun yaratdığı yeni təşkilat da – indi əsasən paralel olaraq fəaliyyət göstərirlər, – bizim tərəfimizdən tam dəstək alan qurumlardır.

  • Amma komitənin rəsmi internet səhifəsində H.Cavadovun təşkilatı qeydiyyatdadır, R.Tağıyevin rəhbərlik etdiyi yox. Yəni onlar bu dəstək fərqinə görə narazılıq edirlər…

  • Hər iki təşkilata söyləmişəm ki, paralel olaraq fəaliyyət göstərsinlər. Qoy təbii seçim olsun. Məsələn, Kaliforniyada 1300 müxtəlif erməni diaspor təşkilatı var. Amma məqsədləri birdir. Bu daha yaxşıdır onlar üçün, çünki bir var Senata bir təşkilat məktub göndərsin, bir də var 1300. Yəni bəzi hallarda təşkilat çoxluğu ziyanlı hal deyil. Təki məqsəd, ana ideyası eyni olsun – azərbaycançılıq. Əsas odur ki, Ukraynada olan azərbaycanlılar bu iki təşkilatda birləşib fəaliyyət göstərirlər. Onlar fəaliyyət göstərsinlər, biz də baxarıq. Zaman öz sözünü deyəcək. Rövşən Tağıyevin də, digərlərinin də borcudur ki, həmin ölkədə, məsələn, qondarma “erməni soyqırımı” kimi məsələlər ortaya çıxanda özünün əlaqələrindən, münasibətlərindən istifadə edib bunun qarşısını alsın. Bu azərbaycançılıq borcudur.

  • Yeri gəlmişkən, bu yaxınlarda Ukrayna parlamentində elə sənəd qaldırılanda komitənin rəsmən tanıdığı digər vilayət təşkilatları da daxil olmaqla heç bir təşkilat mövqe bildirmədi, susdu. Qeyri-rəsmi səbəb göstərirdilər ki, o layihənin müəllifi olan erməni deputatlar güclü maliyyə bosslarıdır, onlarla üz-üzə gəlmək riskdir…

  • O zaman kim burada aktiv oldusa, deməli, ictimaiyyət onun ətrafında birləşəcək və vahid bir azərbaycanlı təşkilatının başına gələcək. Rövşən Tağıyev çoxdan tanıdığımız dövlətçiliyə sədaqətli insandır. Başqası ortaya çıxıb daha aktiv olacaqsa, azərbaycanlılar onun ətrafında birləşəcək.

  • Bəs sırf UAK-ın rəsmi taleyi necə olacaq? Yəni artıq neçə ildir ki, seçkilər rəsmən tanınmır, baş tutmur…

  • Mən Ukraynanı dərindən tanıyan adam kimi, UAK-ın yaradanlardan olan şəxs kimi, komitə sədri kimi deyirəm ki, UAK ləğv olunmayacaq, yaşayacaq. Hətta ola bilsin, ona paralel təşkilatların sayı da çoxalsın. Əsas odur azərbaycanlılar ideya ətrafında birləşsin. Hətta elə əlavə təşkilatlar yarana bilər ki, oradakı azərbaycanlıların fəaliyyəti daha effektiv olsun. Əsas olan odur ki, oradakı azərbaycanlılar bir fikrə gəlib bir masa arxasında otursunlar. Bizim tərəfdən problem yoxdur, onlara daim dəstək verməyə hazırıq.

  • UAK-ın köhnə idarə heyətində Azərbaycandakı müxalif partiyaları təmsil edən, Azərbaycan hakimiyyətinə müxalif olan şəxslər də var. Onlar sizinlə əməkdaşlığa problem yaratmır ki?

  • Belə insanlar hər ölkədə diaspor təşkilatında həmişə olub. Azərbaycandan vaxtilə müxtəlif bəhanələrlə siyasi mühacir adı ilə gedən, siyasi mühacir adı ilə həmin ölkələrdə qeydiyyatdan keçən insanlar var. Hətta Avropada daha biabırçı faktlar var: erməni adı ilə qeydiyyatdan keçən bəzi azərbaycanlılar orada statuslarını qoruyub saxlamaq üçün Azərbaycan dövləti əleyhinə çıxışlar edir, bununla divident qazanmağa çalışırlar. Amma belə adamların sayı o qədər azdır ki, onlar heç bir zaman bizim ümumi işimizə təhlükə törədə bilməzlər. Buradan da onlara bəyan edirəm ki, dövlətçiliyə əks olan insanlar bizi qarşılarında görəcəklər. Biz ilk gündən də bəyan etmişik ki, siyasi baxışından asılı olmayaraq, dünya ölkələrində istənilən azərbaycanlı əgər dövlətçiliyə xidmət edirsə, biz onun yanındayıq. Əgər kimsə bizdə səhv görürsə, fəaliyyətimizdə qüsur görürsə, şəxsən mən onunla üzbəüz, istənilən auditoriyada debata hazıram. Əgər kimsə Azərbaycan dövlətinə qarşı dağıdıcı fəaliyyət göstərirsə, tək bizim iqtidarın yox, bütün Azərbaycanın düşmənidir. Burada daha çox ictimai qınaq aktiv olmalıdır, nəinki bizim apardığımız siyasət.

