Dua

5

 

Dua qapını döyməkdir…
O-nun qapısnı döymək…
Bəzən insanlar duam qəbul olunmadı deyə ümidsizliyə düşərlər, sitəm edərlər. Günahdır, doğru deyil… Qapının nə zaman açılacağını O-na buraxmalıyıq. Unutmamalıyıq ki, dua edə bilmənin özü bizə O-nun bir lütfüdür. Rəvayətə görə bir gün imanı güclü, hər gün dua edən birinə İblis “Bütün yalvarışlarına baxmayaraq Allahdan heç bir cavab gəlmir. Nə üçün boş-boşuna dua edirsən?” deyir. Adamın əhval-ruhiyyəsi tamam pozulur və düşüncələr içərisində yatmağa gedir. Yuxusunda Həzrəti Xızırı görür. Onun “Nə üçün dua etməkdən vaz keçdin?” sualına adam dualarının cavabsız qaldığını söyləyir. Bu cavabı eşidən Həzrəti Xızır ona: “Sənin ya Rəbb deməyin bizim sənə olan cavabımızdır. Sənin çarə axtarmağın bizim səni özümüzə yaxınlaşdırmamızdır. Sənin sevgin bizim lütfümüzün kəməndidir. Biz izn vermədikcə heç kimsə dua edə bilməz” deyir. Əslində dua edə bilmənin özü bizə Yaradanın bir işarəsidir. O, sadəcə sevdiyi qullarına bunu nəsib edir. Duam qəbul olunmadı, Yaradan nə üçün mənim yalvarışlarımı dinləmədi deyə sitəm etmək əslində yanlış və günahdır. Etdiyi duanın cavabı o insan üçün bəlkə də mütləq xeyrli demək deyildir çünki… Bizim üçün hər şeyin ən xeyrlisini bilənin bildiyi vardır deməlidir insan və ümidsizliyə qapılmamalıdır. Dualarımızın bəzən cavabsız qalması onların rədd edilməsi demək deyildir. Bunu özü də bir cavabdır bəlkə deyərək düşünməmiz, anlamamız və ümidsizliyə qapılmamamız lazımdır. Bəlkə Yaradan bizə “ bu barədə bir daha düşün”, “ bu dua, bu istək sənin üçün böyük mənada, həyatının bütünü içərisində xeyrli deyil” və ya “yenidən istə, bunu üçün çox çalışmalısan, çox istəməlisən, çox dua etməlisən” deyə cavab verir duana…
Bizim istədiyimiz, özümüz üçün “doğru” bildiyimiz bir şey mütləq bizim üçün faydalı olmaya bilər. Dar düşünən insan sadəcə o andakı xöşbəxtliyinə önəm verər, amma geniş düşünən, aqil insan həyatı boyu özü üçün faydalı olanı görər, həm dünya, həm də axirət həyatını düşünər… Bir insanın duasına özünün istədiyi şəkildə cavab verilməsini gözləməsi qyni zamanda onun qulluq sifətini, həddini aşması deməkdir və Yaradan həddini aşanları sevmir. O-nun dualarımıza bəzən anında, həmin günlərdə cavab verməməsi cavabsız qalması demək deyil. Elə bir anımızda, gözləmədiyimiz anda çıxa bilər ki, qarşımıza o cavab… Dualarımıza nə zaman cavab veriləcəyini, nə şəkildə cavab veriləcəyi, necə yardım ediləcəyini ən doğru bilən və görən O biılir. Ona görə də insan heç bir zaman ümidsizliyə qapılmamalıdır. Dua, bizim O-nunla söhbətimizdir. Allah hər zaman söhbətinizi bol, şirin etsin! Allah hər kəsə belə söhbəti nəsib etsin!

Qənirə Paşayeva