Dünyada formalaşan nüfuzun daha bir nümunəsi

Azərbaycanda növbəti dəfə orta əsrlərdən miras qalan İçərişəhərin, müasir göydələnlərin və Xəzər dənizinin möhtəşəm mənzərəsi fonunda keçirilən “Avropa Formula 1 Grand-prix” yarışı ölkəmizin dünyada artan nüfuzunun daha bir nümunəsidir.

Həqiqətən də “Formula – 1” dizaynı “FIA Formula One World Championship” təqvimində olan aparıcı küçə sxemləri bənzərsizliyi ilə seçilir və möhtəşəm görüntü yaradır. Bu günə kimi iki dəfə reallaşan yarış Bakının maraqlı, mənzərəli küçələrindən və ən əsası Azərbaycanın tarixini özündə əks etdirən memarlıq abidələrinin ətraf hissələrindən keçməsi tamaşaçılarda böyük təəssürat yaradır. Start meydançası, əsas tribuna və pit-stop nöqtəsi Bakının Azadlıq meydanının seçiləcəyini, yarışın özünün isə Neftçilər prospekti, Hökumət evi və Qız qalası kimi əsas mənzərəli küçələrdən keçməsi bu yarışın yüksək peşəkarlıqla təşkilindən xəbər verir.

Azərbaycan mötəbər idman yarışlarına dəfələrlə ev sahibliyi edib. “Formula 1” yarışı isə son iki ildə keçirilən tədbirlər nəticəsində Bakı beynəlxalq avtomobil ­yarışları üzrə üstün təcrübəni artıq toplayıb.

Əminliklə söyləyə bilərik ki, respubilkamız idman mükəmməliyi ilə seçilən müasir Avropa ölkəsidir. Dünyanın ən böyük idman tədbirlərinin gerçəkləşdiyi ölkəmiz də “Formula –1” kimi möhtəşəm yarışın Bakıda keçirilməsi əldə olunan uğurlar sırasında mühüm hadisədir.

Sevindirici haldır ki, ölkəmizdə reallaşan Azərbaycan Qran-prisi bütün dünyada avtoidman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. “Formula – 1” yarışının belə qiymətləndirilməsi onu göstərdi ki, Azərbaycan dünyanın ən baxımlı sürət yarışına ev sahibliyi etməklə artıq öz təşkilatçılıq bacarığını ortaya qoya bilib.

Ötən illərdə keçirilən bu yarış Formula 1 həvəskarları üçün unikal və yaddaqalan olub. Əminəm ki, 2018 “Formula – 1” Azərbaycan Qran-prisi də trekdə və trekdən kənardakı möhtəşəm məqamları ilə bütün avtoidman həvəskarlarına ötən ildəkindən daha artıq həyəcanlı anlar yaşadacaq.

Kamran Nəbizadə,
Milli Məclisin deputatı