  • Fransada Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyevanın bu ölkənin parlament binasında ermənilər və ermənipərəst fransalı deputat tərəfindən döyülməsi ciddi rezonans doğurdu. Amma buna baxmayaraq, Paris Prokurorluğu “kifayət qədər sübut yoxdur” səbəbi ilə işi bağladı. Məlumata görə, sizin komitənin də yaxından dəstəyi ilə M.Fətəliyeva Paris məhkəməsinə yenidən cinayət işi açılması üçün müraciət edir. Bu hadisənin sonu necə gözlənilir?

  • Bu məsələlərdə gözləntilərimiz ictimaiyyəti aldatmasın. Hansısa ölkədəki tədbirlərdə azərbaycanlıların atdığı addımlar və onlara qarşı olan reaksiyalar əlbəttə ki, ictimai fikirdə həssas qarşılanır. Biz Mirvari Fətəliyevaya lazım olan dəstəyi vermişik ki, proseslərdə irəliləyiş əldə edə bilək. Təbii ki, bizim indiki halda Fransa femidasına təsir imkanlarımız çox aşağıdır. Qarşı tərəf də iddia edir ki, “bunlar bizim qapalı tədbirimizə dəvət olunmamış gəliblər, toplantımızı pozmaq istəyiblər, biz də sakit qala bilmədik” və s. Amma bizim üçün burada əsas məsələ deyil ki, məhkəmə olacaq və kimisə həbs edəcəklər. Belə gözləntimiz də yoxdur. Əsas məsələ odur ki, Azərbaycan diasporunun nümayəndələri bütün riskləri göz önünə alaraq gedib öz sözünü deyə bilir. Əsas olan Azərbaycan diasporu rəhbəri olan bir xanımın bu qədər risklə, ürəklə o qədər erməni arasına girib öz sözünü deməsidir. Gənclərə bunu aşılamaq lazımdır. Onsuz da Fransa prokurorluq sisteminin, məhkəməsinin mövqeyi məlumdur və bizə önəmli deyil. Bizə önəmli gənclərimizin dünyanın bir çox yerlərində öz sözlərini deməsidir. Mirvari Fətəliyevanın hərəkəti isə qəhrəmanlıqdır, ermənilər kimi baş kəsənlik deyil.

Dünyanın bir çox yerində ermənilərin adı ilə hardansa bir fikir meydana çıxdı ki, “xalq diplomatiyası” adı altında ermənilərlə azərbaycanlıların daha sıx əlaqəsi yaradılsın. 2000-ci illərdə belə bir fikir yaradıldı ki, guya Azərbaycan xalqı artıq itkilərlə razılaşıb, bircə Azərbaycan rəhbərliyi qalıb ki, ona da müəyyən təzyiqlər göstərilsə, Dağlıq Qarabağın müstəqil respublika olma prosesini başa çatdırmaq olar. Bununla dünyanı aldatmaq üçün “xalq diplomatiyası” deyilən bir mövzunu ortaya atdılar. Hər yerdə Azərbaycanın diaspor təşkilatlarını da sövq edirdilər ki, yaşadıqları ölkələrdə erməni təşkilatları ilə sıx əlaqədə olsunlar və s. Biz bunun qarşısını çox kəskin şəkildə aldıq.

  • Son illər bizim xaricdəki diaspor təşkilatlarımızın həmin ölkələrdəki səfirlərimiz ilə problemləri, qarşılıqlı ittihamları yaşanır. Adətən, səfirlərin diplomatik fəaliyyətdən kənara çıxaraq diasporun fəaliyyətinə birbaşa müdaxilə ittihamları var. Hətta bunu Dünya Azərbaycanlılarının Qurultayında ölkə başçısı da dilə gətirdi və belə problemləri aradan qaldırmağı tapşırdı. Nə baş verir? Səfirlərlə diaspor təşkilatlarını qarşı-qarşıya qoyan nədir?

  • Əlbəttə, ölkə rəhbərliyinin bu barədə ciddi iradları olub. Səfirliklərin qarşısında vəzifə qoyub ki, diasporun işinə maneə yox, daha çox diasporun inkişafına, fəaliyyətinə əl-ələ verib dəstək olsunlar. Diaspor fəaliyyətinin qurulması uzun bir prosesdirsə, səfirlərin o ölkədəki fəaliyyəti müəyyən bir dövrlə məhdudlaşır və digər ölkəyə gedirlər. Yəni hər yeni gələn səfir özü ilə bərabər yeni düzən gətirərsə, o zaman diaspor fəaliyyəti axsayar. Əsas səbəblərdən biri də elə budur. Ona görə səfirlərimiz də, biz də birlikdə bilməliyik ki, diaspor fəaliyyəti uzun zamanda qurulan bir prosesdir və bu prosesə şəxsi fikirlərlə müdaxilə etmək böyük bir ziyana səbəb olar. Burada ancaq gedən prosesə müdaxilə yox, yardım edilməlidir. Əgər hansısa problem varsa, bu problemin tez bir zamanda həllinə dəstək göstərmək lazımdır.