Finlandiyada AXC-nin 100 illiyi ilə bağlı təqdimat və kitab sərgisi keçirilib

Finlandiyanın Tampere Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlı təqdimat və Azərbaycan həqiqətlərini əks etdirən kitab sərgisi keçirilib Cari ilin 16-24 aprel tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun rəhbərliyi altında nümayəndə heyəti Finlandiyanın Tampere şəhərində Avropa Gənc Alimlər Şurasının (EURODOC) İllik Baş Toplantısında və elmi konfransda ölkəmizi təmsil edib. XALQ.AZ-ın məlumatına görə, 21 aprel tarixində Tampere Universitetində rektor professor Liisa Laakso, Avropa Gənc Alimlər Şurasının prezidenti dr. Garek OʹNell, Avropa Komissiyasının elm və təhsil üzrə komissarı professor Fabiana Gauter, Finlandiya Akademiyasının rəsmisi professor Hannel Lahtinen, Avropa Universitetləri Assosasiyasının prezidenti professor Aleksandr Hasgall, Finlandiya Gənc Alimlər Assosasiyasının prezidenti Miia İjas, Finlandiya Təhsil və Mədəniyyət Nazirliyinin və 38 dövlətin gənc alimlərinin milli assosasiyalarının rəhbər heyətindən ibarət 100-dək nümayəndənin qatıldığı tədbirdə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş geniş təqdimat mərasimi təşkil edib. İştirakçıların böyük maraqla izlədiyi təqdimat mərasimində ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncamla 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi məclis iştirakçılarının diqqətinə çatdırılıb və təqdimatın məhz xalqımız üçün tarixi bir məqamda keçirilməsini vurğulayıb. Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi, fəaliyyət göstərdiyi qısa dövr ərzində həyata keçirilən islahatlar barədə tədbir iştirakçılarına geniş məlumat verilib. Qeyd olunub ki, xalqımızın mədəni-intellektual, siyasi səviyyəsinin məhsulu və dövlətçilik ənənələrinin təcəssümü olan demokratik dövlət maarifin, elmin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirib. Azərbaycanın ilk elm və ali təhsil mərkəzi olan Bakı Dövlət Universiteti məhz Xalq Cümhuriyyətinin zamanında təsis olunub, ölkədə milli təhsil islahatlarına başlanılıb. Xalq hakimiyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırmış, müsəlman şərqində qadınlara ilk dəfə olaraq seçki hüququnu verib. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətininüzvü, Bakı Dövlət Universitetinin əməkdaşı Səbuhi Talıbovun çıxışı ilə davam edən təqdimatda Xalq Cümhuriyyətinin süqutuna səbəb olan tarixi reallıqlar əks olunub və bildirilmişdir ki, 70 il SSRİ imperiyası tərkibində olmasına baxmayaraq sivil və dünyəvi Azərbaycan xalqı daim qəlbinə müstəqillik ideyalarını və arzularını yaşadıb. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqın ümummilli lideri Heydər Əliyevin parçalanmaqdan və dağılmaqdan qoruduğu dövlətimiz artıq növbəti dəfə 27 illik müstəqillik tarixini şərəflə yaşamaqdadır və bu müddətdə Azırbaycan xaqı bir daha sübut edib ki, heç bir qüvvə onu müstəqillik yolundan döndərə bilməz. Təqdimatda Azərbaycanda həyata keçirilən müstəqil və uğurlu siyasət, iqtisadi nailiyyətlərimizdən, Bakının bütün dünyada humanitar mərkəz kimi rolundan və bu istiqamətdə görülən işlərdən danışıldı. Qeyd olundu ki, Azərbaycan Respublikasında gənclər sahəsində aparılan siyasətin və ölkə başçısı möhtərəm İlham Əliyevin gənclərin təşəbbüslərinin reallaşması üçün yaratdığı unikal imkanların göstəricisidir ki, Avropa Gənc Alimlər Şurasında ölkəmizi təmsil edən Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşəbbüsü ilə və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Avropa Gənc Alimlər Şurasının və UNESCO-nun birgə dəstəyi ilə Bakı şəhərində ilk dəfə olaraq 20-25 may 2013-cü il tarixlərində 38 Avropa dövlətinin 450 nəfər gənc aliminin qatıldığı “Avropa məkanında yeni çağırışlar: Avropa Gənc Alimlərinin I Beynəlxalq Bakı Forumu” və 26-29 may 2014-cü il tarixlərində dünyanın 95 ölkəsinin 700-ə qədər gənc aliminin iştirakı ilə dünya miqyasında ilk və yeganə ən böyük tədbir – “Dünya Gənc alimlərinin I Beynəlxalq Bakı Forumu” keçirilmişdir. Bütün bunlar həm də dövlətimizin dünyada elmin, təhsilin, mədəniyyətin inkişafına, sülhün və dialoqun bərqərar edilməsinə verdiyi önəmin ifadəsidir. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşəbbüsü ilə növbəti aksiya 22 aprel tarixində Tampere Universitetinin Mərkəzi Elmi Kitabxanasında baş tutmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun ingilis dilində çap etdirdiyi tariximizə, xalqımıza qarşı ermənilər tərəfindən həyata keçirilmiş silsilə soyqırım faktlarına, Qarabağda məhv edilmiş və özünküləşdirilmiş maddi-mədəniyyət və arxeoloji abidələrə həsr olunmuş kitabların sərgisi təşkil edilmişdir. Sərgidə xalqımıza qarşı Ermənistan tərəfinin hərbi təcavüzü, 20 faiz torpaqlarımızın işğal edildiyi, 1 milyondan çox insanımızın doğma yurd-yuvalarından didərgin salınaraq bu gün də məcburi köçkün həyatı yaşamaları ilə bərabər, işğal olunmuş torpaqlarda qanunsuz cinayətlər və vandalizm aktları həyata keçirildiyi vurğulanıb. Qeyd olunub ki, işğal altında olan torpaqlarda bu gün də böyük humanitar fəlakət yaşanmaqdadır. Ermənilər tərəfindən işğal olunmuş torpaqlarda azərbaycanlılara məxsus tarixi abidələr özünküləşdirilir, mümkün olmayanlar isə vandallıqla məhv edilir, dağıdılır və bu ərzilərdəki toponimlər, yer adları dəyiçdirilir, Azərbaycan tarixinin izlərini kütləvi surətdə silinməyə cəhdlər edilir. Sərginin sonunda kitablar müxtəlif ölkələrdən olan xarici alimlərə paylanılıb.