Ermənistanda nə baş verir? – Əli Həsənov

Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ekspertlərin tam əksəriyyəti tərəfindən cənab İlham Əliyevə etimad referendumu kimi dəyərləndirildi. Seçkilərdən sonra yeni hökumətin formalaşdırılması istiqamətində atılan addımlar cəmiyyət tərəfindən olduqca pozitiv qarşılandı. Biz ilk müsəlman demokratiyasının qurulmasının 100 illiyini qeyd edirik, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımın bir əsrlik tarixinə beynəlxalq platformalarda hüquqi-siyasi qiymət verilməsi üçün ciddi kampaniya təşkil olunub. Azərbaycanın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinin bəzi komponentləri üzərində işlər yekunlaşır və bir müddət sonra TANAP-ın açılışını qeyd edəcəyik. Mühüm geostrateji əhəmiyyətə malik nəqliyyat layihələrinin həyata keçirilməsi ilə bağlı çox əhəmiyyətli qərarlar qəbul olunub və bu istiqamət üzrə işlər uğurla davam etdirilir. Bu günlərdə isə “Formula l” yarışlarını izləyən dünya idmansevərləri həm də müasir Bakının möhtəşəmliyindən öz təəccüblərini gizlətmirlər.

XALQ.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov AŞPA-da Azərbaycan əleyhinə başlayan kompaniyaya cavabında qeyd edib. O bildirib ki, sadalanan tədbirlər 2018-ci ilin dörd ayında baş verib. Hələ qarşıda öz möhtəşəmliyi ilə dünya ictimaiyyətinin diqqətini ölkəmizə cəlb edəcək hadisələr var:

“Bəs Ermənistanda nə baş verir?! Bu ölkədə Azərbaycanla eyni vaxtda keçirilmiş seçkilərdən sonra coşmuş ehtiraslar, xalq narazılığı səngimək bilmir. Erməni xalqı uzun illərdir onu istismar edən, beynəlxalq aləmdən, regionun siyasi və iqtisadi həyatından təcrid halına salmış, bütün maddi resurslarını mənimsəmiş Serj Sarkisyanı istefaya göndərsə də, sakitləşmir. Dünən baş nazir “seçilməsi” münasibətilə Sərkisyanı təbrik edənlərin, Ermənistana rifah arzulayanların bugünkü məyusluğunu başa düşürük.

Görünür, məhz bu mənzərə – bir tərəfdə güclü və öz inkişafını uğurla davam etdirən Azərbaycan, digər tərəfdə də siyasi kataklizmlər burulğanında çabalayan, sabaha heç bir ümidi olmayan Ermənistan reallığı xarici anti-Azərbaycan dairələri ciddi narahat edir. Əminəm ki, böyük maliyyə sərfiyyatı hesabına başa gələn “söyüş kampaniyasının” səmərəsizliyi də onların yuxusunu ərşə çəkib”.

 

Elgün