Dubayda arıqlayanlara qızıl paylanıldı

 

9

Dubayın hakimiyyət orqanları verdikləri vədi yerinə yetirmişlər: artıq çəkiyə qarşı mübarizə proqramında iştirak edən vətəndaşlara mükafatlar verməyə başlamışlar. Proqram kök adamları qızılın köməyi ilə arıqlamağa sövq etmək məqsədi daşıyır.
Müsabiqə əhali arasında ajiotaj yaratmışdır: təqribən 10 min adam müsabiqədə iştirak etmək qərarına gəlmişdir. Doğrudur, 3 mindən bir qədər çox adam finala qədər davam gətirə bilmişdir.
Müsabiqə başa çatandan sonra daha çox arıqlayan adamlara qızıl külçələri paylamağa başlamışlar. Hər biri 20 kiloqram arıqlayan beş marafon iştirakçısı daha çox fərqlənmişdir.
Yerli “The National” nəşrinin yazdığına görə, Dubayın hakimiyyət orqanları təqribən 16,9 kiloqram qızıl paylamışlar. Müsabiqəni hər il keçirmək qərarına gələn təşkilatçılar vəd etmişlər ki, gələn dəfə mükafatlar daha qiymətli olacaqdır.
Bələdiyyə orqanlarının ictimaiyyətlə əlaqələr xidmətinin nümayəndəsi Əhməd Əl-Mərri bildirmişdir ki, müsabiqə iştirakçılarını şirnikləndirən əsas səbəb, heç şübhəsiz, qızıl olmuşdur.
O demişdir: “Sağlam olmaq üçün heç kəs elə-belə səy göstərmir. Ona görə də biz insanları öz sağlamlıqlarının qayğısına qalmağa necə vadar etmək barədə düşündük. Belə qərara gəldik ki, insanlara mükafat vəd etmək lazımdır. İştirakçıların bir çoxu ilk növbədə qızıl barədə, yalnız bundan sonra öz bədənləri üçün nə edə biləcəkləri barədə düşünürdülər.
Proqram iştirakçıları nəyi rəhbər tuturlarsa-tutsunlar, nəticə uğurlu olmuşdur. Bu müddət ərzində 29 adam 15 kiloqram arıqlamış, beş adam 20 kiloqramdan çox artıq çəkidən azad olmuşdur. Müsabiqə iştirakçılarından biri 26 kiloqram arıqlamışdır.
Təşkilatçılar da bildirirlər ki, insanları müsabiqədə iştiraka sövq edən səbəblər iştirak faktının özü ilə müqayisədə bir o qədər də əhəmiyyətli deyildir.