“Ermənistan qoşunları Dağlıq Qarabağdan çıxarılmalıdır”

Ilham-2

Xəzərin hüquqi statusu ilə bağlı 4-cü dəfə bir araya gələn Xəzəryani ölkələrin dövlət başçılarının Həştərxan sammiti baş tutdu.

XALQ.AZ-ın məlumatına görə, Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri dəyirmi masa arxasında Xəzərin birgə idarə olunması, Xəzər akvatoriyasında sərhədlərin müəyyənləşdirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, Xəzər hövzəsində iqlimin yaxşılaşdırılması, kənd təsərrüfatı və digər sahələr ətrafında danışıqlar aparıblar. Sammitdə çıxış edən preziden İlham Əliyev, ölkənin Xəzərdə hərbi və hərbi-texniki əməkdaşlığa böyük önəm verdiyini açıqlayıb.

“Biz hesab edirik ki, Xəzər dənizində tərəflərin hərbi qüvvələrini mövcudluğu və hərbi fəaliyyət bütün Xəzəryanı dövlətlər üçün təhlükəsizliyin bərabər səviyyədə təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı inamın güclənməsinə xidmət edəcək. Xəzər dənizi bundan sonra da sülh, dostluq, əməkdaşlıq və qonşuluq zonası kimi qalmalıdır”, deyə prezident İlham Əliyev qeyd edib.

Daha sonra dövlət başçısı Dağlıq Qarabağ və yeddi ətraf rayonun 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında olduğunu deyərək, BMT təhlükəsizlik şurasının erməni qoşunlarının işğal olunan torpaqlardan dərhal çıxarılması barədə 4 qətnaməsinə Ermənistan tərəfinin əməl etmədiyini sammit iştirakçılarının diqqətinə bir daha çatdırdı.

Prezident İlham Əliyev deyib: “Təəssüf ki, Ermənistanın mövcud diktatura rejimi müasir dünayanın reallıqlarını dəyərləndirmək və beynəlxalq hüququn normalarını qəbul etmək iqtidarında deyil. Öz cəmiyyətində Azərbaycana qarşı nifrət təbliğ etməklə, Azərbaycana nifrəti dövlət siyasətinə çevirməklə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə kimi qələmə verməklə, Ermənistan rejimi münaqişənin daha da uzanmasına görə birbaşa məsuliyyət daşıyır”.

Sammitdə çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Xəzər dənizini imkanlarla zəngin bir dəniz olduğunu deyərək, dənizin potensiallarından necə düzgün istifadə etmək mümkün olması barədə öz fikirlərini paylaşdı:

“Xəzərin hüquqi statusunu müəyyən etməzdən əvvəl qarşılıqlı iqtisadi əlaqələrin əsasını qoymaq olar. Təklif edirəm, azad Xəzər ticarət zonası yaradılsın. Həmçinin beynəlxalq hüquq çərçivəsində Xəzər dənizindən digər böyük sulara və okeana sərbəst giriş-çıxış əldə etmək olar”.

Xəzərin rifahını bizim hər birimizin məsuliyyətidir deyən Rusiya prezidenti Vladimir Putin regionda təhlükəsizliyi təmin etmək və stabilliyin möhkəmləndirmək üçün hər bir ölkənin əlindən gələni etməli olduğunu bildirib:

“Bizim işimizin əsas aspektlərindən biri də, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılmasıdır. Bunun üçün bir sıra sənədlər imzalanıb. İlk olaraq təklif edirik 2016-cı ildə fövqəladə qüvvələrin genişmiqyaslı birgə təlimləri təşkil edilsin”.

İran prezidenti Həsən Ruhani isə sammit iştirakçıların diqqətini Xəzər dənizi hövzəsində təhlükəsizliyin təmin olunmasına məsələsinə yönəldib:

“Xəzər dənizinin təhlükəsizliyinin təmin olunmasında qonşu ölkələrin kollektiv əməkdaşlığı və birgə maraqları çərçivəsində həyata keçirilməlidir. Xəzər dənizi qonşu dövlətlərin əməkdaşlıq rəmzindən, sülh və sabitliyin rəmzi olmalıdır”.

Daha sonra Xəzəryanı ölkələrin dövlət başçıları Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması və digər sahələrdə hökümətlərarası beştərəfli sənədlər imzalayıb.

Rəsmi görüşdən sonra dövlət başçıları Volqa çayı ətrafında gəzdikdən sonra, kiçik nərə balıqlarının Volqa çayına buraxıblar.