DİN vətəndaşlara müraciət etdi

DIN

 

Daxili İşlər Nazirliyi (DİN) son vaxtlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün vətəndaşlardan nazirliyə müraciətlərin daxil olması ilə əlaqədar məlumat yayıb.

DİN-in mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, cari ilin iyunundan etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsilə vətəndaşlar DİN-in rəsmi veb-saytına (http://mia.gov.az/?//content/liability) daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.

İnteraktiv pəncərədə iki variantda – soyad, ad, ata adı və doğum tarixini qeyd etməklə və ya şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və şəxsin doğum tarixini göstərməklə axtarış aparmaq mümkündür. Daxil edilən məlumatın düzgünlüyünə əmin olmaq üçün vətəndaşlara hər iki variantda axtarış aparmaları tövsiyə edilir.

Əgər şəxs axtarışdadırsa, qırmızı rəngdə “Diqqət, siz borclu kimi axtarışdasınız!” cümləsi ekrana çıxır və həmin şəxs barəsində məlumatlar, o cümlədən axtarışı ilə bağlı hansı polis orqanına müraciət etməsi göstərilir. Vətəndaş borcunu müvafiq qaydada ödədikdən sonra onun barəsindəki məhdudiyyət aradan qaldırılır. Şəxs axtarışda deyilsə, o zaman ekranın aşağı hissəsində yaşıl rəngdə “Axtardığınız parametrlərə uyğun borclu barədə məlumat tapılmamışdır” cümləsi yazılır. Bu isə sorğu edilən şəxsin borclu kimi axtarışda olmadığının göstəricisidir.

Scroll to top