Elçin Səfərov: “Bakı-2017” əvvəlki İslam Həmrəyliyi Oyunlarından fərqlənəcək

Elçin Səfərov: “Bakı-2017” əvvəlki İslam Həmrəyliyi Oyunlarından fərqlənəcək

 

Beynəlxalq tədbirlər üçün “Grassroots” kimi təbliğat proqramı çox mühüm əhəmiyyət daşıyır. Bu gün “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğat işlərinə start veririk.

Bu sözləri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov jurnalistlərə müsahibəsində deyib.

E.Səfərov deyib ki, Oyunların təbliğat işləri iki istiqamətdə aparılacaq. “Bakı-2017”nin beynəlxalq və yerli səfirləri var. Onlar incəsənət və idman aləmində öz sözlərini demiş insanlardır. Oyunların səfirləri təbliğat layihələri ilə “Bakı-2017”nin yüksək təşkilatçılığına öz töhfələrini verəcəklər. Apreldə təkcə Bakıda deyil, Azərbaycanın 21 regionunda tədbirlərə başlanılacaq. Bu tədbirlər açılış mərasiminin startı kimi olacaq. Bu, bizim qarşımızda duran ən böyük təbliğat proqramıdır. Yerli ulduzların müxtəlif rayonlarda və Bakının müxtəlif yerlərində gənclər və könüllülərlə tədbirlərin təşkili də nəzərdə tutulub. Bu işlər “Bakı-2017” haqqında məlumatların çatdırılmasında çox böyük rol oynayacaq.

“Bakı-2017” əvvəlki İslam Həmrəyliyi Oyunlarından fərqlənəcək. Bu fərq ilk növbədə iştirakçı ölkələrin sayında özünü göstərəcək. Belə ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında artıq 50-dən çox ölkə öz iştirakını təsdiq edib. Əvvəlki İslam Həmrəyliyi Oyunlarında bu qədər ölkə iştirak etməyib. İdmançıların sayı, atletlər və jurnalistlər üçün yaradılan şərait, jurnalistlərlə idmançıların bir sahədə görüşməsi və onlardan rahat müsahibələr alması, bizim qonaqlar üçün hazırladığımız mədəni-kütləvi tədbirlər də “Bakı-2017”ni əvvəlki İslam Həmrəyliyi Oyunlarından fərqləndirəcək”, – deyə E.Səfərov əlavə edib.