Dövlət qulluğundakı vakant yerlər doldu

Vakant

Azərbaycan Respublikasının prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın oktyabrın 4-də və 25-də, noyabrın 5–də və 20-də 99 dövlət orqanında inzibati vəzifələrin beşinci–yeddinci təsnifatlarına uyğun olan 1065 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatıb.

Xalq.az-ın məlumatına görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 2325-i qadın olmaqla 6406 namizəd qeydə alınıb. Qeydə alınmış 6406 namizədin orta hesabla 81,78 faizini gənclər təşkil edib. Müsabiqənin test imtahanı mərhələsi 2013-cü il dekabrın 3-də, 2014-cü il yanvarın 15-də keçirilib. Namizədlərdən 2156 nəfəri (bütün namizədlərin 33,66 faizi) test imtahanında iştirak edib. Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 1374 nəfəri (bütün namizədlərin 21,45 faizi) qanunvericiliyə müvafiq olaraq müsabiqənin test imtahanı mərhələsini uğurla başa vurub.

Test imtahanı mərhələsini uğurla başa vuran namizədlərdən 373 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 746 nəfər 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 255 nəfər 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Müsabiqənin müsahibə mərhələsi 2013-cü il dekabrın 23-də, 2014-cü il aprelin 18-də keçirilib. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş 1183 namizəddən 120 nəfəri bu mərhələdə iştirak etməyib. Müsahibədə iştirak etmiş namizədlərdən 396 nəfəri uğur qazanıb, 667-si isə vəzifəyə uyğun hesab edilməyib. Müsahibədən uğurla keçənlərin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilib. Onlardan 154 nəfəri vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Müsabiqə qaliblərinin dövlət orqanları üzrə təyinatları davam edir.

Müsahibə mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları aşağıdakılardır: Əmlak Məsələləri Dövlət Komitəsi – 54 nəfər müsahibə mərhələsindən uğurla keçib; Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi – 32 nəfər müsahibə mərhələsindən uğurla keçmişdir; İqtisadiyyat və Sənaye Nazirliyi – 21 nəfər müsahibə mərhələsindən uğurla keçmişdir; Gənclər və İdman Nazirliyi – 20 nəfər müsahibə mərhələsindən uğurla keçib