DÖVLƏT PROQRAMI ÇƏRÇIVƏSINDƏ 263, 7 KM DƏMIR YOLU ƏSASLI TƏMIR OLUNUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamı sürətlə icra olunur. Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün dəmir yolunun Müsüslü-Bərgüşad mənzilində 12 kilometr yolun əsaslı təmirinə başlanılıb. Səhər start götürən təmir işləri ayın sonuna kimi davam edəcək.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun verdiyi məlumatda bildirilir ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 263,7 kilometr yol əsaslı təmir olunub, bunun da 191 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.
Qeyd edək ki, İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir.