“Freedom House” Azərbaycana qərəzli mövqedən yanaşır

 

4

 

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun müsahibəsi:

– “Freedom House” təşkilatının rəhbəri David Kramer ənənəvi ampluasında çıxış edərək, ölkəmizlə bağlı anormal bəyanat yayıb. Bu bəyanatın hansısa siyasi xarakter daşıdığını demək olarmı?

  • “Freedom House” təşkilatı hər zaman Azərbaycana qərəzli mövqedən yanaşır. Təbii ki, qeyri-hökumət təşkilatının nə deməyindən asılı olmayaraq, Azərbaycanın dövlətlərarası münasibətləri mövcuddur. Bu kimi təşkilatların ara qarışdırmasının başlıca məqsədi Azərbaycanın iqtisadi inkişafını, aparılan islahatları gözü götürməməyidir. Eyni zamanda Azərbaycan Avropa ölkələri ilə ən xırda məsələdə belə müqayisə olunan ölkə deyil. Ölkədə hər kəsin qanun qarşısında bərabər olması qanunun aliliyinin əsas göstəricisidir. Təşkilatın rəhbəri David Kramerin həyəcanını başa düşürəm, çünki onun əməlləri İfşa olunub, aşkara çıxıb. Artıq bu barədə Amerikanın müvafiq təşkilatlarına məlumatlar çatdırılır. Çünki Leyla Yunus əməliyyatından sonra meydana çıxan xaricdən maliyyələşən QHT-lərin aldığı qrantlardan “Freedom House” kimi təşkilatlara faizlərin verilməsi, bu təşkilatların erməni lobbisindən pul alıb Azərbaycanın əleyhinə neqativ informasiyalar yayması izahatlarda kifayət qədər öz əksini tapıb. Görünən odur ki, Kramer də bu vəziyyətdən olduqca həyəcanlıdır. Artıq onun ifşa olunması, eyni zamanda onun qrupuna daxil olan ermənilərin də narahatlığıdır. Buna görə də Kramer özünü sığortalamaq üçün belə “sarsaq” bəyanatlar yayır.

– D. Kramer əksər ekspertlərdən fərqli olaraq, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini iddia edir. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik müddətində belə bir bəyanatın səslənməsi nədən qaynaqlanır?

  • Bu, qəti şəkildə düzgün deyil. Hər hansı bir ölkənin beynəlxalq quruma sədrlik etməsi növbəlilik prinsipinə əsasən həyata keçirilir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan bir müddət bundan əvvəl BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmişdi. Eyni zamanda Azərbaycan sədrliyi dövründə iclaslarda yüksək səviyyədə təşkilatçılığı, idarəçiliyi, hər bir ölkəyə bərabər şəkildə yanaşması ilə ikili standartlardan uzaq addımlar atıb. Sədrlik öhdəliyi Avropa Şurasına da aiddir. Təbii ki, Azərbaycan haqqında bu cür düşünmə tərzi də gözü götürməməzlikdir. Bu da onun Azərbaycana qarşı yeritdiyi qeyri-obyektiv, düşmənçilik siyasətinin bariz nümunəsidir. Halbuki, belə təşkilatlar əslində neytral olmalıdır. Ancaq həmin təşkilatın neytrallığından əsər-əlamət yoxdur.

– Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı qərəzli mövqenin ortaya qoyulmasında Azərbaycanın dağıdıcı müxalifəti ilə David Kramer kimilərin xüsusi fəallığının rol oynadığını demək olarmı?

  • Təbii ki, belədir. Başqa təşkilatlar, eləcə də bir-iki siyasi partiya özləri tərəfindən maliyyələşdirilən QHT-lərin mənbəyi, verdiyi informasiya bazası əsasında işlərini qururlar. Çünki onların verdiyi məlumatların hamısı hazırdır. Onlar hər tərəfi dinləyib, izahat və təklif alıb bu kimi məsələlərə münasibət öyrənməyiblər. Bu baxımdan, məhz belə təşkilatların verdiyi bəyanatlara qətiyyən fikir vermək lazım deyil.

– Sizcə, siyasi partiyaların Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən QHT rəhbərlərini himayə etməsinin arxasında dayanan maraqlı məqamlar nədən ibarətdir?

  • Onların məqsədi əsasən Azərbaycanın daxilində çaşqınlıq yaratmaq, ölkəni zəiflətmək, gözü götürməmək, dövlətin inkişafına ziyan vurmaqdır. Bu kimi hərəkətlər də bilavasitə ermənilərin təhriki əsasında baş verir. Onların ayırdığı maliyyə də məhz bu kimi niyyətlərə hesablanıb.

– AXCP məlum cinayətləri ilə əlaqədar həbs olunan QHT rəhbərlərinin hüquqlarının müdafiəsi ilə bağlı aksiyalar keçirməyi planlaşdırır. Sizcə, AXCP kimi bir partiyanın genişmiqyaslı aksiya keçirməyə gücü yetərlidirmi?

  • Elə onlar da ermənilərin tayıdır. Aksiya keçirmək üçün ayrılan maliyyə vəsaitinin böyük əksəriyyəti həmin anda partiya rəhbərliyi tərəfindən silinir, yəni yeyilir. Onlar sadəcə, gəncləri pulla yoldan çıxarıb dövlətin və ya hökumətin əleyhinə hər hansı çağırışlara sövq edərək vətəndaşların şəxsi əmlakına ziyan vurmaqla məşğuldurlar. Gənclər başa düşməlidirlər ki, onları bu üsullarla aldadanların əsas məqsədləri aksiyalardan pul qoparıb, özlərinin həyat tərzini yaxşılaşdırmaqdır. Ona görə də onların nəinki gənclər, heç demokratiya və inkişafla bağlı da heç bir layihələri yoxdur.

Sia.az