“Dua, bizim Onunla söhbətimizdir” Qənirə Paşayeva

gan

DUA
(Qənirə Paşayevanın yeni çapdan çıxacaq “Səni Allaha eşq götürür” kitabından)

Dua Onun qapısını döyməkdir! Bəzən insanlar duam qəbul olunmadı – deyə ümidsizliyə düşər, sitəm edərlər. Günahdır, doğru deyil! Qapının nə zaman açılacağını Ona buraxmalıyıq. Dua edə bilmənin özü bizə Onun bir lütfüdür. Rəvayətə görə bir gün imanı güclü, hər gün dua edən birinə İblis “Bütün yalvarışlarına baxmayaraq Allahdan heç bir cavab gəlmir. Nə üçün boş-boşuna dua edirsən?” – deyir. Adamın ovqatı tamam pozulur və düşüncələr içərisində yatmağa gedir. Yuxusunda Hz.Xızırı görür. Onun “Nə üçün dua etməkdən əl çəkdin?” – sualına adam dualarının cavabsız qaldığını söyləyir. Bu cavabı eşidən Hz. Xızır ona: “Sənin ya Rəbb deməyin bizim sənə olan cavabımızdır. Sənin çarə axtarmağın bizim səni özümüzə yaxınlaşdırmamızdır. Sənin sevgin bizim lütfümüzün kəməndidir. Biz izn vermədikcə heç kimsə dua edə bilməz” – deyir. Əslində dua edə bilmənin özü bizə Yaradanın bir işarəsidir. O, sadəcə sevdiyi qullarına bunu nəsib edir. Duam qəbul olunmadı, Yaradan nə üçün mənim yalvarışlarımı dinləmədi deyə – sitəm etmək əslində yanlışdır. Etdiyi duanın cavabı o insan üçün bəlkə də mütləq xeyirli demək deyildir çünki. Bizim üçün hər şeyin ən xeyirlisini bilənin bildiyi vardır, deməlidir insan və ümidsizliyə qapılmamalıdır. Dualarımızın bəzən cavabsız qalması onların rədd edilməsi, demək deyildir. Bunun özü də bir cavabdır bəlkə, deyərək düşünməmiz, ümidsizliyə qapılmamağımız lazımdır. Bəlkə Yaradan bizə “bu barədə bir daha düşün”, “bu dua, bu istək sənin üçün böyük mənada, həyatının bütünü içərisində xeyirli deyil” yaxud “yenidən istə, bunun üçün çox çalışmalısan, çox dua etməlisən”, deyə cavab verir duana. Bizim istədiyimiz, özümüz üçün “doğru” bildiyimiz bir şey mütləq bizim üçün faydalı olmaya bilər. Dar düşünən insan sadəcə o andakı xoşbəxtliyinə önəm verər amma geniş düşünən, aqil insan həyatı boyu özü üçün faydalı olanı görər, dünya və axirət həyatını düşünər. İnsanın duasına özünün istədiyi şəkildə cavab verilməsini göz­ləməsi… onun qulluq sifətini, həddini aşması deməkdir və Yaradan həddini aşanları sevmir. Onun dualarımıza bəzən anında, həmin günlərdə cavab verməməsi, cavabsız qalması demək deyil. Elə bir anımızda, gözləmədiyimiz anda çıxa bilər ki, qarşımıza o cavab… Dualarımıza nə zaman cavab veriləcəyini, nə şəkildə cavab veri­ləcəyi, necə yardım ediləcəyini ən doğru bilən və görən O bilir. İnsan ümidsizliyə qapılmamalıdır. Dua, bizim Onunla söhbətimizdir. Allah hər zaman söhbətinizi şirin etsin!

Scroll to top