Elmar Vəliyev görüş keçirdi

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Avropa İttifaqının (Aİ)-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas və Aİ-nin Qonşuluq və Genişləndirmə şöbəsinin rəhbəri Vasilis Maragosu qəbul edib. Görüşdə İqtisadiyyat Nazirliyinin Regionların İnkişafı və Dövlət Proqramları şöbəsinin müdiri Hikmət Nəbiyev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə direktoru Sonya Fonteyn də iştirak edib.

XALQ.AZ  xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayaraq, onlara Azərbaycanın ikinci böyük şəhəri barədə məlumat verib.

Qeyd edilib ki, 4000 illik tarixə malik Gəncə mədəniyyət beşiyi hesab edilir. Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi dünya şöhrətli yazıçılar burada yaşayıb, yaratmışlar. Hazırda Gəncədə 3 universitet, 3 kollec və 2 peşə təhsili mərkəzi fəaliyyət göstərir. Azərbaycanın ikinci böyük sənaye şəhərində “Det-Al” Aliminium, “Gəncə Avtomobil”, “Əlvan Metal Emalı”, “Gil-Torpaq istehsalı” zavodları fəaliyyət göstərir, “Suni mərmər-qaranit” və “Gəncə Kərpic” zavodlarının inşası isə il sonuna kimi yekunlaşacaq. Bununla yanaşı şəhərdə bir sıra sosial layihələr icra edilir, geniş abadlıq-quruculuq işləri aparılır. Bütün bunlarla bərabər 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı olan Gəncə, ACES Europe təşkilatı tərəfindən növbəti il üçün Avropanın İdman Şəhəri tituluna layiq görülüb.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas Avropa İttifaqı ilə Azərbaycan arasında qurulan əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib. Gəncəyə təşkil olunan səfərin məqsədinə toxunan qonaq bildirib ki, əsas diqqət kənd təsərrüfatı, turizm və peşə təhsili sahələrinə yönəldiləcək.

Sabah Gəncədə Aİ-nın dəstəyi ilə “Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin Yaradılmasına Dəstək” layihəsinin təqdimatı baş tutacaq. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev layihənin icrası ilə bağlı bir sıra təkliflərlə çıxış edib. Bunlar Peşə Kompetensiya Mərkəzi məzunlarının maraqlarının qorunması və əmək bazarında işlə təmin oluna bilmələri üçün “Karyera Mərkəzi”nin yaradılması, sahibkarlarla mütəmadi əlaqənin olması və onların sifarişinə uyğun kadrların hazırlanması, həmçinin layihə çərçivəsində xarici dövlətlərin təcrübəsinin öyrənilməsi üçün ezam ediləcək şəxslərin düzgün seçilməsi və gənc kadrlara üstünlük verilməsidir.

Bütün bunlarla yanaşı görüşdə həmçinin gəclər, idman, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın prespektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər çərçivəsində “Yerli və regional inkişaf: Gəncə-Qazax iqtisadi zonasında şərab turu” da nəzərdə tutulub. Görüşdən sonra qonaqlar “Gəncə Şərab – 2” ASC-də baş şəkib, üzüm sahələri və istehsal prosesi ilə tanış olublar. Gəncədən sonra Şəmkir və Göygölə də səfər ediləcək. Şərab turu GİZ tərəfindən “Gəncə-Qazax İqtisadi Regionunda Yerli və Regional İnkişafa Dəstək” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin məqsədi yerli özünü idarəetmə qurumlarının idarəetmə və regional inkişafla bağlı ərazi planlama bacarıqlarının artırılmasıdır.

 

 

Orxan