Başçı səfirlə görüşdü

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir. Səfər çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşən səfir Viktor Sederkenyiyə Gəncənin mədəniyyəti, tarixi və bu günü barədə ətraflı məlumat verilib.

XALQ.AZ xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə isə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət paytaxtı statusunu daşıyan Gəncə, 2019-cu il üçün “Avropanın İdman Şəhəri” tituluna namizəddir. Həyata keçirilən irimiqyaslı tikinti layihələrindən söz açan şəhər rəhbəri, qeyd edib ki, Gəncədə 50 milyon avro dəyərində su və kanalizasiya sisteminin yenidərqurulması layihəsi icra olunur.

Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi səfərinin bir neçə məqsədi olduğunu qeyd edib, Macarıstanda kənd təsərrüfatı sahəsinə daha çox diqqətin ayrıldığını bildirib. Söhbət zamanı komunal və aqrar sahələri əhatə edən layihələr müzakirə olunub.

Qeyd edək ki, görüşdə Macarıstanın İqtisadi məsələlər üzrə birinci dərəcəli müşaviri Şandor Kapitani, Macarıstan Ticarət Evinin Bakıdakı nümayəndəliyinin icraçı direktoru İbrahim İsmayılov, Macarıstan Ticarət Evinin Bakıdakı nümayəndəliyinin müşaviri Anar Kərimov da iştirak edib.

Orxan