Dovşan ovlayan icra başçısı

Dovsan

Alı Qocayev rayonu sakitcə mənimsəyir, icra başçısı vaxtının çoxunu şəxsi təsərrüfatında da və Eldar Şamı dövlət təbiət qoruğunda keçirir; icra başçısı Dövlət Torpaq Fonduna aid olan 200 hektar ərazini zəbt edib və həmin ərazidə özünə ferma tikdirib…

Samux rayon icra başçısı Alı Qocayev rayonun Poylu kəndində böyük təsərrüfat yaradıb. İcra başçısı vaxtının çoxunu təbiət qoynunda, Poylu kəndində yaratdığı heyvandarlıq kompleksində keçirir.

XALQ.AZ xəbər verir ki, bu barədə Samuxdan Pia.az-a daxil olan məlumata görə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev rayonun Poylu kəndi yaxınlığındakı Dövlət Torpaq Fonduna aid olan ərazilərdə özünə geniş heyvandarlıq kompleksi yaradıb. Heyvandarlıq kompleksində başçı həmçinin özünə dəbdəbəli villa da tikib.

Daxil olan məlumatda göstərilir ki, icra başçısı öz təsərrüfatında Gürcüstandan və müxtəlif rayonlardan gətirilmiş cins iribuynuzlu ətlik danalar saxlayır. Bildirilir ki, Alı Qocayevin fermasında təxminən 500 qədər iribuynuzlu ətlik dana saxlanılır. Həmçinin icra başçısı səlahiyyətlərindən sui-istifadə edərək fermasının ətrafındakı 200 hektar sahənidə təsərrüfatına qatıb. Həmin ərazi otlaq sahəsi kimi istifadə olunmaqla yanaşı, Alı Qocayev burada heyvanları üçün yem məhsulları əkdirir.

İcra başçısının 200 hektar dövlət torpağı ərazisini zəbt etməsi isə Poylu kəndinin sakinlərinin narazılığı ilə qarşılanıb. Çünki faktiki olaraq kənd sakinlərinin heyvanları otlaqsız qalıb. Məlumatda qeyd olunur ki, əvvələr kənd camaatı heyvanlarını məhz həmin ərazidə otarıb. Lakin Alı Qocayev Samuxa təyinat aldıqdan sonra ərazidə heyvan otarmaq yasaqlanıb. Səbəb isə ərazinin Dövlət Torpaq Fonduna aid olması göstərilib. Bu isə Poylu kəndinin sakinləri üçün ciddi problemə çevrilib. Belə ki, kənd sakinləri heyvanlarını otarmağa yer tapa bilmirlər. Bundan sonra isə icra başçısı həmin ərazidə özünə ferma tikdirib və Dövlət Torpaq Fonduna aid olan 200 hektar ərazini zəbt edib. İcra başçısının zəbt etdiyi əraziyə yaxınlaşdıqları zaman isə onları cəzalandırılar. Bu isə kənd sakinlərinin haqlı narazılıqlarına səbəb olur.

Məlumata əsasən Alı Qocayev heyvandarlıq kompleksində qurulmasına xeyli xərc çəkib. Burada müasir tipli elektiriklə işləyən yem verən avadanlıqlar, heyvan saxlamaq üçün böyük tövlələrin olduğu bildirilir. İcra başçısının təsərrüfatında 50-yə yaxın işçinin çalışdığı qeyd olunur.

Bundan başqa bildirilir ki, icra başçısı təsrrüfatının yaxınlığında balıqçılıq gölüdə inşa etdirib və tez tez bu göldə balıq ovlayaraq vaxtını keçirir. Samuxdakı etibarlı mənbəmiz idda edir ki, Alı Qocayev təbiət qoynunu sevdiyi üçün rayonda fəaliyyət göstərən Eldar Şamı Dövlət Təbiət Qoruğunda da ayda bir neçə dəfə baş çəkir. Bildirilir ki, Alı Qocayev burda dovşan, kəklik və başqa quşlar ovlayır

Başqa bir məlumatda isə bildirilir ki, Alı Qocayev 2013-cü il boyu büdcə təşkilatlarının əli ilə dövlətin külli miqdarda vəsaitlərini mənimsəyib. Bildirilir ki, icra başçısı hər bir büdcə təşkilatına gəlirinə görə “haqq” qoyub. Samux rayonunda Alı Qocayevin dövlət vəsaitlərini «sildiyi» əsas büdcə təşkilatları isə Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm, Suvarma Sistemləri, Su Kanal, Qaz İstismar, Yol istismar və Maliyyə İdarələrinin olduğu qeyd olunur. Bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik.

Xəbərlə bağlı Samux Rayon İcra Başçısının köməkçi ilə əlaqə saxladıq. Köməkçi bizə bildirdi ki, deyilənlər həqiqəti əks etdirmir, yanlışdır.