Ermənistan iqtisadiyyatının xarabalıqları

Ermenistan

“Real iqtisadiyyatı olmadığından Ermənistana nə dünya maliyyə sistemində, nə də Gömrük İttifaqında yer yoxdur”.

Xalq.az-ın məlumatına görə, bu barədə erməni təhlilçi Naira Ayrumyan bu gün dərc olunmuş məqaləsində bildirib.

Məqalə müəllifinin fikrincə, Ermənistanın iqtisadi inkişafına daxili düşmənləri – inhisarçılar, oliqarxlar və Ermənistandan kənardakı qüvvələrə tabe olan hakimiyyət mane olur.

Baş nazir Tiqran Sarkisyanın istefasına toxunan şərhçi eks baş nazirin 3,5 illik fəaliyyəti boyunca Ermənistanı Avropa Birliyinin azad ticarət zonasına və dünya maliyyə sisteminə inteqrasiyaya hazırladığını bildirib. “Dünya maliyyə sistemi yırtıcıdır, heç nə düşünmədən maddi istehsaldan imtina edən və asan yol seçən ölkələrin iqtisadiyyatını udur. Bu ölkələr Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun borclularına və girovlarına çevrilirlər, onlardan tam asılı vəziyyətə düşürlər. Tiqran Sarkisyan bu vəzifənin öhdəsindən parlaq şəkildə gəldi – onun baş nazirliyi dövründə Ermənistanda demək olar ki, sənayeyə sərmayə yatırılmayıb, amma banklar çiçəklənib, icbari sığorta tətbiq edilib, icbari yığım sistemi, cərimələr sistemi tətbiq edilib, xarici borc artıb, pulların ölkədə maneəsiz dövr etməsi üçün hər şey edilib. Heç kimin onlara mane olmaması üçün işçi qüvvəsinin ixracı stimullaşdırıldı, başqa ölkələrdə istehsal stimullaşdırıldığı halda, Ermənistanda yalnız idxal artırıldı”,- deyə Naira Ayrumyan vurğulayır.

Məqalə müəllifinin fikrincə, Tiqran Sarkisyan, bəlkə də, Avropa Birliyinin azad ticarət zonasına qoşulmaq nəticəsində sərmayələrin artacağına ümid edib. “Amma 3 sentyabr bütün planları dəyişdi”,- deyən şərhçi Ermənistanın Gömrük İttifaqına girmək niyyəti barədə bəyanatını xatırladır: “Bu gerçək iflas idi – iqtisadiyyat dağıdılıb, Avropa sisteminə inteqrasiya ümidləri puça çıxıb. Ən dəhşətlisi isə erməni iqtisadiyyatını yerli-dibli məhv edəcək Gömrük İttifaqına girmək istəyidir”.

Naira Ayramyan məqaləsini Ermənistanın ultramillətçi politoloqlarından biri olan İqor Muradyanın sözləri ilə bitirir: “Artıq Ermənistan suverenliyinin başa çatması barədə memoranduma qol çəkmək lazımdır”.