Elçin Şıxlıya zərbə

elcin

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİV DF) “Ayna-Zerkalo” qəzetinə ayrılan maliyyə vəsaitini dayandırıb.

Elçin Şıxlı ANS PRESS-ə açıqlamasında, ötən həftə qəzetinin həftəlik formata keçməsi ilə əlaqədar sözügedən fonda müraciət edərək, may ayından etibarən müqavilə öhdəliklərini yerinə yetirə bilməyəcəklərini barədə məlumat verdiyini dedi: “Bizim KİV DF-lə bağladığımız müqavilə gündəlik nəşr üçündür. Yəni redaksiyaya ödənilən vəsait qəzetin nəşrinə kifayət eləmir. Biz müraciət etdik ki, qəzet maliyyə çətinlikləri ilə əlaqədar həftəlik formata keçib və biz müqavilədəki öhdəlikləri yerinə yetirə bilmirik. Mən bunun nəzərə alınmasını xahiş etdim onlardan. Onlar da mənim müraciətimi dünən cavablandırdılar. E-mail poçtuma göndəriən cavabda bildirilir ki, “Ayna-Zerkalo” qəzeti öhdəliyi yerinə yetirə bilmədiyi üçün qəzetə maliyyə yardımının ayrılması dayandırılır”.

Elçin Şıxlı KİV DF-nin bu qərarından narazı qalmadığını söyləyir: “Mən onlara müraciətimdə demişdim ki, kömək etsəniz də sağ olun, etməsəniz də. İndi belə alındı ki, yardımı dayandırsalar da “sağ ol” deməli oldum.”

Xatırladaq ki, qəzetin Türkiyədəki xüsusi müxbiri Rauf Mirqədirovun həbsindən sonra “Ayna-Zerkalo” qəzeti həftəlik fəaliyyətə keçib. Lakin E.Şıxlı maliyyə yardımının dayandırılmasının heç bir siyasi xarakter daşımadığını qeyd edib. Baş redaktor bunun sırf qəzetin fəaliyyətinin zəifləməsi ilə bağlı olduğunu bildirib.