EKSPERT AZƏRBAYCANDA DINDARLAR VƏ ASTRONOMLAR ARASINDA AYIN GÖRÜNMƏSI MÜBAHISƏSINƏ NÖQTƏ QOYDU

ay-1

Son günlər Ramazan ayının nə vaxt bitəcəyinə dair fərqli fikirlər səslənməkdədir.

Xalq.az islam.az-a istinadən İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərova müraciəti:
“Yeni ayın başlanmasına dair astronomik hesablamalar ilə şəri düşüncə arasındakı fərqə aydınlıq gətirilməlidir. Ayın astronomik hesablamalara görə yenilənməsi ilə şəriətə görə yenilənməsi arasında ciddi fərq var. Bu fərq hər iki tərəfdən nəzərə alınmalıdır ki, belə problemlər meydana gəlməsin.

Astronomik hesablamalara görə yeni ay Yer, Ay və Günəş eyni xətt üzrə dayandığı zaman başlayır. Bu zaman Ay görünmür və bu andan sonra Ayın hərəkət etdiyi ilk andan etibarən yeni ay girmiş hesab edilir.
İstər Şamaxı Astrofizika rəsədxanası olsun, istər dünyanın hər hansı bir rəsədxanası olsun yeni ayın başlaması deyəndə yalnız bu anı nəzərdə tutur. Şəriət baxımından isə, bu hərəkətdən sonra, yəni Yer, Ay və Günəş eyni xətt üzrə durduqdan sonra Ayın gün düşən tərəfi yerdən göründükdən sonra yeni ay başlamış hesab edilir. Bu isə bütün astronomların dediyi kimi ən tez 16 saatdan, ən geci 72 saata qədər davam edə bilən bir prosesdir.

Deməli astronomik yenilənməsindən sonra Ay yerdən hələ 16 saat görünmür. Şəriətə görə yeni Ay yalnız gözlə göründükdən sonra başlayır. Bu, dindarların nazı deyil, bu geridə qalmışlıq və ya elmə və yeniliyə qarşı çıxmaq kimi də qiymətləndirilməməlidir.

Çünki Peyğəmbər (s) öz dövründə konkret hesablamalara dayanaraq deyil, yalnız Ayın görünməsi ilə oruc tutmağı tövsiyə edib. Buna görə də ayın astronomik yenilənməsi ilə şəriət baxımdan yeni Ayın gəlməsi ilə bir gün, bəzən isə iki gün fərq ola bilər.

Həmçinin nəzərə almalıyıq ki, dində və şəriətdə Ayın görünməsi ilə əlaqədar fərqlər də var, məsələn, bəzilərinə görə Ay dünyanın hər hansı bir yerində gözlə görünsə yeni ay başlamış olur, digər nəzəriyyəyə görə isə Ay göründükdə eyni üfüqdəki ölkələr də yeni ay başlamış hesab edilməlidir.

Bu fərqlərə görə Ay yerdən göründükdən sonra belə, fərqli ölkələrdə fərqli günlərdə başlaya bilər. Burada qeyri-adi heç bir şey yoxdur.
Dindarlar astronomları ittiham etməməli, astronomlar da dindarları ittiham etməməlidirlər. Çünki bunlar tamamilə ayrı-ayrı kriteriyalara əsaslanırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.