Diri və ölü sözlər

 

sabir

Söz – silah, iş, sevgi və çörəkdir!

Buna görə Sözə borcluyam, onu qoruyuram, sevirəm və qısqanıram.

Sözün yolu – xalqın yoludur. Hər ikisi ürəyimi titrədir. Hər ikisi sirli və sehirlidir. Hər ikisinin kökü, başlanğıcı Tanrıdan başqa kimsəyə bəlli deyil. Ağlım kəsəndən hər gün xəyalən bu yolu geriyə qayıdıram. Görürəm ki, hər sözdən xalqın uzaq keçmişinə, yaranmasına və təfəkkürünə, dünyanı qavrama tərzinə bir pəncərə açılır. Görürəm ki, tarixin hər səhifəsindən yeni-yeni sözlər cücərir, onu yaradanla birgə boy atıb yaşayır və yayılır.

Sözün də öz ömrü – doğuşu, olumu və ölümü var. Söz da xalqların yol yoldaşıdır; tər töküb ölkə qurur, vuruşur, döyüşə aparır, şənlik edir, yas saxlayır, qocalır, yorulur və itir. Tarix – zamanın unutqanlığında, yolları ot basır, söz paslanır, əldən və dildən düşür…

Amma sözlərin ölümü təkcə qocalıb əldən düşməklə gəlmir, lap elə cavan, işlək vaxtında dəyərini itirən, gücünü və əhəmiyyətini qeyb edən sözlər də var ki, cavan ölür, yaxud diriykən ölüyə çevrilir.

Burası da var ki, ən bahalı geyimlər əprimiş bədənlərə təravət gətirə bilmədiyi kimi, ən parlaq sözlər də sirinsimiş ruhlara qanad taxa bilməz…

Ən iti qılınclar gücsüz əldə oyuncağa çevrilir, ən çevik atlar qorxaq süvarinin altında qatıra dönür.

Söz millətin ruhudur! Kərpic-kərpic binalar tikilir, söz-söz ruh abidələri – əsərlər. Zaman Qobustan qayalarındakı yazıları pozur, Sfinksin burnunu ovur, ehramları əridir, göylərə əl atmaq ehtirasıyla ucaldılan qüllələri böyrü üstə qoyur, amma sözün gözünə də üfürə bilmir. Sözlə qurulan abidələr daha etibarlı və uzunömürlüdür.

Millət – sözü, Söz – milləti qoruyur!

Söz də özünü qorumaq və yaşamaq uğrunda qanlı savaşlardan, ölüm-dirim mübarizələrindən keçib.

Qalalar – qorunmaq, abidələr – unudulmamaq ümidləridir. Sözün də qalalara sığındığı və ucaltdığı abidələr sayəsində yaşaya bildiyi vaxtlar olmuşdur.

Millətin ruhu və ümidi qırılanda, sözlər də qoşun kimi pərən-pərən düşür.

Monqolustanda – Tonyukukda və ya Orxon nəhri vadisində ölən sərkərdələr üstündə deyilən ağılar ulusun sonsuz ağrısını qoruya bilməyəndə, o ağrını, dərdi və çarəsiz, çətin durumu daşa köçürüblər.

Ağıllarına gəlməyib ki, bu ölüm türk dilinə, özəlliklə, oğuz-azəri türkcəsinə dirilik vəsiqəsi verəcək.

Baş daşları – dilin beşiyinə və əbədiyyət ünvanına çevriləcək!..

Çöllərdə nida işarəsi kimi ucalan o ağ mərmər sütunları qucaqlayıb, əlimi yuxarıdan aşağıya doğru yazılmış doğma kəlmələrə sürtəndə – elə bildim, sütunların içində bir ürək döyünür, üstündə yazılmış “tanrı”, “türk”, “yer”, “oğuz”, “bəy”… sözləri kimi, bu daşların özü də min üç yüz ildir canlıdır və bu məğrur ucalığından min üç yüz ildir sonsuz düzəngahlara göz dikib nəyisə gözləyir.

