Dünyanın ən şirin və ən acı şeyi…

4

 

Qənirə Paşayeva,
millət vəkili

Bir zamanlar yaşlı qəbilə başçısı özündən sonra qəbilənin başına keçəcək başçı namizədinin nə qədər müdrik olduğunu anlamaq istədi. Bunun üçün qəbilə başçısı olmaq istəyən hər namizədə iki çeşid yemək hazırlamalarını söyləyir. Birinci yemək dünyanın ən gözəl və ləzzətlisi, ikinci yemək  də ən pis və dadsız yeməyi olmalıydı. Təyin edilən gündə  gənc namizədlərdən biri yaşlı qəbilə başçısının önünə çox  yaxşı bişirilmiş, sonsuz dərəcədə ləzzətli bir inək dili qoydu.  Çeşidli tərəvəzlərlə bəzədilən bu yemək gerçəkdən də çox  ləzzətli idi. Ertəsi gün həmin gənc adam qəbilə başçısının  önünə ən pis və ləzzətsiz yeməyini gətirəndə ilk öncə hər  kəs təccüblənir. Qəbilə başçılığına gənc namizəd yaşlı qəbilə başçısının önünə öncəki gün gətirdiyi eyni yeməyi qoydu –  inəyin dili!

Bunun səbəbini soruşan yaşlı qəbilə başçısı alacağı cavabla yerinə keçəcək adamın ondan daha müdrik olduğunu  anladı: “Dünyanın ən ləzzətli şeyi dildir, çünki həqiqəti dilə  gətirib insanların yaxşılığı tapmasına yardım edər. Doğru  sözlər başqa insanları doğru yola yönəldir və onları cəsarət-ləndirir. Dillər sevgi və ahəng kəlmələri ilə bütün kəndimizi  bir arada tutar. Dil dünyanın ən dadlı, şirin şeyi olduğu kimi ən pis, acı şeyi də ola bilər. Hirsli və yalan söyləyən dillər  insanları incidər ,onları yanlışa yönəldər. Dilin söylədiyi ya-lanlarla bir toplum parça-parça olar. Bütün silahlardan daha  qorxunc şəkildə kəndimizi fəlakətə sürükləyə bilər…”

P.S: Gerçəkdən də, dil dünyanın ən şirin olduğu  kimi ən açı şeyi də ola bilər. Kimin bu dili necə istifadə etməsinə bağlıdır hər şey… Amma müdriklərimizin de-diyi bir sözü heç zaman unutmamalıyıq: “Bıçaq yarası  sağalar, amma dil yarası sağalmaz”. Dilimizə sahib  çıxmaqla bərabər onun hər zaman yaxşılıqlara, gözəl  işlərə xidmət etməsinə çalışmalıyıq.