Doğuş zamanı fotosessiya

Son zamanlara ölkəmizdə yeni tendensiya meydana çıxıb. Belə ki, uşağın anadan olması anı videoya çəkilir, doğuşdan dərhal sonra valideynlərlə birlikdə uşaq fotosessiya edilir. Doğuşdan sonra fotosessiyanı bəzi məqamlarda özəl kliniklar təklif edir, yaxud fotoqraflar bunun üçün xüsusi çağırılırlar.

Doğuş zamanı fotosessiyanın qiyməti 300-500 manat təşkil edir.

Bəziləri bunu müasirlik hesab edir. Digərləri isə Azərbaycanın mənəvi dəyərlərinə, böyük önəm daşıyan ailə institutuna uyğun gəlməyini qeyd edir.

Məsələ ilə bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tahir Rzayev qeyd edib ki, doğum anının videoya çəkilməsi düzgün deyil:

 

“İnsanların dünyagörüşləri müxtəlifdir, bəziləri elə bilir ki, bu, yaxşı haldır, xatirədir. Doğum anının videoya çəkilməsi düzgün deyil, çünki həm xəstənin əhval-ruhiyyəsini korlaya bilər, həm də həkimin diqqətini yayındıra bilər. Əlavə olaraq, doğuş zamanı qadının səhhətində müəyyən problemlər olur, o səbəbdən doğuş zamanı foto, yaxud video çəkilməsini doğru hesab etmirəm”.

Millət vəkili bildirib ki, doğuşdan sonra onun lentə alınması daha düzgün olardı.

“Ailəyə bir övlad gəlir, bunu xatirə kimi çəkmək yaxşı haldır”.

Millət vəkili onu da bildirib ki, əvvəllər qadının dünyaya uşaq gətirməsi utanc gətirən hal kimi qəbul edilib:

“Hətta dünyaya körpə gələndə bəzən kişilər, müəyyən qadınlar doğum baş verən ərazidən uzaq olurdu. Lakin biz ananı hər cür qəbul etməliyik, onun əhvalını qaldırmalıyıq. Keçmişdən yaxşı detalları – abır, ismət, həyanı saxlamaq düzgün olardı.

Gül bağışlamaq olar, gözəl bir maşında onu gəzdirmək, çıxanda onu çəkmək yaxşı haldır. Xatirə kimi, gələcəkdə uşağı şad eləmək, həmin günü xatırlamaqdan ötrü çəkiliş yaxşı olardı”.

Sosioloq Cavid Şahmalıyev qeyd edib ki, insan hekayələrinin, xüsusilə də əlamətdar hadisələrin hekayə kimi, şəkil, yaxud video halına salınması çox əhəmiyyətlidir.

 

Onun sözlərinə görə, əlamətlər hadisələrin filmə çəkilməsi, yaxud fotosessiyanın hazırlanması ailə bağlarını möhkəmləndirir, ailə münasibətlərini gücləndirir:

“İnanmıram ki, bizdə kimsə uşağın doğulmasını videoya çəksin, lakin uşaq dünyaya gələndən sonra, doğum evindən çıxanda prosesi lentə almaq ənənəyə çevrilib.

Bunun əhəmiyyəti ondan ibarətdir ki, bu, ailə tarixçəsidir, ailənin möhkəmliyinə xidmət edə biləcək gücə sahibdir. Məsələn, ailə genoqramması deyilən bir nəzəriyyə var. O nəzəriyyə tərəfdarları hesab edirlər ki, məsələn, il dönümlərini, ilk tanışlıq müddətini, toylarının il dönümünü, uşaqların doğum günlərini xatırlamayan şəxslərdə münasibət də zəifdir. Onlarda ailə bağlarının zəif olduğunu düşünürlər. Bu, beynəlxalq yanaşmadır. Ailə bağlarının möhkəmləndirilməsinə xidmət edəcək hər bir addım alqışlanmalıdır”.

C. Şahmalıyev doğumdan sonra fotosessiyanın sosial şəbəkələrdə yayılmasını asosial hərəkət hesab edir:

“Məsələnin problemli tərəfi isə bunun ictimailəşdirilməsidir. Məsələn sosial şəbəkələrdə, “Whatsapp”da, yaxud digər proqramlarda yayılmasını sırf insani münasibətlərə görə sosial hesab etmirəm. Hətta doğulmayan uşağın “UZİ” şəklini “Whatsapp” profil şəklinə qoyan ana görmüşəm, bu, təbii ki, onların sevincidir, amma özlüyündə asosial hərəkətdir”.

Onun sözlərinə görə, şəxsi həyatla bağlı hadisələr, şəxsi kədər, şəxsi sevinc daha çox ailədən olan şəxslərlə qeyd olunmalıdır:

“Ailə o zaman möhkəm olur ki, sevinc və kədər ailə daxilində müzakirə olunur, qeyd olunur, təmtəraq onda lazımdır. Çölə göstərirsə, bu xoşbəxt ailə tablosu yox, natamam ailə tablosu təsiri bağışlayır”.

Rəsul