Türkoğuz, türkazər dilinin hər kəlməsiylə həm tarix, həm bugün olan, min beş yüz ilin ruhunu bu günə daşıyan başqa bir abidəsi də Dədə Qorqud Kitabıdır. Dədə Qorqud Kitabı dilimizin İçəri şəhəridir: hər boyu bir Qız Qalası, bir Çıraqqala, saray, abidə, bürc…

Dədə Qorqud boylarındakı real və mifik tarixlərin də İçəri şəhər kimi yaşını bilən yoxdur; daş altından daş, söz altından söz çıxır; hər süjet bir minillikdən, əfsanəyə dönmüş bir həqiqətdən gəlir, sonra Dədə Qorduq adına bağlanır, onun dilində zaman sərhədləri itir, keçmişi canlandırır, canlı olanı tarixə çevirir. Yaşından asılı olmadan Dədə Qorqud sözü həmişə işlək və yaşarıdır; İçəri şəhər muzey cansızlığını qəbul etməyən canlı bir həyat içində olduğu kimi, Dədə Qorqud sözü də bugünkü dilimizin ən işlək qatıdır…

Türkazər dili min beş yüz il əvvəlki cilvəsi ilə Dədə Qorqud boylarına köçüb bir qalaya, bir abidəyə çevrilsə də, Orxon və Tonyukuk daşları kimi, bu abidələrin də ürək döyüntüsü aydın eşidilir.

Quran da ərəb dilinin ölümsüz abidəsidir; amma bu bir ziyarətgahdır!

Nə Dədə Qorqud boyları kimi yaşayışı olan, nə də ziyarətgaha dönən qalalar da var! Ölü dillərin yadigarı!

Söz Tanrıya bağlananda işıqdır, əbədiyyətdir, baldır; İblisin dilinə düşəndə zülmətdir, şərdir, zəhərdir…

Yaşı bilinməyən İçəri şəhərdə yaşamağa, işləməyə bu gün də üstünlük kimi baxılır, orda rahatlıq tapırlar. Xarici firmalar, səfirliklər də ora can atır, orda məskunlaşmağa çalışırlar.

Heç kim İçəri şəhər məhəllələrində tapdığı rahatlığı, canayatımlığı mikrorayon məhəllələrində tapa bilməz!

İçəri şəhərin hər bir evi qədim olduğu kimi, həm də müasir, hər gələn nəsil üçün yenidir; mikrorayonların yelçəkən küçələri, evləri və mənzilləri yeni olsa da, yeniliyiylə adamı qovan, yeniliyində köhnələndir.

Qədim olduğu qədər canlı olan sözlərin cazibəsiylə, anadan ölü doğulan yeni sözlərin müqayisəsi də elə bu cürdür.

Kiminsə tutarlı bir ifadəsi yadıma düşür: “Şüar – söz deyil, sözün ölümüdür!”

Yəqin ki, burda “şüar” vərdiş elədiyimizdən daha geniş anlamda qəbul edilməlidir…

Əslində, şüar da, söyüş də, mədhiyyə də haqqı inkar edən sözlərin qanını sorur, onları cansızlaşdırır və gözdən salır.

Bu gün Milli Məclisdən tutmuş televiziya verilişlərinədək, qəzet məqalələrindən tutmuş nəfis nəşr edilmiş kitablaradək – dövlət dili səlahiyyətiylə qol-qanad açmış dilimizin nəhayət ki, sıxıntılardan qurtarmasından qürur duyuruq… Amma bu dil meydanında hərdən özümü, nədənsə, mikrorayon evlərindəki kimi naqolay hiss edirəm, uyut, rahatlıq tapa bilmirəm. Hərdən də dil elə şəkil alır ki, özümü ölü sözlər arasında, ölü sözlər qəbiristanlığında hiss edirəm!

Hansı yüksəklikdən səslənir-səslənsin, hansı dəbdə geyinir-geyinsin, söz həqiqəti ifadə etmirsə, yalan və riyakarlıqdan doğulursa, elə doğuluşundan ölüdür!

Qəzetlərimizin manşetləri, məmurlarımızın çıxışları, deputatlarımızın nitqləri, saytlarımızın barmaqsorma və süjetqayırma əhvalatları…

Dil həm də əxlaq göstəricisidir. Adamın əti ürpəşir: aşağıdan yuxarıya gülünc bir mədhiyyə yarışı gedir. Xəstəliyə çevrilib. Hər kəs başının üstündəkinə bəytərifi deyir: fəhlə briqadirinə, müəllim direktoruna, həkim baş həkimə, rayon sakinləri icra başçısına, icra başçısı Prezident Administrasiyasına, məmurlar prezidentə… Saxta sözlər yarışı! Biri bunları saxlayıb demir ki, ay bala, sən mənə niyə tərifnamə deməlisən, xeyir olsun?! Kişi sözünü işıqlı deyər! Məni sevirsənsə, yaxşı işlə, düz işlə, xalqı sev, camaatı məndən incik salma, oğurluq, quldurluq, riyakarlıq eləmə! Onda sənin sözünün mənası olacaq! Mənim sülaləmi tərifləyib, başımın altına yastıq qoyaraq, gedib məni gözdən salan işlər görəcəksənsə, lənət sənin tərifinə!

