Nazirliyikdə komissiya yaradıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) ictimai-iaşə obyektlərinin fəaliyyəti zamanı atmosfer havasına zəhərli maddələrin təsirini müəyyənləşdirmək məqsədilə araşdırma komissiyası fəaliyyətə başlayıb.

 

XALQ.AZ xəbər verir ki,  bu barədə ETSN-in Ekoloji təbliğat şöbəsinin sektor müdiri Umayra Tağıyeva bu gün nazirlikdə keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, komissiya tərəfindən Bakı şəhərinin inzibati rayonlarında yerləşən şadlıq evlərinin və digər ictimai-iaşə obyektlərinin ətraf ərazilərində monitorinq aparılıb, atmosfer havasında zəhərli qaz birləşmələrinin miqdarının ölçülməsi məqsədi ilə hava nümunələri götürülüb: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinə iaşə obyektləri ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Əhalinin bir hissəsinin maraqları digər hissəsinin hüququnu pozmamalıdır. Yayılan tüstünün tərkibində zərərli maddələr var. Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələri göstərib ki, atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə artıqdır ki, bu da insanlarda diskomfort yaradır. Ümid edirik ki, sahibkarlar bu məsələyə diqqətli yanaşacaqlar. Ölkə əhalisinin maraqlarına diqqət etməyən sahibkarlara qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək. Bu problemin həlli yolu var. Bu da müvafiq qurğuların, filtrlərin quraşdırılmasıdır”.

Bildirilib ki, ETSN ictimai-iaşə obyektlərində müasir standartlara cavab verən qurğu və avadanlıqların quraşdırılması, atmosferə atılan tullantıların azaldılması məqsədilə yerli icra hakimiyyətlərinə və ictimai iaşə obyektlərinin sahiblərinə müvafiq məktublar göndərib.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir