Elşən Musayev “Təklik – intihar qarşısında “iki şəxsiyyətlik” sindromuna yoluxmaqdır”

 

elsan

Siz heç tək qaldınızmı? Qalmadınızsa dinləyin…
Qəribə hissdir. Elə hər mənada.
Ünvansızlıqdır təklik. Bir az utancaqlıq…

Təklik – Səninlə liftdə eyni mərtəbəyə qalxan qonşunu riyakarca aldatmaq, ona qarşı artistlik etmə bacarığıdır həm də. Deyim necə. Çıxdınmı liftdən – öz qapını döyürsən. Evdə külli-aləm varmış kimi. Sonra ta qonşu evinə girənə qədər gözləyirsən, daha sonra isə asta-asta, oğru kimi öz sahib olduğun mənzilə girirsən.

Təklik – ən ani pıçıltıda eyvanı ya da eyvana çıxan bütün qapıları yenidən kontrol etmə məziyyətidir. Qaza, suya, digər otaqların işığına yatmadan öncə dəfələrlə baxma, söndüyünə, keçdiyinə əmin olma əziyyətidir.

Təklik – güzgü qarşısında üz mimikalarını məcburən dəyişmə, saxtaca gülmə, “hər şey əladır, məndən güclüsü yoxdur!” – tipli özünütəlqinlərlə ruhunu ovundurma məşğuliyyətidir.

Təklik – köynəyin qolunda bir cızıq qalana qədər düz 2 saat ütü ilə əlləşmə, interneti açıb hansı yeməyə nə qədər duz və yağ vurmanın sirrini öyrənmə, təmiz qablar, stəkanlar bitincə “dünyanın axırı deyil ki, sabah yuyaram” fəlsəfəsinə köklənmə, iki nəfərlk çarpayıda uzununa deyil, eninə uzanma vərdişidir.

Təklik – daşlaşmaqdır. Bəlkə də sənətdir. Məsələn, dulusçuluq kimi. Amma bu dəfə səni insan deyil, həyat oyur. Nə təəssüf, həm də öz dizaynı ilə. Məsləfətsiz-filansız.

Təklik – sənin üçün həyatından keçməyə hazır olanların nəfsidir. Üzərində qalıb. Düz də edib – qalıb.

Təklik – bəzən arxeoloqlardan daha betər qazma, deşmə, axtarma təşəbbüsüdür. Amma beyində. Alt şüurda…

Təklik – ən lazımlıların çox uzaqda, ən lazımsızların isə burnunun, gözünün, qulağının düz dibində olma məntiqidir.

Təklik – yaxında yerləşən və ev sifarişi qəbul edən bütün kafe-restoranların sənin mobil nömrəni əzbərdən bilmə reallığıdır.

Təklik – ev yeməklərinin, məsələn incə, ehmalca bükülən dolmanın özündən də çox iyinə susamaqdır…

Təklik – ən böyük dözülməzliyi səbrə, səbri fakta, faktın isə yüz dolambacdan keçərək yenə də Sənin özünə çevrilmə məşəqqətidir.

Təklik – intihar qarşısında “iki şəxsiyyətlik” sindromuna yoluxmaqdır, iki fərqli sima, iki fərqli fikir arasında vurnuxmaqdır…

Təklik – İsveçrə saatı ilə düşünmək, Türkiyə saatı ilə ayılmaq, Azərbaycan saatı ilə yaşamaqdır…

Təklik – üşüməkdir. Doyasıca üşümək….

 

Millət vəkili Elşən Musayev

Scroll to top