Dolları ucuzlaşdıracaq qərar

Ölkədə valyuta dəyişmə məntəqələri yenidən bərpa edilir. Məlum olduğu kimi, bir müddət əvvəl sözügedən məntəqələr bağlanmışdı və əsas səbəb kimi valyuta axınının qarşısını almaq göstərilirdi. Eyni zamanda valyuta dəyişmə məntəqələrinin süni bahalaşmaya səbəb olduğu bildirilirdi. Sonradan isə bu arqument özünü təsdiqləmədi. Məlum oldu ki, valyutadəyişmə məntəqələrinin bağlanması nəticə etibarilə “qara bazar”ın fəaliyyətini genişləndirməsinə səbəb olub. Bu, həm də banklar arasındakı rəqabəti zəiflətdi. Valyuta dəyişmə məntəqələrinin bağlanması eyni zamanda 6 min iş yerinin bağlanmasına da gətirib çıxartdı. Artıq bu xidmətin bərpa edilməsi gündəmdədir.

Ekspertlər hesab edir ki, indiki mərhələdə bütün valyuta dəyişmə məntəqələrinin bərpası mümkün olmayacaq. Amma bəzi valyuta mübadilə məntəqələrinin fəaliyyətə başlayacağı bildirilir. Rəsmi qurumlar valyuta mübadiləsi məntəqələrinin bərpasının bankların mənfəətinə təsir etməyəcəyini bəyan etsələr də, ekspertlər bunun əksini deyir. Eyni zamanda bildirilir ki, valyuta dəyişmə məntəqələrinin yenidən fəaliyyət göstərməsi nəticəsində “qara bazar” sıradan çıxa bilər.

Maraqlıdır, valyuta mübadiləsi məntəqələrinin bağlanmasından sonra nələri itirdik?

İqtisadçı-ekspert Natiq Cəfərli XALQ.AZ-a  açıqlamasında deyib ki, əslində valyuta dəyişmə məntəqələri bağlanan ərəfədə də bunun heç bir ciddi təsirinin olmayacağı, əksinə yanlış qərar olduğu bildirilmişdi: “Səbəb kimi ajiotajın yaranması və valyuta bazarında gərginliyin olmasını əsas tuturdular. Amma əslində o xidmətin heç bir təsiri yox idi. Valyuta dəyişmə məntəqələri gərginliyin yaradılması səbəbi deyildi. Səbəb o zaman iki devalvasiyadan sonra yaranmış ümumi vəziyyət idi. Valyuta mübadiləsi məntəqələrinin bağlanmasının böyük ziyanı da o oldu ki, əslində həm ölkə əhalisi, həm də xarici qonaqlar üçün şənbə-bazar günləri, iş saatlarından sonra valyuta əməliyyatları aparmaq çətinləşdi. Bəzi hallarda isə mümkünsüz oldu.

Əslində onların əvəzində “qara bazar” yarandı. Bir ilə yaxın idi ki, Azərbaycanda ən böyük problemlərdən biri “qara bazar”ın olması idi ki, son vaxtlar bu məsələ səngidi və gündəlikdən çıxdı. İkinci məsələ isə ondan ibarət idi ki, ölkə ərazisində valyuta dəyişmə məntəqlərində 4 minə yaxın insan çalışırdı ki, onlar işsiz qaldılar. İndi yenidən valyuta dəyişmə məntəqələrinin açılması onu sübut edir ki, o vaxt verilmiş qərar səhv və tələsik idi. Eyni zamanda sonadək düşünülməmişdi”.

resul