Həyatın dibindən gələn bir düz söz ən yüksək kürsüdən deyilən namussuz sözdən daha uca və daha uzunömürlüdür…

İlahi, yazığın gəlsin bu dilə! Bu qədər abort sözə, şikəst və xəstə sözə necə dözəcək o! Və bu xəstəlik yavaş-yavaş dilin gücünü, enerjisini sorub, onu yarımcan vəziyyətə salmayacaqmı?

Dil bazarçısı yalandır, varmazam bazarinə,
Gerçək olmaz, əgridir, inanmazam iqrarinə.
Sadiq oldur dilini könlü ilə bir eyləyə
Əgri dildən nəsnə gəlməz, durmuşam inkarinə…

Bu, altı yüz il öncənin Nəsimi əxlaqı və Nəsimi dilidir…

Təəssüf ki, əyridillilər altı yüz ildən sonra da var və bəlkə də Nəsimi dövründən daha çoxdurlar.

İşlək dil elliyindir, hər kəsin malıdır. Torpaq kimi, kim istəsə, əkib-becərə bilər… Amma torpaqdan nəsə yaratmaq sənətkar işidir. Təəssüf ki, bu gün söz yaradıcılığı, söz meydanı ən nəzarətsiz sahəyə çevrilib və burda əyridillilər, saxta söz “xiridarları”, tam bir cəzasızlıq şəraitində, ictimai qınaqdan kənarda meydan sulayırlar…

Təkcə qəzetlər deyil… Bugünlərdə biri mənə bir şeir toplusu verdi; nəinki şeir, düzgün, təmiz ana dilində yazılmış bircə misra tapa bilmədim orda. “Burda bircə dənə də şeir yoxdur”, – dedim. Bir neçə müddət sonra zəng vurdular: “O kitabı işləyib hazırlayıblar. Bəlkə ona ön söz yazasınız?” Kim təzədən yazmışdı onu? Cansız və ruhsuz, mənasız söz yığınlarını qafiyələndirib, şeir görüntüsü yaradılsa, nə olacaq ki?! Tabuta ha bəzək vur!

“Min bir mahnı” kitabı var. Xeyirxah iş görüblər. Burda mahnı mətnlərinin çoxu yanlış köçürülüb, yaddaşlarında necə qalıbsa, elə qeyd eləyiblər, buna dözmək olar; amma kitabda mahnı adına millətə sırınan mətnlərin çox böyük hissəsinin bədii sözə aidiyyəti yoxdur. Cəmiyyətə sırınan yüzlərcə mənasız mahnı var… ölü sözlərdən doğulub. Bu cür mətnləri hansı musiqiylə bəzəyirsən-bəzə, heç kim onlara can və ömür verə bilməz. Təəssüf ki, bu gün mahnı yaradıcılığındakı, poeziyadakı “həvəskarlıq” epidemiyası sürətlə yayılır və ölü sözlərin, ölü şeirlərin, ölü mahnıların sayı gündən-günə artır.

Dilin gələcəyi, taleyi – işləkliyi, yayılma dairəsi, rəsmi statusu, daşıdığı informasiya yükü, qorunması ilə yanaşı, həm də onun mənəvi enerjisindən, sözünün sehrindən, gücü və canlılığından asılıdır.

Şərait dəyişiləndə, quruluşlarla, ictimai sistemlərlə birgə sözün də dəyişmə prosesi gedir. SSRİ zamanında parıltılı görünən nə qədər söz bu gün arxaikləşib, fəal leksikondan çıxıb. Bu gün cazibədar görünən bir sıra bəzəkli sözlər də sabah mənasını itirəcək. Mayası olmayan taxıl tez qaralıb çürüdüyü kimi, puç, mayasız sözlər də çürüyüb töküləcək.

Dili qorumaq üçün təkcə Dil Qanunu yetərli deyil. Ruhumuz və mühitimiz kimi, sözümüzün də kəsərini, gücünü, canlılığını, ilk növbədə, düzlüyünü qoruyub saxlamağı bacarmalıyıq.

 

Sabir RÜSTƏMXANLI