Dilənçiliyin reformasiyası

faz

Ötən həftə şadlıq evində qarsonla aramızda maraqlı dialoq oldu. Tanışlardan birinin övladının toyu idi. Ramazandan sonrakı Şəvval ayının 6 günlük sünnət Orucunu tutduğum üçün toy məclisinə saat 6-da gəlmişdim. İki qarson ətrafımda yer alıb dərhal menyuları sadalamağa başladı. Sakitcə bildirdim ki, orucluyam və saat 20.45-dən erkən yeyə bilməyəcəyəm. Ona görə də heç nəyi təklif etməyin. Saat 20.00-də də futbol oyunum olacağına görə, saat yarımdan sonra ayrılmağa qərar verdim. Yerimdən qalxarkən, gənc qarson alışılmış soyuqqanlılıqla söylədi: “Müəllim, bizə bir hörmət etməyəcəksən?”

Adətən toylarda Şadlıq evi sahibləri gənc qarsonlara çox cüzi miqdarda zəhmət haqqı ödəyirlər və bilərəkdən onları buraxırlar məclis əhlinin üzərinə. Bəzi yekəxana azərbaycanlılar da özlərini göstərmək üçün masaya oturan kimi dərhal qarsonun cibinə 50 və ya 100 manatı basıb, yaxşı qulluq etməsini tapşırırlar. Bundan sonra hamısı gözünü dikir məclisdə iştirak edənlərin cibinə. Süni şəkildə adamı bezdirməyə başlayırlar ki, çıxarıb pul verəsən. Hərdən saymazyana davranışları görəndə məcbur olub biz də qarsonun cibinə yüngülvari pul qoyuruq ki, normal xidmət göstərsin. Bunları vaxtaşırı yaşasam da, qarsonun bu qırmızılığı məni xeyli təəccübləndirdi. Geri qayıdıb yerimdə oturdum və onun da oturmasını istədim. “Övladım, burada xidmət sənin vəzifəndir və bunun üçün mənim hansısa vəsait ödəmə öhdəliyim nəzərdə tutulmayıb. Mən axı yemək yeməmişəm, deməli sən də mənə qulluq etməmisən. Xdmət göstərmədiyin halda necə olur ki, qonaqdan pul istəyə bilirsən?”

Hiss etdim ki, qəlbində ciddi bir narazılıqla yanımdan uzaqlaşdı. Anlamadı demək. Əslində bu mövzunu Azərbaycanda anlatmaq elə də asan deyil. Dilənçiliklə нardıma ehtiyac fərqli şeylərdir. Avropa ölkələrində səfərdə olarkən, küçələrdə, meydanlarda iki akrobatın, yaxud bir qarmonçalanın və ya bir rəssamın öz panamasını və ya şapkasını yerə qoyub pul yığmasına heç vaxt dilənçilik kimi baxılmır. Adam öz sənətini, qabiliyyətini təklif edərək Yardıma ehtiyacı olduğunu göstərir. Səni süni ağlamaqla, cümə namazı vaxtı məscidin qapısına doluşaraq Allahın adından spekulyasiya edərək yumşaltmağa çalışan bizim qadın və kişiləri görəndə əlbəttə ilk öncə düşünürsən ki, ölkədə sosial şərtlər dəyişməsə, bu insanların problemini də çözmək çətin olacaq. Bununla belə, dilənçilik şəbəkəsində də bəlli bir əxlaq qaydalarının təsis edilməsi, bəlkə də modernləşməsi aktual məsələyə çevrilməkdədir. Bəlkə hansısa xidmət göstərərək yardıma ehtiyacı olduğunu göstərmək daha əxlaqlı davranışlar ortaya qoya bilər? Daha çox cəmiyyətdə mərhəmət duyğusu yarada bilər? Bilirəm, yoxsulluq acınacaqlıdır, ancaq yuxarıdakı qarson nümunəsində olduğu kimi, adamlar anlamaq istəmirlər ki, hər kəs formal da olsa, mütləq hansısa xidməti, əyləncəni, sənəti nümayiş etdirərək insanlardan yardım istəsələr, öz şəxsiyyətlərini, qürurlarını daha az zədələmiş olarlar.

 

Fazil Mustafa