Ermənistan tərəfinin növbəti təxribatıdır

2

 

Hakim Partiyadan azərbaycanlı ailənin Ermənistanda siyasi sığınacaq istəməsinə münasibət bildirilib.

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AzNews.az-a bildirib ki, bu cür hallar Ermənistan tərəfinin növbəti təxribatıdır: “Cavid Orucovun həyat yoldaşı ermənidir. Onlar bir müddət əvvəl də xaricdə yaşayıblar və bu müddət ərzində ola bilər ki, sözügedən ailə ermənilərlə əlaqəyə girib.

Nəticə olaraq onlar Ermənistana keçmək kimi addım atıblar. Bunun özü də təxribatın bir formasıdır. İşğalçı ölkə dünya ölkələrinə göstərmək istəyir ki, sözügedən ailə Azərbaycandan qaçıb Ermənistana gəlib. Çünki biz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda ermənilərin hüquqlarının qorunması ilə bağlı dəfələrlə bəyanat vermişik. Bununla Ermənistan dünyaya car çəkmək istəyir ki, onların Azərbaycanda hüquqları pozulur”.

S.Novruzov vurğulayıb ki, Ermənistanda bir azərbaycanlının da yaşamadığı halda Azərbaycanda 30 minə yaxın erməni yaşayır: “Onların bəziləri kimlərinsə həyat yoldaşı, övladıdır. Bununla bərabər ölkədə mənşəcə erməni olan hüquq müdafiəçiləri var. Onlar digər Azərbaycan vətəndaşları kimi eyni hüquqa malikdir. Azərbaycanda ermənilərə qarşı hər hansı təhdid yoxdur. Hesab etmirəm ki, onlara bu gün Azərbaycan tərəfindən yaradılan şəraitin əvəzində hər hansı təxribata getsinlər. Amma yenə də erməni ermənidir və onlardan nə deyirsən gözləmək olar”.