Dövlətə 897 min manat fayda verdiyimə görə həbs olunuram

 

Ramin Məhəmmədoğlu: « Dövlətə 897 min manat fayda verdiyimə görə həbs olunuram»

Ölkədə iqtisadi böhranın dərinləşdiyi, əhalinin sosial vəziyyətinin ağırlaşdığı indiki məqamda yaranmış situasiyadan çıxış yolu axtaran dövlətimizə hamılıqla dəstək verməliyik. Bu müstəvidə medianın rolu əhəmiyyətli sayılmalıfdır. Çünki cəmiyyətin güzgüsü sayılan mətbuat, “dördüncü hakimiyyət” hesab olunan kütləvi informasiya vasitələri istər neqativ halları aşkarlamaqda, istərsə də korrupsiyaya meylli məmurları ictimai qınağa boğmaqda hökumətə etibarlı tərəf müqabili kimi çıxış edə bilərlər.
Mətbu fəaliyyətimlə əlaqədar olaraq, elə bilirdim ki, Ağcabədi rayon Təhsil Şöbəsində 897 min manatlıq maliyyə pozuntusunun fakt təsdiqini tapıb – R.M) ört-basdır edilməsinə cəhdin qarşısının alınmasına yardımçı olmaqla, hökumətə xeyir vermişik və bu vətəndaş mövqeyimizə görə təşəkkürnamə alacağıq. Ancaq çox təəssüflər olsun ki, dövlətimizin büdcəsinə 897 min manat fayda verən bu işlərimiz kimlərinsə xoşuna gəlmədi. Bizi sifariş etdilər və nəticədə inzibati orqanlarda “çək-çevir” edilərək məşəl ayağına çəkildik. Və bu “çək-çevir” insan, vətəndaş, jurnalist hüquqlarımızın kobud surətdə pozulması ilə müşayiət olundu. Son da, Ağcabədi rayon məhkəməsini 06.03.2017-ci il tarixli hökmü ilə atam, Qurbanov Məhəmməd Rəşdi oğlu 3 il müddətində azadlıqdan mərhum edildi. Özüm isə həbs təhlükəsi yaşayıram. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi mənim də barəmdə CM-nin 178.2.3-cü maddələri ilə cinayət ittihamı irəli sürərək qondarma cinayət işi açaraq Abşeron rayon Məhkəməsinə göndərdi. Artıq siyası şifariş əsasında mən də həbs olunuram. Haqq səsimizə hay verən də yoxdur. Belə çıxır ki, etməməliymişik. Göz yummalıymışıq. 897 min manat maliyyə pozuntusunun üstü açılmamalıymış. Susmaq məqsədəuyğun imiş…

Barəmdə qondarma cinayət işinin başlanılması üçün əsas hesab edilmiş “zərərçəkmiş şəxslərin ərizələri” onların özləri tərəfindən yazılmayıb və imzalanmayıb. Həmin şəxslər başqa cinayət işi üzrə araşdırma aparılarkən, mənim telefonuma gələn mesajların məzmunu ilə bağlı prokurorluğa çağırılaraq dindirilmiş, həmin dindirilmədən geri tarixə onların adından şikayət ərizələri yazılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa, prokurorluq orqanı qanunvericiliyin tələblərini pozaraq, heç bir əsas olmadan mənim telefon zəng tarixçələrimi, mesajlarımı ələ keçirmiş, həmin məlumatların ələ keşirilməsi ilə barəmdə cinayət işinin başlanılmasına stimul yaratmışdır. Halbuki, Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, vətəndaşların hüquq və azadlıqlarını pozmaq yolu ilə əldə olunmuş məlumatlar sübut kimi qəbul oluna bilməz. Eyni zamanda, cinayət işi CPM-nin tələblərinin kobud surətdə pozulması ilə aparılmış, istintaq hərəkətləri və qəbul edilmiş qərarlar barədə mənə heç bir məlumat verilməmişdir. Bundan əlavə, materiallardan məlum olur ki, cinayət işinin istintaqı zamanı müdafiə hüququmun təmin edilməsi barədə qərarın, vəkilin dəvət edilməsi, həmin vəkilin təqsirləndirilən şəxsə, yəni, mənə təqdim olunması yalnız kağız üzərində qeyd olunmuş, faktiki həyata keçirilməmişdir. Bu vaxtaparan prosedurların həyata keçirilməsinin başlanğıcı ilə mənim təqsirləndirilən şəxs qismində ilk ifadəmin alınması arasında cəmi 10 dəqiqə zaman keçmişdir ki bu da fiziki cəhətdən mümkün deyildir. Bu uyğunsuzluğu sezmək üçün yüksək hüquqi savada malik olmaq lazım deyildir.

Cinayət prosessual qanunvericiliyinin əsas tələblərindən biri olan cinayət işi üzrə tərtib olunmuş yekun aktı təqsirləndirilən şəxs kimi mənə təqdim olunmamışdır. Bu isə hüquq müstəvisində kobud prosessual pozuntu kimi dəyərləndirilməliydi.
Amma dəyərləndirilmədi!